Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir - MVP-dən prezidentə dəstək bəyanatı

Azərbaycanın günü-gündən artan gücü onun dünya ölkələri sırasında nüfuzunun daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Artıq ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi uğurların siyahısı genişlənməkdə davam edir. Xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əldə etdiyi uğurları tədqirəlayiq hesab etmək olar. 

Milli Vəhdət Partiyası hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda çıxışında səsləndirdiyi fikirlər bunu bir daha təsdiq etmiş olur. MVP-nin "Olaylar"a daxil olan açıqlamasında qeyd olunur ki, Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilib. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürüb. Ölkəmiz sədrliyi müddətində bir sıra qlobal  beynəlxalq məsələlərin həlli istiqamətində təşəbbüslə çıxış edib ki, həmin təşəbbüslər Qoşulmama Hərəkatına üzv dövlətləri tərəfindən birmənalı şəkildə dəstəklənib. Prezident İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq hüquqa sadiq olduğunu bir daha təsdiq etdi: "Dövlət başçısı çıxışında qeyd etdi ki, bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. "Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir". Bununla kifayətlənməyən Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Hətta işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib. Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Dövlət başçısının qeyd etdiyi kimi Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə" bəyanatları ilə hədələyir. Milli Vəhdət Partiyası Prezident İlham Əliyevin fikirlərini dəstəkləyərək bəyan edir edir ki,  Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. Əks halda,  məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Nəzərə almaq lazımdır ki, beynəlxalq qanunvericiliyə görə, Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək hüququnu özündə saxlayır. Ermənistan isə, bütün beynəlxalq hüquq normalarını ayaq altına ataraq işğalçı siyasətindən əl çəkmir. Mövcud vəziyyət Azərbaycana müstəqil dövlət olaraq öz hüquqlarından istifadə etmək zərurəti yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31