Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətimiz işini məhz adına layiq gördü
24 Sentyabr 2020 20:14 SiyasətSon günlərin müzakirə mövzularından olan səfərbərlik barədə fikirlərimi bölüşmək istərdim.
Birincisi, biz elanolunmamış müharibəyə məruz qalmış ölkəyik, ərazilərimizin 20% qədəri işğal altındadır, kövrək atəşkəs düşmən tərəfindən tez-tez pozulur, hərbçilərimiz, mülki şəxslər xəsarət alır, həlak olur və biz cavab tədbirləri görməyə məcbur qalırıq; bundan sonra da hər an cavab tədbirləri, qisas əməliyyatları həyata keçirə bilərik; əvvəl-axır torpaqlarımızı azad edəcəyik və belə olan halda (hər nə qədər təkrarçılıq olsa da) "Hər şey cəbhə üçün! Hər şey qələbə üçün!" deməliyik (deyirik). Ordunun canlı qüvvə, şəxsi heyət, kadr təchizatı ilə bağlı əlavə komplektləşdirmələrə ehtiyac yaranarsa, əlbəttə, bunu daxili imkanlarımız hesabına edəcəyik. Ermənistandan fərqli olaraq, ordan-burdan muzdlular, terrorçular gətirməyə ehtiyacımız yoxdur. - Bu, nə bizim siyasi-hərbi davranış üslubumuz, metodumuz (ənənəmiz) deyil, nə də, Ermənistan kimi, əsgər qıtlığımız yoxdur. Rəsmi səfərbərlik, toplanış elanı olmadan belə, onminlərlə vətəndaşımızın daha bu yaxın aylarda könüllü surətdə hərbi xidmətə yaxud təkrar hərbi xidmətə yazıldığı da bir faktdır. Əlbəttə, səfərbərliyin, hərbi toplanışların qanun əsasları var, bu işlər həvəskarlıqla deyil, peşəkarlıqla və hüquqa istinadən yürüdülür. Bildiyimiz kimi, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılır; bugünlərdə də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir. Bu işi qanunauyğun şəkildə, vətəndaşları məlumatlandıraraq, cəmiyyəti maariflədirərək həyata keçirmək isə işə məsuliyyət və peşəkarcasına yanaşmadan irəli gəlir. Mən məsuliyyət və peşəkarlıqla yanaşı sevgini, vətənpərvərlik hisslərini də vurğulamaq istərdim. Hesab edirəm, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətimiz işini məhz adına layiq gördü: xidmət göstərdi, çağırış etdi, dövləti məsuliyyəti şəkilləndirdi. Düşmənin yalan-yanlış məlumat yaymasına, informasiya təxribatlarına "əsas" vermədən görüldüyünə inandığım iş, birdən-birə, necə deyərlər, spontan qərarların deyil, məqsədyönlü, uzunmüddətli fəaliyətin bəhrəsi, nətiicəsi kimi qəbul edilə bilər. Dövlət Xidmətimiz öz işini çaşqınlıq yaratmadan, gərəksiz ajiotaja yer vermədən, habelə izah etməkdən, açıqlama verməkdən usanmayaraq gördü.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN! BAYRAĞIMIZ UCA OSLUN!
Əkbər QOŞALI