Beynəlxalq ictimaiyyət BMT çərçivəsində növbəti dəfə Ermənistanı qlobal təhlükə qismində görmüş oldu
Bu günlərdə işğalçı Ermənistan bütün istiqamətlərdə diplomatik uğursuzluqla qarşı-qarşıya qalmaqdadır.
24 Sentyabr 2020 13:07 SiyasətBu günlərdə işğalçı Ermənistan bütün istiqamətlərdə diplomatik uğursuzluqla qarşı-qarşıya qalmaqdadır. Bir tərəfdən yerli televiziya kanallarına verdiyi müsahibədə Ermənistanın iç üzünü bir daha açıq dünyaya xatırladan, işğalçının təcavüzkar siyasəti davam edəcəyi təqdirdə cəzalandırılacağını açıq şəkildə bəyan edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, digər tərəfdən həmin müsahibədən qısa müddət sonra Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində çıxışı zamanı dünyanı Ermənistanın aqressiyasına göz yummamağa çağırması İrəvan üçün ard-arda şok effekti yaradıb. Təsadüfi deyil ki, Azərbaycan dövlət başçısının Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyasında çıxışı əksər dünya liderləri tərəfindən də təqdir edilib, alqışlanıb. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sessiyada BMT-nin ən böyük siyasi təsisatı olan Qoşulmama Hərəkatının sədri kimi çıxış etməsi xüsusi önəmli idi. Bu həm də onu deməyə əsas verirdi ki, rəsmi Bakının mövqeyi, siyasəti Birləşmiş Millətlər Təşkilatının ikinci ən böyük siyasi təsisatı sayılan Qoşulmama Hərəkatı tərəfindən də dəstəklənir.
Azərbaycan dövlət başçısının BMT-də çıxışına diqqət çəkən Milli Məclisin deputatı Könül Nurullayeva deyib ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri qismində çıxış etdi. Deputatın sözlərinə görə, bu, dövlət başçımızın BMT-də sayca 6-cı çıxışı idi: "Bu çıxışda da Azərbaycan Prezidenti bir daha dünyanın diqqətini Ermənistanın təcavüzkar ritorikasına, törətdiyi təxribatlara yönəldərək BMT-ni və beynəlxalq ictimaiyyəti işğalçı ölkənin növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət etdi. Bu çağırışa qədər də beynəlxalq ictimaiyyət Ermənistanın işğalçı mahiyyətini gördü. Belə ki, BMT Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır sentyabrın 14-də xüsusi sessiyanın da prezidenti seçilib və mövcud təcrübəyə əsasən, adətən sessiyaların sədrinin seçilməsinə dair prosedur xarakterli qərarlar ümumi razılıq əsasında verilir. Ermənistan bu dəfə də BMT müstəvisində öz destruktiv mahiyyətini gizlədə bilmədi. İşğalçı ölkə bütün mümkün vasitələrlə xüsusi sessiyaya, Azərbaycan və Türkiyəyə zərbə vurmaq məqsədilə Volkan Bozkırın sədr seçilməsini səsverməyə çıxardı. Məsələ burasındadır ki, bundan əvvəl Ermənistan Volkan Bozkırın BMT Baş Assambleyasının prezidenti seçilməsi məsələsini də səsverməyə çıxarmış və məğlub olmuşdur. İşğalçı ölkənin bu dəfəki pozucu cəhdi də iflasa uğradı. Dünya dövlətlərinin pandemiya ilə mübarizə apardığı bir vaxtda Ermənistanın bu pozucu fəaliyyəti işğalçının əsl mahiyyətini ortaya qoyur. Aydın olur ki, Ermənistan bütün məsələlərə, hətta pandemiya kimi qlobal problemə belə öz dar düşüncə və "məntiqi" prizmasından baxır. BMT səviyyəsində müzakirəyə çıxarılan məsələlərə qarşı çıxmaqla Ermənistan tamhüquqlu üzv kimi yox, tipik forpost davranışı sərgiləyir". Deputat qeyd edib ki, Ermənistan eyni davranış və qeyri-sağlam yanaşmanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində də nümayiş etdirir: "Bütün vasitələrlə regionda sabitliyin bərpasına mane olan Ermənistan bu dəfə də pandemiya ilə mübarizədə effektiv nəticə və ya pozitiv dinamika əldə etməyə mane olur. Ermənistan bu məsələdə də öz çirkin siyasətindən əl çəkməyərək Azərbaycana qarşı çıxmaq və xüsusi sessiyanın çəkisini azaltmaq üçün qaydalara dair qətnamə layihəsindən "dövlət və hökumət başçıları səviyyəsində" ifadəsini çıxarmağa cəhd göstərir. Bütün dünya öz imkanlarını pandemiya ilə mübarizə istiqamətində səfərbər etdiyi halda, Ermənistan Azərbaycanın artıq BMT tərəfindən qəbul edilmiş təşəbbüsünə qarşı çıxmaqla bəsit mahiyyətini gizlədə bilmir. Ən vacib məqam budur ki, bu hadisə beynəlxalq ictimaiyyət, BMT-yə üzv dövlətlərin gözü qarşısında baş verir. Beləliklə, beynəlxalq ictimaiyyət növbəti dəfə Ermənistanı qlobal təhlükə qismində görmüş oldu. Azərbaycan Prezidentinin çağırışı isə dünya ictimaiyyətini qlobal təhlükəyə qarşı birgə mübarizə aparmaq üçün imkanları səfər etməyin vacibliyini bir daha gündəmə gətirdi".
