Azərbaycan xalqında yüksək vətənpərvərlik hissi mövcuddur

Xalqımız və Ordumuz istənilən anda torpaqlarımızı işğaldan azad etməyə qadirdir

Xalqımız və Ordumuz istənilən anda torpaqlarımızı işğaldan azad etməyə qadirdir

Azərbaycan iqtisadi baxımdan gücləndikcə onun Silahlı Qüvvələri, Ordusu da güclənir, qüvvətlənir. İldən-ilə dövlət büdcəsindən hərbi sahəyə ayrılan vəsaitlərin artırılması, ordumuzun maddi-texniki bazası, silah arsenalının gücləndirilməsi Azərbaycan Silahlı Qüvvələrini regionun ən güclü ordularından birinə çevirir. Artıq Azərbaycan Ordusu təkcə regionun deyil, eləcə də dünyanın ən qabaqcıl orduları sıralarında qərarlaşır. Bu baxımdan ordumuzun dünyanın 50 ən güclü ordusu sırasında yer alması təbii ki, hər bir Azərbaycan vətəndaşı üçün qürurlu, sevinclidir.

Məhz Silahlı Qüvvələrə  göstərilən diqqət və qayğı, Ali Baş Komandanın hər zaman öz əsgərlərinin yanında olmasının göstəricisidir ki, cəmiyyətdə, xalq arasında vətənpərvərlik ruhu hər ötən gün bir qədər də artır, uşaqdan böyüyə qədər hər kəs əlindən gəldiyi qədər Silahlı Qüvvələrə dəstək olmağa, bununla işğal altında olan ərazilərimizi yağı düşməndən azad etmək əzminə yardımçı olmağa səy göstərir. İstər Aprel döyüşləri, istər Tovuz hadisələri, istərsə də digər bu kimi situasiyalarda cəmiyyət olaraq bunun əyani şahidi olmuşuq ki, hər bir Azərbaycan vətəndaşı ən yüksək səviyyədə vətənpərvərliki nümunəsi göstərərək torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşə qatılmağa cəhd göstərir. Son günlər paytaxt və respublikamızın müxtəlif bölgələrində ehtiyatda olan hərbiçilərimizin təlim toplanışına çağrılmasına vətəndaşlarımızın olan münasibəti fonunda bunu aydın görmək mümkündür. Baxmayaraq ki, təlim toplanışı hələlik ehtiyatda olan hərbiçilər üçün nəzərdə tutulur, ancaq müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, yaşından asılı olamayaraq hər bir şəxs bu müqəddəs prosesdə yaxından iştirak etməyə cəhd göstərir. Elə Milli Məclisin deputatı Eldəniz Səlimov da bu qənaətdədir. O, bildirib ki, son günlərdə respublikamızın müxtəlif rayonlarında ehtiyyatda olan hərbi vəzifəlilər  bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün hərbi təlim toplanışına çağırılırlar. Deputatın sözlərinə görə, bu bir qədər xalqımızda narahatlıq yaratsa da, təşvişə heç bir əsas yoxdur: "Döyüş qabiliyyətlərinin inkişaf etdirilməsi, hərbi bilik və bacarıqlarının təkmilləşdirilməsi yönündə olan bu hazırlıq müharibə şəraitində olan Azərbaycan üçün vacib bir şərtdir. Çünki, son günlərdə baş verən erməni təxribatları açıq-aydın onu göstərir ki, onlar işğalçı niyyətdən əl çəkməyəcək və sülh yoluna getməyəcəklər. Təxribat ümumilikdə Ermənistan tərəfinin xarakterinə çevrilib və düşünürəm ki, nəinki son zamanlarda, hətta bütün dövrlərdə biz sistematik olaraq bu halları görürük. Bu qəbildən olan ən əsas məsələ Ermənistanın faktiki olaraq danışıqlara getməməsidir".

Bu arada paytaxt və bölgələrdə həyata keçirilən təlim toplanışları əsassız olaraq belə bir fikir formalaşdırıb ki, Azərbaycanda səfərbərlik elan edilib. Reallıq isə tamam başqadır və bu proses adi təlim toplanışlarından biridir. Qeyd etmək yerinə düşər ki, hələ sovetlərin zamanında, ittifqın tərkibində olduğumu dövrlərdə də bu kimi hərbi toplanışlar olurdu.

Bəs görəsən səfərbərlik hansı hallarda ola bilər?

Hüquqşünas Əli İbrahimov deyir ki, hərbi xidmətdə olan hər kəsin anket məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində var. Onun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndinə əsasən, ümumi və qismən səfərbərliyin elan edilməsi, habelə səfərbərlik üzrə çağırılanları tərxis edilməsi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətindədir. Prezident müharibə elan etsə, fövqəladə və hərbi vəziyyət elan etsə, Milli Məclisə razılıq üçün təqdimat verir: "Səfərbərlik - Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna keçirilməsinə dair tədbirlər kompleksidir.  Hərbi qulluqçu statusuna malik şəxslər. müvafiq qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər".

