Yurddaş Partiyasından Orduya dəstək bəyənatı

"Hər birimiz qələbə naminə çalışmalı, qələbə üçün əlimizdən gələni etməliyik"

Yurddaş Partiyası Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi təxribatla bağlı bəyənat yayıb. "Olaylar"a daxil olan bəyənatda qeyd olunur:

" Əziz həmvətənlər !

Bu gün sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlə qüvvələri Azərbaycana qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlamışdır. İtkilərimiz var. Allah şəhidlərimizə rəhmət eləsin!  Düşmənin hücumunun qarşısını almaq üçün, Vətənimizin, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Ordusu bütün cəbhə boyu əks hücuma keçmişdir. Cəbhənin ən gərgin bölgələrində, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl istiqamətində yerləşən ön xəttdəki hərbi hissələrimiz, raket və artileriya bölmələrimiz, hərbi aviasiyamız, zirehli texnikamız və digər qoşun birləşmələrimizin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurulmuşdur. Qısa zaman ərzində, düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri, 12 OSA hava hücumundan müdafiə qurğusu məhv edilmişdir. Azərbaycan prezidenti Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində bildirdiyi kimi, bizim işimiz haqq işidir. Tarixi ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Yurddaş Partiyası, Ali Baş Komandanın, şanlı Ordumuzun yanındadır. Partiyamızın minlərlərə üzvü silaha sarılaraq, əsgərlərimizin sıralarıa qoşulmağa hazırdır. Əmr gözləyirlər. Partiyamız bütün xalqımızı, vətəndaşlarımızı, siyasi partiyaları, vətəndaş cəmiyyəti institutlarını milli birliyə çağırır. Möhkəm birliyi olan xalqa, dövlətə heç kim qalib gələ bilməz. Səbrsizliklə gözlədiyimiz Vətən müharibəsi başlamışdır. Hər birimiz qələbə naminə çalışmalı, qələbə üçün əlimizdən gələni etməliyik. Biz meydanda tək deyilik. Qardaş Türkiyə, Böyük Türk dünyası, Pakistan, Ukrayna bizim yanımızdadır. Zəfər yaxındadır. Allah əsgərimizi, Azərbaycanımızı qorusun!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31