Ermənistanın regional və bəşəri təhdid olduğunun sübutu

Qənirə Paşayeva: “Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirməkdədir”

Qənirə Paşayeva: "Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirməkdədir"

Yüksək Səviyyəli İclasdakı yüksək səviyyəli çıxış Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışında da həmişə olduğu kimi bəşəri və milli mövqeni universal şəkildə uzlaşdıraraq, örnək bir çıxış etdi. Bəşəri və milli mövqenin uzlaşdırılması dedikdə, məmnuniyyətlə vurğulaya bilərik ki, dövlətimizin, xalqımızın maraqları həmişə humanizm, birgəyaşayış, beynəlxalq hüquq normaların hörmət ruhunda olub. Azərbaycan paytaxtı Bakı, ən azı son iki onillik ərzində sivilizasiyalar və mədəniyyətlərarası dialoq, tolerantlıq ünvanına çevrilib - bu mənada dünya paytaxtı halına gəlib, deyə bilərik. Millət vəkili Qənirə Paşayeva qeyd edib ki,  bu mənəvi status, tarixi köklərə əsaslanır. Bakının, ümumən Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoq, tolerantlıq mövzusunda örnək sayılmalı böyük ənənələri var. Bəlli olduğu kimi, hələ ən qədim dövrlərdən Şərq və Qərb sivilizasiya tipləri daha çox diqqət çəkib və daha çox yayğınlaşıb. Biz Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkə olaraq, özünəxas mədəni irsə malikik: "Biz zaman-zaman yeni sivilizasiya dalğaları ilə "görüş"sək də, heç vaxt bir öncəki elmi başarıların, dini, mədəni-mənəvi dəyərlərin dağılmasına yol verməmişik - əksinə, onları qoruyub saxlamış, inkişaf etdirmiş və yeni intibah üçün gücümüzün yetdiyi qədər zəmin yaratmışıq. İşə baxın ki, bizim torpaq-larımıza göz dikən, Qarabağda "ikinci erməni dövləti "yaratmağa çalışanlar məhz bizim qonaqpərvərliyimiz, tolerantlığımız, xeyirxahlığımız sayəsində tarixin sərt döngələrində it-bat olmaqdan qurtulub, bizim hesabımıza "dövlət" olub, bizim hesabımıza ayaqda dura biliblər".

Millət vəkili qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti nəinki yalnız Azərbaycana ziyan vurur-bu xeyirhaxlığın cəzasız qalmadığı kimi mənfi bir presedent yaradır-daha hansısa xalq, ölkə bizim ermənilərə etdiyimiz tarixi yaxşılıqları etməkdən, qonaqpərvərlik göstərməkdən çəkinməkdə haqlı olacaq:  "Biz xalq, dövlət, mədəniyyət və ölkə miqyasında heç vaxt, müəyyən sosial genotipə malik olan, sosial stereotip kimi çıxış edən, dünyada sabit yer tutan insanların sosial-tarixi və mədəni ümumiliyinə (onların hüquqlarına, mədəniyyətinə) qarşı çıxmamışıq. Tam tərsinə, özümüz zaman-zaman belə münasibətsizliklərdən itkilərə məruz qalmışıq. Nəinki uzaq keçmişlərdə, XX yüzilin sonları, XXI yüzilin əvvəllərində, elə günümüzdə də anti-bəşəri, qeyri-humanist davranışlarla üz-üzə qalmaqdayıq... Məhz həmin BMT-nin üzvü olan Ermənistanın BMT üzvü olan Azərbaycan torpaqlarını işğaldan azad etməsini tələb edən 4 BMT Qətnaməsi bugünədək icra edilməyib... Və bu ilin iyulundan başlayan, BMT Baş katibinin xüsusi narahatlıq ifadə etdiyi sərhəd toqquşması (Ermənistanın növbəti hücum cəhdi) özlüyündə "həll edilməmiş münaqişə"lərin, "elanolunmamış müharibə"lərin, faşizmin, nasizmin, təcavüzkarlığın daşıyıcısı olan Ermənistanın regional və bəşəri təhdid olduğunu açıq-aydın göstərməkdədir".

Onun sözlərinə görə, beynəlxalq hüquqa sayğısızlıq edən Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirməkdədir: "Ermənistan Azərbaycana məxsus tarixi, dini abidələrə qarşı vandalizm törədib. Ermənistan qoşunların təmas xətti və ErmənistanAzərbaycan dövlət sərhəddi boyunca mülki əhalini qəsdən hədəf alır, hərbi təxribatlar törədir, qanlı avantüralara imza atır. Cari ilin iyulunda Tovuz rayonunun artilleriya atəşinə məruz qalması sonucunda Azərbaycan hərbçiləri və mülki şəxsimiz həlak edildi, mülki məqsədlər üçün çəkilmiş infrastruktura ciddi zərər vuruldu.Yəni, Ermənistanın təcavüzkarlığı aralıqsız - zaman, məkan bilmədən davam və (təəssüf ki) inkişaf edir. Əlbəttə, Azərbaycanın özünümüdafiə hüququ var; əlbəttə, Azərbaycanın iqtisadi və hərbi gücü var; ancaq təəssüflər ki, dünya birliyi bir çox halalrda işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanı eyni tutur... Bütün şərtlərə, şərtsizliklərə baxmayaraq, Azərbaycan birmənalı şəkildə bildirir ki, respublikanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz! Bu bizim qırmızı xəttimizdir! Və nəhayət! Ermənistan müharibəyə hazırlaşır. Ermənistanın demokrat libaslı, ancaq işğalçı zehniyyətli Baş naziri, Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış "könüllü dəstələri"nin yaradıldığını elan edib. Bu, sülhə, beynəlxalq hüquq normalarına münasibətdə özünün əliqanlı diktator sələflərindən fərqlənməyən Ermənistan rəhbərliyinin, yeni təcavüzkar niyyətini açıq şəkildə büruzə verir. İşğalçı ölkənin müdafiə naziri Tonoyan Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə" açıqlamaları ilə hədələyir; erməni rəsmiləri tez-tez Mingəçevir su anbarını, bir az da irəli gedərək, hətta Bakını, neft yataqlarını vurmaqdan danışır. İşğalçı ölkə beynəlxalq neft, qaz və dəmir yolu xətlərini hədəf aldıqlarını bu ilin iyulunda Tovuza hücumla bir daha nümayiş etdirmiş oldu. Ermənistan Beynəlxalq Sülh Günündə belə silahı yerə qoymadı və yenə Tovuz istiqamətində kövrək atəşkəsi pozdu və bir hərbçimiz şəhid oldu, bir həbrçimiz yaralandı. Belə bir "qonşu"ya 30 ilə yaxın dözən Azərbaycan daha nə etməldir? Dünya özü cavab versin və bundan sonra baş verəcəklərə görə bizi qınamasın!"

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31