BMT tribunasından dünyaya və Ermənistana ünvanlanan mesaj- RƏY

 Azərbaycan Prezidenti düşmənə qarşı informasiya savaşını uğurla davam etdirir

 Azərbaycan Prezidenti düşmənə qarşı informasiya savaşını uğurla davam etdirir

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin BMT-nin onlayn formatda keçirilən toplantısında çıxışı və həm dünya birliyi, həm də Ermənistana ünvanladığı mesajlar təkcə yerli deyil, eləcə də beynəlxalq KİV-lərin manşet mövzularına çevrilib. Qarabağ cəbhəsində gərginliyin artdığı bir zamanda dövlət başçımızın məlum çıxışından yuxarıda qeyd edilən tərəflərin ciddi nəticə çıxarmasının vacibliyi xüsusi vurğulanır.

Sözügedən toplantı barədə fikirlərini bölüşən Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Prezident İlham Əliyev BMT-dəki çıxışı ilə ölkəmizin və xalqımızın milli maraqlarını qətiyyətlə qorudu. Onun sözlərinə görə, Cənab Prezident İlham Əliyevin BMT-dəki çıxışı Azərbaycanın dünya miqyasında nüfuzunun, ölkəmizə olan hörmətin, inam və etimadın təzahürüdür: "Eyni zamanda, dövlətimizin başçısı BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında bir daha ölkəmizin və xalqımızın mənafeyini, milli maraqlarını qətiyyətlə qorudu. Prezident İlham Əliyevin BMT-dəki çıxışı regional və qlobal miqyasda xüsusi diqqət çəkən bir sıra məqamlarla yadda qaldı. Birincisi, cənab Prezident İlham Əliyev rasional çıxışı, praqmatik tezisləri ilə Ermənistan rəhbərliyini ifşa etdi, düşmən ölkənin baş nazirinin sözlərinin sərsəmləmələrdən, böhtandan və şərdən ibarət olduğunu isbatladı. İkincisi, dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Üçüncüsü, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün ölkəmizin həm siyasi-iqtisadi, həm də hərbi qüdrətinin olduqca böyük olduğunu isbatladı. Dördüncüsü, Prezident İlham Əliyev Ali Baş Komandan kimi həm Ermənistana, həm də onun havadarlarına mesaj verdi ki, Azərbaycan bundan sonra da qətiyyətli mövqeyindən geri çəkilməyəcək, beynəlxalq hüququn verdiyi bütün imkanlardan istifadə edərək dövlətimizi, xalqımızı qoruyacaq, ərazi bütövlüyümüzü təmin edəcək. Beşincisi, Prezident İlham Əliyev müasir, demokratik, inkişaf edən, tərəqqisi ilə dünya ölkələrinə nümunə olan Azərbaycanın yeni formada təqdimatını reallaşdırdı, ölkəmizin yeni uğurlarını, nailiyyətlərini, COVİD-19 ilə mübarizəsini, tolerantlıq və multikulturalizm sahəsindəki fəaliyyətini dünya ictimaiyyətinin diqqətinə təqdim etdi".

Deputat bildirib ki, Prezident İlham Əliyevin BMT-dəki çıxışı fonunda orada təmsil olunan bütün dövlətlərin nümayəndələri bir daha müasir Azərbaycan dövlətinin gücü, qüdrəti və nailiyyətləri ilə tanış oldular: "Prezident İlham Əliyevin ölkəsinin və xalqının milli maraqlarını müdafiə edən qətiyyətli dövlət başçısı olduğunu, onun Azərbaycanda alternativsiz lider olaraq qəbul edildiyini isbatladı".

