Ermənistana verilən son şans və son xəbərdarlıq

Qarabağ cəbhəsində işğalçı Ermənistanın təxribat xarakterli əməlləri hər ötən gün yeni bir mərhələyə qədəm qoyur.

Qarabağ cəbhəsində işğalçı Ermənistanın təxribat xarakterli əməlləri hər ötən gün yeni bir mərhələyə qədəm qoyur. Bir tərəfdən işğal altında olan ərazilərimizə əlavə hərbi texnika, silah-sursat cəmləməklə açıq-aşkar müharibə hazırlıqları həyata keçirən Ermənistan, digər tərəfdən zəbt etdiyi ərazilərimizdə qeyri-qanuni məskunlaşdırmanı sürətləndirməklə Azərbaycanı sözün həqiqi mənasında təxribata çəkir, Qarabağ cəbhəsində yeni bir qarşıdurmanın baş verməsi üçün zərurət yaradır. Düşmən ölkənin bu qeyri-konstruktiv addımları onu deməyə əsas verir ki, Ermənistan bütün danışıqlar prosesindən imtina edib və İrəvan artıq Qarabağ probleminin sülh, diplomatik yolla həllində qətiyyən maraqlı deyil.

Düşmən ölkənin müharibə ritorikası, sülh danışıqlarından yayınması Azərbaycanı da cavabsız qoymayıb. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həftə sonu ölkənin bir neçə televiziya kanalına verdiyi müsahibədən anlaşılan o oldu ki, rəsmi Bakı İrəvanın hərbi ritorikasına onun öz dilində cavab vermək əzmindədir və artıq Azərbaycan mənasız, nəticəsiz, imitasiya xarakteri daşıyan danışıqlara getməyəcək.. Bu mənada dövlət başçısı haqlı olaraq bildirib: "Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Bilirsiniz, mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz. Mən çıxışlarımda və media nümayəndələri ilə görüşlərimdə aktual məsələlərə aydınlıq gətirirəm və hesab edirəm ki, bu, çox vacibdir. Çünki vətəndaşlar bilməlidirlər və düzgün təhlil aparmaq üçün onlar düzgün məlumat əldə etməlidirlər. Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır".

Dövlət başçısının yerli televiziya kanallarına verdiyi müsahibə və həmin müsahibə zamanı prezidentin əsas diqqəti Qarabağ probleminə yönəltməsinə toxunan Milli Vəhdət Partiyası bəyan edir ki, Cənab Prezident sözügedən müsahibə ilə cəmiyyət arasında Qarabağ danışıqları ətrafında mövcud olan məlumatsızlığa son qoydu, eləcə də Qarabağ cəbhəsində gedən proseslər barədə vətəndaşları ətraflı şəkildə bilgiləndirdi. Partiya hesab edir ki, artıq cəmiyyət Qarabağ cəbhəsində baş verənlər barədə tam məlumatlıdır və ərazilərimizin danışıqlar yolu ilə geri qaytarılmayacağının fərqindədir. Buna görə də Azərbaycan xalqı hamılıqla Ali Baş Komandanın əmrini gözləyir.

Milli Vəhdət Partiyasının açıqlamasında daha sonra qeyd edilir: "Cənab Prezidentin də qeyd etdiyi kimi özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Prezidentin müsahibısindən də aydın olduğu kimi danışıqlardan yayınan məhz Ermənistan tərəfidir. Azərbaycana qarşı silsilə xarakteri daşıyan təxribatçı addımlar, işğal altında olan Azərbaycan ərazilərinə  hərbi texnikanın cəmləşdirilməsi, diversiya cəhdləri bunun deməyə əsas verir ki, Ermənistan müharibəyə hazırlaşır. Ancaq hesab edirik ki, bu taktika, Azərbaycana qarşı müharibə istəyi Ermənistan üçün acı sonluqla nəticələnə bilər. İstər Aprel döyüşləri, istər Naxçıvan istiqamətində əldə edilən Güngüt zəfəri, istərsə də Tovuzda həyata keçirilən erməni təxribatına qarşı vurulan güclü zərbədən Ermənistan rəhbərliyi nəticə çıxarsa yaxşıdır. Çünki Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisə edilməyəcək dərəcədə zəif və gücsüzdür".

MVP bildirir ki, İrəvan hər hansı yalnış addım atarsa, o halda Azərbaycan Ordusunun hərbi əməliyyatları təkcə işğal altında olan əraziləri geri qaytarmaqla yekunlaşmayacaq. Həmçinin Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisində belə düşmənə layiqli cavab verəcək: "Hesab edirik ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "Bizim hələ ki, Ermənistan ərazisində hər hansı bir məqsədimiz yoxdur. Ancaq əgər bu təxribatlar davam etsə, əlbəttə ki, biz öz siyasətimizə yenidən baxacağıq" bəyanatı Ermənistan üçün ciddi mesaj olmalı və dövlət başçımızın bu fikirlərindən tezliklə nəticə çıxarmalıdırlar. Əks halda sonuc Ermənustan üçün çox acınacaqlı olacaq. Bunu Ermənistana verilən son şans və son xəbərdarlıq saymaq olar".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31