Xarici təcavüzə qarşı total hazırlıq nümunəsi.., Paşinyanın "arxasındakı yamaqlar".., həmsədrlərin "naftalin iyli balansı", ...bir də 55 yaşlı dığalara möhtaclıq - Aydın Quliyev yazır…

Ermənistanın 27 sentyabr 2020-ci il tarixli hərbi təcavüzünə qarşı sərt müqavimət və uğurlu əks-hücum təşkil etməkdə Azərbaycan misilsiz və total hazırlıq nümunəsi göstərdi. Azərbaycan canlı bir orqanizm olaraq, sayılı saatlar və dəqiqələr ərzində bütün resurslarını - hərbi, maddi, insani, iqtisadi və mülki resurslarını vahid məqsədə doğru səfərbər edərək yönəldə bildi.

Çox qısa vaxtda bütün dövlət, ictimai və şəxsi resursların Ali Baş Komandanın iradəsi və konstitusion səlahiyyətlərinin yurisdiksiyası altında eyni istiqamətə yönləndirildiyinin şahidi olduq. Ölkədə tək bircə radikal siyasi partiyanı çıxmaq şərtilə dövlət kursu ətrafında görünməmiş siyasi həmrəylik göstərildi, orduya yazılmaq istəyən könüllülərin yeni fəallıq dalğası baş qaldırdı, ölkədə, hətta beş addımlıqda mərmi və raketlərin partladığı cəbhə xəttində bircə nəfər olsa da belə evini, ailəsini qoyub qaçan vətəndaşımız olmadı, bütün ölkə boyu panik vəziyyətin zəif işartısı belə çıxmadı. Vətən, ordu, millət və cəmiyyət möhkəm dayandı və özünü itirmədən zəhmli müqavimətin və sarsıdıcı əks-hücumların əsas təşkilatçı qüvvələrinə çevrildilər.

Bütün dünya gördü ki, ordumuz 2016, 2018 və 2020-ci ilin 12 iyul, 23 avqust uğurlarından qətiyyən arxayınlaşmayıb, həlledici müharibələrin hələ qabaqda olduğunu bircə an unutmayıb, qazandığı zəfərlərin hərbi-taktiki, texniki tərəflərini dərindən təhlil edib, düşmənə hiss etdirmədən zəif görünən tərəflərini islah edərək özünü daha güclü bir hala gətirib.

Heç sözsüz ki, 27 sentyabr təxribatına təşəbbüs edən düşmənin konkret məqsədləri var idi. Bunlara çox geniş toxunmayacağam. Ancaq mütləq qeyd olunmalıdlr ki, 2016-cı ilin ağır məğlubiyyəti düşmən ölkədə cəmi iki ildən sonra hakimiyyət dəyişikliyi yaratdısa, 2018-ci ildəki Günnüt, 2020-ci ildəki Tovuz məğlubiyyətləri faktiki olaraq düşmən ölkəni yenidən hakimiyyət iflası kimi real prosesin bir addımlığına gətirib. Demək, həqiqətən Paşinyan hökumətinə ötən cəmi 2 ildə xalqın gözündən sürətlə düşməyin qabağını almaq üçün mütləq nəsə etmək lazım idi... Ancaq ən gərəkli şeyin axtarışları heç də həmişə uğurlu olmur, Paşinyan üçünsə xüsusilə uğurlu olmadı... Onu da deyək ki, Ceyhun Bayramovun və Sahibə Qafarovanın Moskva səfərlərinin dərhal ardınca Kremldən səslənən "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik" və hələlik rəsmi təsdiqlənməsə də, "Azərbaycanın işğal edilmiş 5 rayonunun qaytarılması Rusiyanın mövqeyidir" kimi ermənilərə ildırım effekti ilə dəyən zərbələrin dərhal ardınca Ermənistanın məlum təxribatlara getməsi də təsadüfi görsənmir. Paşinyan güruhu öz xalqına "Azərbaycana nəinki 3-5 rayonu vermərik, hətta yeni işğalların dalına düşmüşük" kimi mesajları vermək cəhdlərinə baş vurmağa sadəcə məhkum idi... Bu da məhkumluğun uğursuz sonluğu....Azı 7 kəndi, bir neçə strateji yüksəkliyi, ən əsası isə, olan-qalan etibarını itirdi. Ermənistan ordusu bütün hərbi-taktiki istiqamət və texniki göstəricilər üzrə çox zəif olduğunu gizlədə bilmədi. Heç bir saat da çəkmədi ki, Azərbaycan ordusunu səhər tezdən yuxuda ikən guya hazırlıqsız yaxaladığına inanan düşmən komandanlığının "arxasındakı yamaqlar və cırıqlar" görsəndi, düşmənin hücum xətti sındırıldı, ordumuzun müqaviməti ani olaraq təşkil edildi və təşəbbüs ələ alınaraq sürətli əks-hücum fazasına keçirildi, düşmənin müdafiə xətti də əhəmiyyətli dərəcədə yarıldı.