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov isə deyib ki,  Azərbaycan Prezidentinin BMT tribunasından dünyaya verdiyi mesajlar Ermənistanın işğalçı-faşist mahiyyyətini bir daha ifşa etmək üçün əla fürsət oldu. Partiya sədrinin sözlərinə görə, dövlət başçımız BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş videoformatda təşkil edilən Yüksək Səviyyəli İclasındakı çıxışında qeyd etdi ki, beynəlxalq qurumlar təcavüzkar Ermənistana qarşı daha ciddi addımlar atmalıdırlar, Ermənistana qarşı daha ciddi şərtlər qoyulmalıdır, sanksiyalar tətbiq edilməlidir: "Prezident bunu nəyə görə vurğuladı? Çünki münaqişənin həlli istiqamətində beynəlxalq təşkilatlar tərəfindən, xüsusən də ATƏT-in Minsk qrupu tərəfindən heç bir konkret addımlar atılmır, Ermənistan tərəfi işğalçılıq siyasətinə son qoymağa məcbur edilmir. Bunu BMT də edə bilər, ATƏT də edə bilər. Lakin etmirlər, yaxud da etmək istəmirlər. Çünki ortada "ikili standartlar" siyasətinin mövcud olduğunu görürük. Dağlıq Qarabağ münaqişəsi isə bədnam "ikili standartlar" siyasətinin ən çox tətbiq edildiyi konfliktlərin siyahısında bəlkə də lap başda gəlir. Bu acı həqiqəti cənab Prezident də qatıldığı bütün nüfuzlu platformaların tribunalarından dəfələrlə qeyd edib".

Əlisahib Hüseynovun sözlərinə görə, məhz ikili yanaşmanın nəticəsidir ki, bugünləri ATƏT-in Minsk Qrupunun heç bir praktik fəaliyyətini görmürük. Minsk qrupu sanki özü özünü "offsayd" vəziyyətinə salıb: "Həmsədrlər çox fəal şəkildə problemin real həlli ilə məşğul olmaq əvəzinə, nədənsə, passiv seyrçi mövqeyində qalmağa üstünlük verirlər. Hərçənd ki, Dağlıq Qarabağı və işğal olunmuş digər 7 rayonu ATƏT rəsmən Azərbaycan əraziləri kimi tanıyıb və onun borcudur ki, həmsədrlər institutunun vasitəsilə münaqişənin birbaşa həlli ilə məşğul olsun, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına real dəstək versin. Lakin biz bunu görmürük. Ortada məyusluq doğuran çox ciddi bir nəticəsizlik var. Cənab Prezident də məhz bu nəticəsizliyi bir daha hər kəsin diqqətinə çatdırdı, eləcə də Ermənistanın yeni işğalçı müharibəyə hazırlaşdığını BMT qarşısında bəyan etdi. Azərbaycan Prezidenti ölkəmizin sülhsevərliyini vurğulayaraq açıq mətnlə bildirdi ki, biz məsələnin sülh yolu ilə həll edilməsini istəyirik və çalışacağıq ki, münaqişə sülh yolu ilə həll olunsun. Lakin Ermənistan tərəfi buna hazırdırmı? Deyil. Bu ölkənin təxribatçı siyasəti bütün gücüylə davam edir və bugünləri ilk növbədə məhz bu siyasətin qarşısı alınmalıdır, bizim torpaqlar qaytarılmalıdır. Əks halda, Ermənistanın faşist siyasəti nəinki bölgə üçün, həta bütövlükdə dünyanın özü üçün çox ciddi fəsadlara gətirib çıxara bilər. Azərbaycan Prezidenti BMT kürsüsünün verdiyi imkanlardan maksimum rasionallıqla istifadə edərək faşizmin Ermənistanda çiçəklənməsini, bu ölkənin nasizmə sadiqliyini bütün dünyanın diqqətinə çatdırmağa çalışdı. İlham Əliyev nasizmin şöhrətləndirilməsinin Ermənistanın dövlət siyasəti olduğunu diqqətə çatdırdı və bildirdi ki, "Ermənistanın rəsmi ideologiyasında "Azərbaycanofobiya" siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistanın bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrinası və milli təhlükəsizlik strategiyası qəbul edilib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və "Azərbaycanofob" fikirlər əks olunub". Dövlət başçımızın səsləndirdiyi bu fikirlər son zamanlarda işğalçı ölkəyə vurulmuş növbəti sarsıdıcı zərbə oldu. Mən inanmıram ki, Paşinyan bu cür dəmir məntiqə söykənən ittihamların qarşısına hansısa bir tutarlı əks-arqument çıxara bilər. Beləliklə, əminliklə söyləmək olar ki, Azərbaycan Prezidenti düşmənə qarşı informasiya savaşını uğurla davam etdirir".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31