Cəbrayılı və 9 kəndi işğaldan azad edən general - FOTOLAR
5 Oktyabr 2020 20:13 SiyasətXəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev Birlik komandiri- general-mayor Mayis Bərxudarovu və onun rəhbərlik etdiyi şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib. Dövlət başçısı tapşırıq verib ki, Ali Baş Komandanın təbrikini korpusun bütün şəxsi heyətinə çatdırsın.

Mayis Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlıda anadan olub. Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olan Mayis Bərxudarov, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1993-cü ildə Mayis Bərxudarov və bir qrup kursant cəbhədə yaranmış çətin vəziyyəti nəzərə alaraq könüllü ön xəttə getmək qərarını verib. Lakin həmin dövrdə Hərbi Liseyin rəhbəri olan general Valeh Bərşadlı bunun qarşısını alıb və onlara təhsillərini davam etdirməyin zəruriliyini, peşəkar hərbçi kimi yetişməyin dövlətimizə daha vacib olduğunu izah edib. Mayis Bərxudarov və digər kursantlar generalın sözlərinin dəyərini anlayıblar və öz təhsillərini davam etdiriblər.
1998-ci ildə Mayis Bərxudarov "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Bu ordeni ona şəxsən Ulu Öndər Heydər Əliyev təqdim edib. O, bu ordenə düşmən tərəfdə fəaliyyətinə görə layiq görülüb. 2012-ci ildə polkovnik Mayis Bərxudarov "Vətən uğrunda" medalı ilə təltif edilib.

2016-cı ildə korpus komandiri olan Mayis Bərxudarov Aprel döyüşlərində böyük qəhrəmanlıq göstərib. O,əsgərləri ilə birlikdə döyüşlərə qatılıb. Lələtəpə yüksəkliyini və 10 kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştrak edən Bərxudarov, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini məhdud sayda əsgər və zabitləri ilə məhv edərək sıradan çıxarıb.
Mayis Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb.
Mayis Bərxudarova Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə general-mayor rütbəsi verilib.

Azərbaycan ordusunun sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarında Mayis Bərxudarovun rəhbərlik etdiyi korpus düşmənə sarsıdıcı zərbələr endirib. Bundan qorxuya düşən ermənilər generalla bağlı dezinformasiyalar yayıblar.
Ermənilərin yalanlarına cavab olaraq Mayis Bərxudarov deyib "Düşmən hücumunun qarşısının alınması məqsədilə həyata keçirdiyimiz əks-hücum əməliyyatı uğurla davam edir. Gərgin döyüşlər gedir. Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir. Komandirlik etdiyim birliyin şəxsi heyəti düşməni tam məhv etmək üçün son damla qanınadək vuruşacaq və qələbə qazanacaq".