Toquf Yaqublu NEXTA-ya təşəkkür etdi......amma onu həbsə qaytarma, DÖVLƏT BABA! Jalə Mütəllimova-Seyidli YAZIR
27 Sentyabr 2020 01:58 SiyasətArtıq dəqiqdir, Milli Şura və Müsavat yetkilisi Tofiq Yaqublu, siyasi məqsədlər üçün bəlli dairələrin hədəfindədir. Belarus müxalifətinə xoş arzuları, "qalib" S.Tixanovskayaya təbriki, NEXTA-Teleqram kanalına minnətdarlığı başqa cür düşünməyə yol vermir.
Diqqət edin, o, dəfələrlə siyasi mövqeyindən dolayı həbs edilib və sonradan azadlığa buraxılıb. Ancaq məlum qəza olayı bu həbslərin heç birinə bənzəmir. T.Yaqublunu bir neçə illik həbsə salmağa maraqlı olanlar var. Onların həm daxildə, həm xaricdə olması istisna deyil.
Adama elə gəlir ki, kimsə bu olaydan dövlətə ciddi başağrısı düzəltmək istəyir. Məsələ süni şəkildə şişirdilir. Daxildən, bilərəkdən və ya bilməyərəkdən bu olaya kimlərsə dəstək olur. Nəticə isə ondan ibarətdir ki, Qərb və Avropanın "haqq-ədalət sevərləri" Azərbaycanın üstünə tökülür. Dayanmadan, azərbaycanlı mühacir TV-lərin bir qrupu, daha çox Qərb yönümlülər, T.Yaqublunu müdafiə edir. Radikallar Bakıda etiraz aksiyaları keçirməyə cəhd göstərir.
Bu mərhələdən sonra, məsələ Azərbaycan dövləti qarşısında fərlqi formatda qaldırıldı. Prosesə ictimai xadimlər, sıravi vətəndaşlar, müstəqil və dövlətə yaxınlığı ilə seçilən media adamları belə qatıldı.
Birgə müraciətlərin nəticəsində, T.Yaqublu quru aclığı dayandırdı, ev dustaqlığına buraxıldı. Bu da çox aydın idi ki, onun ictimai müdafiəsinin təbii şəkildə baş tutması, haralarınsa planını pozdu.
Xatırlayaq, T.Yaqublu olayı Alman mediasına çıxarılıb. Konsler A.Merkelin ofisi önündə onunla bağlı aksiya keçirilib. Proses NEXTA-Teleqram kanalında tirajlanıb. T.Yaqublu haqqında beynəlxalq "hüquq-müdafiəçiləri" durmadan bəyanatlar yayıb. Ölkədəki radikallar etirazlara başlayıb. Buna Belarusu Bakıya sürümək cəhdi də demək olar.
Niyə? Ev dustaqlığına buraxılan Tofiq bəy, Belarus hadisələrinə münasibət bildirib. Yuxarıda qeyd edildiyi kimi, o, S. Tixanovskayaya "qələbə" təbriki, Belarus müxalifətinə uğurlar arzulayıb, NEXTA Teleqram kanalına təşəkkür edib. Əslində bu çıxış həm də o demək ki, biriləri T.Yaqublunu təkrar məhbəsə qayratmaq istəyir. Qeyd olunan videoçıxış məhz buna hesablanıb. Düşünüblər ki, belə bir çıxışdan, Azərbaycanda müyyən dairələr qıcıqlana bilər. Bu onunla nəticələnər ki, T.Yaqublu ev dustaqlığından, məhbəsə qaytarılar. Məhbəs həyatına qayıtmaq, təkrar aclığa başlamaq deməkdir. İkihəftəlik aclıqdan sonra, onu ciddi səhhət problemilə, şəxsi həkiminin nəzarəti altında, Bakıdakı özəl klinikalardan birinə göndərə bildilər. Amma ikinci dəfə, T. Yaqublunun bu şans olmaya bilər. Bu isə Tofiq bəyə həyatı bahasına başa gələr. Bunu dörd əllə arzulayanlar və gözləyənlər təbii ki, vardır. Yəni T.Yaqublu üzərində başladılan bu siyasi və məkirli oyun, hansısa məqsəddən dolayı, Azərbaycanda kənar maraqlara xidmət edən növbəti prosesin başlanğıcı ola bilər. Bu variant istisna deyil. Elə ona görə də bəzi təkliflər vermək olar. Məsələn, T.Yaqublunun son həbsi və qə za olayı ilə yaxından, uzaqdan bağlılığı olan hər kəs diqqətdən keçirilsin. Hətta olaya bağlılığı ola biləcək siyasi dairələr varmı, yoxmu? Bu məsələ də araşdırılsın.
Ən vacibi, bu araşdırmalar bitənəcən, T.Yaqublu təkrar həbsə qaytarılmasın. Çünki birinin israrla həbsə qayıtması, aclıq aksiyasına başlaması planını qururlarsa, demək ki, işin alt məqsədləri də var. O məqsədin və ya məqsədlərin həyata keçməsinə yol vermə, DÖVLƏT BABA!.
Jalə Mütəllimova