Sərhəd və təmas xətlərində düşmənin atəşləri altında qalan hətta dinc sakinlərimiz belə yerlərini tərk etmədilər, döyüşən ordumuzla bir sırada sonadək qalmaq əzmi göstərdilər. Düşmən ordusunda gördüklərimizin isə döyüşdən öncə "hapı-gopu yerə-göyə sığmayan Paşinyanlar, Torosyanlar üçün əsl rüsvayçılıq nümunələri olduğunu sübut etməyə ehtiyac yoxdur. Döyüş texnikasını meydanda qoyub canının hayına qalan "hay əsgərləri" bir yana, Paşinyanın sadə erməniləri Ermənistana qaçmağa səsləməsinin adını qoymağa çətinlik çəksək də, ara yat-yut olan kimi fərsiz hakimiyyətləri dəyişməkdə ustalaşmış erməni xalqı bunun layiqli adını mütləq tapacaq.

Azacıq çətinə düşən kimi Ermənistan ordusunun dərin komplektasiya problemi içində olduğunu da yəqinləşdirdik. Bizlər bunu onsuz da görürdük, inanmayanlar da gördü. Azərbaycanın Səfərbərlik Xidmətlərinin qabağı yenidən qələbəlik olsa da, ümumi səfərbərliyə getmədi ki, nizami ordumuza nə gəlib?!Ancaq Paşinyan getdi, hətta 55 yaşına qədər olan "sınıq-salxaq haxçık və dığaların" belə ümidinə qaldığını gizlədə bilmədi.

Azərbaycanda mütləq əksər siyasi partiyalar Ali Baş Komandanın yanındayıq deyərək misilsiz həmrəylik göstərdikləri halda, Ermənistanda daxili siyasi qüvvələr cəmiyyətə yad ünsür kimi Paşinyanı "ortadan silmək" naminə birgə fəaliyyətlərini sürdürməkdə davam edirlər.

Bütün dünya Azərbaycan ordusunun gücü nə, Ermənistan ordusunun gücsüzlüyü nə sualına dəqiq cavab aldı. O başqa məsələdir ki, kim etiraf edir, kim özündə etiraf gücü tapa bilmir. Azərbaycan ordusunun gücü öz dədə-babasının torpağının üstündə döyüşməsindədir, erməni ordusunun gücsüzlüyü isə qəsb edilmiş torpağın üstündə sonunu görmədiyi müharibə vəziyyətinə təhrik olunmağındadır.

Çox pis haldır ki, Ermənistanın 27 sentyabr təxribatına müəyyən reaksiyalar verən beynəlxalq təşkilatlar, həmsədr ölkələr yenə də yarımçıq platformada dayandılar. Düzəlmək və dəyişmək istəmirlər, hələ də məsuliyyətləri bərabərləşdirmək kimi nadürüst yolla gedirlər, hətta bu ağır günlərdə də "hər iki tərəfi eskalasiyadan çəkinməyə və danışığa gəlməyə çağırırıq" kimi mənasız və naftalin iyli bəyanatlarla nəsə edə biləcəklərinə inanmaq istəyirlər. Ancaq biz buna inanmırıq, ona inanırıq ki, naftalin iyli tarazlı bəyanatların qoxusundan öz burunları dolmuş həmsədrlərə də nəhayət bir gün həqiqətin və ədalətin əsl ünvanını göstərə biləcəyik...

Hər bir döyüş və müharibənin danışıqlar masasında sülh danışıqları ilə bitdiyi məlum həqiqətdir. 27 sentyabr təxribatları nəticəsində Ermənistan elə zərbə aldı ki, onun danışıqlar masasına qaytarılacağı nəinki labüddür, hətta Ermənistanın əvvəlki kimi radikal, pozucu, tərs və inkarçı olmayacağı da bəlli və labüddür.

Aydın QULİYEV

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31