Milli Məclisin deputatı Eldəniz Səlimov da deyir ki, Azərbaycan dövlət başçısı BMT Baş Assambleyasının 75-ci sessiyasında kifayət qədər əhatəli, məntiqli çıxış edərək beynəlxalq aləmə, dünya birliyinə Ermənistanın təcavüzkar, işğalçılıq siyasətini çatdırmış oldu. Deputatın sözlərinə görə, bununla bir daha dünya, beynəlxalq aləm Ermənistanın işğalçılıq siyasətinin, eyni zamanda region, yerləşdiyimiz coğrafiya üçün təhlükə, təhdid təşkil etdiyini gördü: "Bütün faktiki gedişatlar və proseslər onu deməyə əsas verir ki, biz hazırda müharibəyə çox yaxınıq. Belə bir dövrdə ölkə başçısı cənab İlham Əliyev mövcud problem, sual və narahatlıqlar haqqında xalqa və müttəfiqlərinə açıq mesajlar verir. Bu, çox önəmlidir. Verilən mesajlar, həm də bizə qarşı olan, düşmən mövqeyi tutan qüvvələrə də tutarlı bir həmlədir. Cənab Prezident müəyyən hallarda bu həmlələri hətta açıq şəkildə edir və ortaya kəskin mövqe qoyur. Ölkə başçısı son proseslərlə bağlı Serbiya və Rusiya prezidentləri ilə telefon söhbəti apararaq öz narahatlığını ifadə edib. Gürcüstan isə öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Gürcüstanın bu addımı təqdirəlayiqdir və iki ölkə arasındakı strateji müttəfiqliyi bir daha təsdiqləyir. Xüsusilə nəzərə alsaq ki, Ermənistan və Gürcüstanda yaşayan, bir çox hallarda gürcü soyadları altında gizlənən etnik ermənilər hər vəchlə Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vurmağa çalışır və Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir, bu dəstəyin əhəmiyyəti çox böyükdür. Unutmamalıyıq ki, Ermənistan BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verib və ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə olub. Bütün bu faktorları nəzərə alaraq Azərbaycan və Gürcüstanın əməkdaşlığı və bir-birlərinə dəstəyi onların hər ikisi üçün xüsusi əhəmiyyətə malikdir. Digər tərəfdən, Azərbaycanın islam ölkələri arasında nüfuzunu nəzərə alaraq müsəlman ölkələrindən əhəmiyyətli dərəcədə dəstəyin verilməsinə şübhə etmirəm. Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub və cənab Prezidentin xarici siyasət əsas prioritetlərdən biri də müsəlman ölkələri ilə əlaqələrdir. Azərbaycan islamafobiyaya qarşı daim mübarizə aparıb, ölkəmizdə islam həmrəyliyi ilə bağlı çoxsaylı tədbirlər keçirilib, İSESKO-da, İƏT-də xüsusilə aktivlik göstərib. Bütün bunların nəticəsidir ki, Azərbaycanı BMT-də ən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün və ədalətli mövqe sərgiləyir".
xxx
Deputat qeyd edib ki, bununla yanaşı, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib: "Dini tarixi abidələr dağıdılıb, müsəlman müqəddəsləri təhqir edilib. Hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirməlidir. Ermənistanın ikiüzlü siyasəti burada da özünü bariz şəkildə göstərir. Ermənistanda islamofobiya dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər. Ermənistan İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır, ancaq əməldə müsəlman məscidlərini dağıdır, orada inək, donuz saxlayır, təhqir edir, müsəlmanların heysiyyətinə toxunur. Belə bir dövlətlə hansısa müsəlman ölkəsinin necə əməkdaşlıq marağı ola bilər? Ermənistanın müsəlmanlara, xüsusilə də türklərə qarşı əsassız tarixi nifrəti bu gün də silinməyib və onların bu sağalmaz xəstəlikdən qurtulması mümkünsüz görünür. Bu aspektdən Azərbaycan və Türkiyə münasibətləri xüsusi əhəmiyyətə malikdir. Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir. Son illər ərzində Türkiyə-Azərbaycan birgə hərbi təlimlərin sayı ciddi şəkildə artmışdır. Bu təlimlər həm Azərbaycan, həm də Türkiyəyə lazımdır ki, regional sabitlik təmin olunsun, çünki ilk növbədə Ermənistan regional sabitlik üçün real təhdiddir. Bu təhdidin qarşısını almaq üçün Azərbaycan və Türkiyə birgə səylərini davam etdirməkdədir. Tovuz hadisələri ərəfəsində Naxçıvanda keçirilən təlimlərin birində Türkiyənin Müdafiə nazirinin iştirak etməsi də onlara zəruri mesajlar ötürürdü. Ermənistanda bunu çox gözəl başa düşürlər və bu səbəbdən psixoloji stress keçirmələri təbiidir. Azərbaycan bütün qüvvəsi ilə öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində fəaliyyətini davam etdirir. Qısa zamanda biz öz torpaqlarımıza qayıdacağıq. Dağıdılmış bütün tarixi abidələr, evləri bərpa ediləcək, küçələrə Azərbaycan adları veriləcək, adları dəyişdirilmiş kəndlərin əsl adları özlərinə qaytarılacaq. O gün uzaqda deyil. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır".
Süleyman
Olaylar.az