Xalq-iqtidar birliyi tam və qəti qələbəyə zəmin yaratdı

30 ilə qədər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin İkinci Qarabağ savaşı mərhələsi Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatdı

30 ilə qədər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin İkinci Qarabağ savaşı mərhələsi Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatdı. Bununla Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən tanınan ərazi bütövlüyü və suverenliyi təmin olundu. Etiraf edilməlidir ki, bu zəfər Azərbaycana heç də asan başa gəlmədi, "xonşada" təqdim edilmədi, qələbəyə Azərbaycanın rəşadətli Ordusu və Ali Baş Komandanın iradəsi və qətiyəti hesabına nail olundu. 30 ildə dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları və həmin təşkilatlarda təmsil olunan güc mərkəzlərinin nail ola bilmədiyi bir qələbəyə imza atdı Azərbaycan Ordusu. Bütün beynəlxalq təzyiqlərə, təhdidlərə sinə gərən Ali Baş Komandan İlham Əliyev xalqına verdiyi vədə əməl edərək torpaqlarımızı hərb yolu ilə işğaldan azad etmək yolunu tutdu. Əslində, beynəlxalq güclər Azərbaycanı buna vadar etdilər. Öz hərəkətləri, yaxud hərəkətsizlikləri ilə işğalçıya yerini göstərmədilər, Azərbaycanı reallıqla barışmağa çağırdılar. Ali Baş Komandan İlham Əliyev isə dəfələrlə beynəlxalq tribunalrdan bəyan etmişdi ki, münaqişənin sülh yolu ilə həllinə nail olunmasa Azərbaycan Ordusu öz sözünü deyəcək. Budur, vaxt gəldi, zaman tamam oldu rəşadətli Ordumuz öz sözünü dedi.

Şanlı Ordumuzun əzmkar qələbəsi deməyə əsas verir ki, ötən illər ərzində Azərbaycan əlini əlinin üstünə qoyub beynəlxalq təşkilatların nağıllarına qulaq asmayıb. Bu müddət ərzində qələbəni təmin edəcək əsasları yaradıb. Məhz həmin əsaslar hesabınadır ki, beş ilə işğal olunan torpaqlarımız cəmi 44 gün ərzində geri alındı. Sözügedən əsasların birincisi ondan ibarətdir ki, bu müddət ərzində ölkəmizin iqtisadi dayanıqlığı təmin edilib. Ölkədə həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət nəticəsində sosial problemlərin həlli ilə paralel ordu quruculuğu da təmin edilib. Azərbaycan iqtisadi inkişafı imkan verdi ki, Ordumuzun maddi-texniki təchizatı təmin edilsin, ən müasir silahlara sahib olsun. Sirr deyil ki, milyardlarla dollara başa gələn müasir hərbi texnikanı əldə etmək yalnız iqtisadi baxımdan inkişaf etmiş ölkələr üçün mümkündür ki, bu məsələ də Azərbaycanda həll edilmişdi.

İkinci ordu quruculuğu məsələsidir ki, nizamsız hərbi birləşmələrdən peşəkar ordu yaradıldı. Nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sıralarında özünə yer aldı. Hətta ölkəmizdə müdafiə sənayesi yaradıldı ki, hazırda Azərbaycanda min adda hərbi texnika istehsal olunur. Nəticədə ən müasir hərbi texnika və sursatla təchiz olunmuş peşəkar ordumuz, əsgər və zabitlərimizin psixoloji hazırlığı, onların ruh yüksəkliyi Ermənistan silahlı qüvvələrini darmadağın etməyə zəmin yaratdı. İndi qətiyyətlə demək olar ki, bu gün xalq orduya inanır, ordu xalqa güvənir. Deməli, yaradılan nümunəvi xidməti şəraitin və hərbi xidmətin düzgün təşkilinin, hərbi qulluqçularımızın yüksək intizama və döyüş qabiliyyətinə malik olmasının, əldə olunan uğurların və ən nəhayət, qazanılan zəfərlərin əsasında xalq-ordu birliyi dayanır.

Etiraf edilməlidir ki, müharibədə qələbəni əldə etmək üçün siyasi və hüquqi bazanın yaradılması vacib şərtdir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində müharibənin ən aktiv fazasında belə Cənubi Qafqazda, xüsusən, Dağlıq Qarabağ münaqişəsində marağı olan dövlətlər belə neytral qaldılar. Beynəlxalq təşkilatlarda aparılan diplomatik fəaliyyət qələbənin əldə edilməsi üçün hüquqi əsas yaratdı. Ötən müddət ərzində Azərbaycanın ciddi təkidi ilə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələr imkan verdi ki, torpaqlarımızı işğaldan azad edə bilək.      

Ən nəhayət, ölkədə yaradılmış iqtidar-xalq birliyi "çəkici bir zindana vurmağa" imkan yaratdı. O baxımdan qeyd edilməlidir ki, əldə olunan qələbə həm də   dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması ordumuzun gücünü daha da artırır, zəfərdən zəfərə aparır. Bununla da xalq-iqtidar birliyi ölkəmizin uğurlu inkişafını müəyyən edir. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, xalqın iradəsi, dövlətin qətiyyəti, davamlı islahatlar Azərbaycana möhtəşəm uğurlar qazandırıb, dünya miqyasında tanıdıb. Məhz əldə edilən bu kimi zəminlər əsasında Azərbayacn müasir hərb tarixində yeniliyə imza atdı.

Alim   

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31