Arzu Nağıyev: "Paşinyan hakimiyyəti payızdan çıxmaya bilər"
20 Sentyabr 2020 09:13 SiyasətErmənistanda hakimiyyət böhranı getdikcə dərinləşdikcə, baş nazir Nikol Paşinyan əsas rəqibi, "Çiçəklənən Ermənistan" partiyasına qarşı təzyiqlərini də gücləndirir. Hakimiyyətə əsas iddialı qüvvənin, Ermənistan parlamentində ikinci böyük deputat fraksiyasına malik olan "Çiçəklənən Ermənistan"ın lideri Qagik Tsarukyan 2018-ci ildə N.Paşinyanın tərəfdarlarından olsa da, bu gün onlar arasında düşmənçilik münasibətləri hökm sürməkdədir.
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev "Yeni Müsavat"a dedi ki, Paşinyan müxalifət deputatlarını tərksilah etmək istəyir: "Son vaxtlar Ermənistan parlamentində istefalar artıb. Bu həm iqtidar, həm də müxalif partiyalara aiddir. İqtidar partiyası olan "Mənim addımım" dan gedənlər əsasən bir sıra arqumentlər gətirirlər. Bəziləri bunu icra strukturlarında işlə təmin olunmaqlari ilə izah etsə də, digərləri səbəbin hökumətin apardığı iqtisadi və siyasi islahatların effektsizliyindən narazı olduqlarında gördüklərini deyirlər. Eyni zamanda tənəzüllə uğrayan islahatların gələcəkdə cavabdehliyində ittiham olunmaqdan qorxduqları üçün edildiyini də qabardırlar. Buna paralel olaraq iqtidar partiyası da "Çiçəklənən Ermənistan" partiyasının lideri Qagik Tsarukyan və digərlərinə də istefa təklifi ediblər. Bu həm say çoxluğunun əldə edilməsi, eyni zamanda, Tsarukyanın mandatının əlindən alınması üçün edilir. Həm də bununla "Mənim addımım" və "Çiçəklənən Ermənistan" partiyası və eyni zamanda hökumətlə narazılığa son qoyulması üçün edilir".
A.Nağıyev bildirdi ki, "Çiçəklənən Ermənistan" partiyasının 7 deputatının istefası tələb olunur, bu da ciddi rəqabət mühiti formalaşdıra bilər: "Təbii ki, Tsarukyan buna getməyəcək və artıq bəyanat da verib. Lakin cəmiyyətdə belə bir fikir formalaşdırılar ki, guya parlamentdə əsasən siyasi fiqurlar olmalıdırlar və biznes mühitinin nümayəndələri buradan uzaqlaşmalıdırlar. Artıq Ermənistanda qarşıdurma özünün pik nöqtəsindədir".
Beləliklə, N.Paşinyan indi təkcə "Qarabağ klanı"na qarşı döyüşmür. İndi onu bivec hakimiyyətini əlində böyük məbləğdə pullar olan əsas müxalifəti partiyasının rəhbəri Q.Tsarukyan, həmçinin Ermənistanın birinci prezidenti Levon ter-Petrosyanın rəhbərlik Erməni Milli Konqresi açıq şəkildə təhdid edir. Bu gedişlə Paşinyan hakimiyyəti payızdan çıxmaya bilər.
Ekspertlər bildirir ki, Paşinyan belə bir çıxılmaz duruma düşdüyü üçün növbəti dəfə Azərbaycana qarşı təxribatlara əl atıb, daxildəki rəqiblərinin diqqətini yayındırmağa çalışa bilər.