Bu, Makronun taleyinin ermənilərin əlində olduğunu göstərir - ŞƏRH

"Ermənilərin döyüş meydanında məğlub olduğunu görən Makron neçə gündür ki, hərbi əməliyyatların dayandırılması üçün canfəşanlıq edir. Əslində Makronun hərəkətləri onun ermənilərin əsiri olduğunun göstəricisi hesab edirəm. 30 ildə torpaqlarımızın işğal altında qalmasının səbəbi də Makron kimilərin ortada olmasıdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib. Deputat bildirib ki, bu gün rəşadətli ordumuz böyük qələbəyə doğru addımlayır: "Uğurlarımız günü-gündən artmaqdadır. Belə bir vaxtda Makron Cənab Prezidentə münaqişənin danışıqlar yolu ilə həll edilməsi üçün atəşkəsə çağırış edir. Cənab İlham Əliyev Makrona atəşkəsin pozulmasının səbəbkarı ermənilərin olduğunu xatırladaraq baş vermiş gərginliyə görə Ermənistanin siyasi-hərbi rəhbərliyinin məsuliyyət daşıdığını deyərək danışıqlar masasının arxasında oturmağın yeganə yolu işğalçı ölkənin ordusunun ərazilərimizdən çıxmasında olduğunu bildirmişdir". A.Badamov vurğulayıb ki, Azərbaycanın rəşadətli ordusu xalqımızın 30 illik arzusunu reallaşdırır: "Beynəlxalq hüquq bizim tərəfimizdədir. Dünya ölkələri də, Azərbaycanın haqq işini dəstəkləyir və ya neytral mövqe sərgiləyir. Belə bir anda ATƏT-in Minsk Qrupun həmsədr ölkəsinin prezidenti kimi Makron heç olmasa neytral münasibət bildirsəydi bəlkə də, başa düşülən idi. Amma əksinə işğalçıya dəstək verməsi Makronun taleyinin ermənilərin əlində olduğunu göstərir. Bizim sülh danışıqlara getməyimizin yeganə yolu ölkəmizi işğalçılardan təmizləmək və qələbəyə imza atmaqdan keçir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31