Partiya sədri: “Hökumətin qərarı yerli biznesin maraqlarını qorumaq üçün atılan addımdır”

"Sentyabrın 20 -də Nazirlər Kabinetinin ölkəyə rüsumsuz mal gətirilməsinə qoyulan limitin dəyişdirilməsi ilə bağlı qərarı qüvvəyə minmişdir. Həmin gündən etibarən hər bir vətəndaş şəxsi məqsədləri üçün, 1 ay ərzində müəyyən edilmiş 300$-lıq limiti keçməmək şərti ilə bir neçə dəfə mal sifariş edə bilər". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, düşünmək olardı ki, son həftələrin ən çox müzakirə edilən bu mövzusu da artıq qapadılacaq. Lakin bəzi saytlarda, mətbuatda, sosial şəbəkələrdə bu məsələ ətrafında yeni bir ajiotajın yarandığını görürük. Hiss olunur ki, mövzunu körükləyənlər, əsasən, xaricdən mal gətirərək böyük pullar qazanan və dövlətə vergi ödəməyən şirkətlər, ayrı -ayrı adamlardır: "Qəribə burasındadır ki, çoxları bu məsələdə Dövlət Gömrük Komitəsini ittiham edirlər. Bu qətiyyən başa düşülən deyil. Sözügedən dövlət qurumu icraçıdır. Qərarı isə hökumət verir. Bir də unutmayaq ki, Gömrük - dövlətimizin iqtisadi qapısıdır. Ölkəmizin mənafelərini qoruyur. Yeri gəlmişkən, son illərdə bu vacib dövlət orqanında aparılan islahatlar və kadr dəyişiklikləri öz müsbət nəticələrini göstərir. Gömrük qapılarında idxal, ixrac əməliyyatlarının icrasında yaradılan şərait, düzgünlük, qanunçuluğa ciddi əməl olunması, istər xarici, istər yerli iş adamları və vətəndaşlarımız tərəfindən razılıqla qarşılanır. Komitənin ən böyük uğurlarından biri də odur ki, təkcə keçən il dövlət büdcəsinə bir milyard manatdan çox əlavə vəsait yönəltmişdir. Ağır pandemiya şəraitinə baxmayaraq, gömrükçülərimiz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Nazirlər Kabinetinin sözügedən qərarı ilə bağlı bir daha bildirmək istəyirəm ki, bu, bizim dövlətimizin və yerli biznesin maraqlarını qorumaq üçün atılan vacib addımdır. Gəlin, diqqət yetirək, bizim sahibkar ölkəyə gətirdiyi mallar müqabilində rüsum, vergi ödəyir, xeyli işçi saxlayır. Ancaq xarici riteylerlər (mal satanlar ) oturduqları yerdə internet üzərindən ölkəmizə göndərilən mallardan böyük qazanc götürürlər. Bu əməliyyatlardan dövlətimizə heç bir rüsum və vergi ödənilmir. Əlbəttə ki, bu ədalətsizlikdir. İstisna deyil ki, bizə mal göndərən şirkətlərin bəzilərinin sahibləri ermənilərdir. Odur ki, dövlət maraqlarını üstün tutan ölkələr bu məsələlərlə bağlı uyğun qərarlar qəbul edirlər. Məsələn, qonşularımız Rusiyada, Gürcüstanda bu ölkələrə rüsumsuz gətirilən malların dəyəri 300$-dan azdır. Düşünürəm ki, bu həm də sağlam rəqabətin təmin olunması baxımından əhəmiyyətlidir. Yerli və xarici sahibkarlara eyni şəraitin yaradılması sözsüz ki, belə rəqabət mühitinin formalaşmasına təkan verir. Şübhə yoxdur ki bu isə öz növbəsində malların qiymətlərinin aşağı düşməsini  şərtləndirəcək. Bir sözlə,daxili bazarımızı qorumaqla biz ölkəmizin inkişafına xidmət etmiş oluruq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31