Hüquqşünas deyib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir. Hərbi qulluqçular - həqiqi hərbi xidmətdə olan şəxslərdir. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. Hərbi vəzifəlilər - ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşlarıdır: "Səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədilə çağırış vərəqəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına gəlirlər. Müvafiq icra hakimiyyəti orqanlarından aldıqları səfərbərlik sərəncamlarında, çağırış vərəqələrində və vəzifəli şəxslərin əmrlərində qeyd olunmuş tələbləri yerinə yetirirlər.  Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olaraq həyata keçirilir. Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar səfərbərlik elan edildikdə səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar.

Hüquqşünas hazırda yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının hərbi xidmətə maraq göstərməsi, torpaqlarımızı işğaldan azad etmək üçün ayağa qalxması ölkədə vətənpərvərlik hisslərinin yüksək olmasından irəli gəlir. Onun sözlərinə görə, tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir: "Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Əsl vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir. Məhz buna görə də vətənpərvərliyin meyarı söz ilə əməlin üst-üstə düşməsidir. Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Ulu öndərin milli şüur - vətənpərvərlik şüuru elmi yanaşması xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz nümunəyə çevrilib, vətəndaşlarımıza Vətən sevgisi aşılayıb. Dahi şəxsiyyətin fikrincə, Vətən yalnız coğrafi ərazi deyil, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, əyilməz vüqarı, qürur mənbəyi, bütün varlığı, taleyi, gücü, qüdrəti, əbədi səcdəgahıdır. Bugünkü müasir, müstəqil, çiçəklənən Azərbaycan bütün varlığını, ömrünü, zəkasını öz xalqına, millətinə həsr etmiş ulu öndərimiz Heydər Əliyevin bizə ən müqəddəs, ən ülvi əmanəti, yadigarıdır".

Əli İbrahimov qeyd edib ki, özünü ölkəsinin əsl vətəndaşı hesab edən hər bir ləyaqətli, iradəli, əqidəli, vətənpərvər gənc millətin adı və varlığı ilə fəxr edir, onda milli xarakter və milli mənəviyyat formalaşır: "Çünki milli mənlikdə milli ideal, milli ləyaqət, milli şərəf, milli birlik hissi, azadlıq, müstəqillik arzuları, milli qürur hissi təcəssüm olunur. Milli mənlik hər bir şəxsin özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs Vətənlə bağlı heç bir hadisəyə laqeyd qala bilməz. Ona görə ki Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün çalışmağa sövq edir. Vətənpərvərlik insanın öz Vətəninə sevgi və sədaqətindən, doğma Vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir. Doğma yurda sədaqət həm də mövcud çətinliklərdən qorxmayıb vətəndaşlıq mətanəti göstərmək deməkdir.

Xalqımızın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan çoxəsrlik tarixi keçmişdən yadigar qalmış tarix və mədəniyyət abidələrinə doğma münasibət, hər şeydən öncə, Vətənə məhəbbətin təcəssümüdür. Məhz buna görə də Vətənimizin keçmişinin şahidi olan tarixi abidələrə hörmət bəsləmək, xalqımızın tarixində milli qürur hissi yaradan, mərdlik simvoluna çevrilən tarixi qalaların əhəmiyyətini dərk etmək, qəhrəmanların döyüş yolunu öyrənmək, onların Vətən haqqında ibrətamiz kəlamlarını qavrayıb dərk etmək insanda vətənpərvərlik hissinin dərin iz buraxmasında müstəsna rol oynayır. Təsadüfi deyil ki, xalqımızın yaratdığı şifahi xalq ədəbiyyatı nümunələrində və ədəbi mühitdə də vətənpərvərlik mövzusuna həssaslıqla yanaşılıb. Xalqımızın qədim dastanlarından olan, 13 əsrlik bir tarixə malik "Kitabi-Dədə Qorqud" dastanında yadellilərin Vətənə hücumu və xalqın öz yurdunu düşmənlərdən qoruması təsvir edilir. Bu dastanın bütün boyları vətənpərvərlik hissinin tərənnümündən ibarətdir. "Koroğlu", "Şah İsmayıl", "Qaçaq Nəbi" kimi xalq dastanlarında da vətənpərvərlik duyğuları əsas yer tutur".

Hüquqşünas onu da vurğulayıb ki, vətənpərvərlik yazıçı və şairlərimizin də yaradıcılığının aparıcı qüvvəsinə çevrilib: "M.F.Axundovun, H.Zərdabinin, S.Ə.Şirvaninin Vətən sevgisi mücərrəd olmayıb, əməli işlə bağlı olan konkret vətənpərvərlikdir. M.F.Axundov yeni əlifbanın qəbul edilməsi uğrunda on illərlə mübarizə apararkən, H.Zərdabi ehtiyac içərisində yaşadığı halda, Azərbaycan dilində qəzet nəşr edərkən və ya S.Ə.Şirvani, həmçinin M.T.Sidqi pulsuz məktəb açarkən yalnız Vətənini, xalqın mənafeyini düşünüblər. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhundan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşür. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaratdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Onlar dövlətin həm bu günü, həm də gələcəyidir. Müstəqilliyin üçüncü onilliyini yaşayan Azərbaycana məhz milli şüura malik vətənpərvər gənclər lazımdır".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31