Polad Bülbüloğlu Həştərxan vilayətinin qubernatoru ilə görüşüb
19 Sentyabr 2020 15:30 SiyasətSentyabrın 18-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini onun təklifi əsasında qəbul edib.
Azərbaycanın Rusiyadakı Səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qubernator keçən il dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayaraq ölkə başçımızın Azərbaycanla Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafına daim dəstək verdiyini bildirib və bütün sahələrdə əlaqələrin genişləndirildiyini, o cümlədən hava və dəmir yolu nəqliyyatı, eləcə də gəmiqayırma sahələrində işlərin aparıldığını vurğulayıb.
Səfir Polad Bülbüloğlu Azərbaycanın Həştərxan vilayəti ilə münasibətlərin daim müsbət olduğunu, tarixi köklərə və qarşılıqlı etimada əsaslandığını bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu əməkdaşlığın daha da dərinləşdirilməsinə xüsusi önəm verdiklərini qeyd edib, onların Həştərxan vilayəti qarşısında xidmətlərinə görə bu vilayətin rəhbərliyi tərəfindən ordenlərlə təltif edildiklərini xatırladıb.