MVP rəsmisi: “Dövlət humanist addımı ilə siyasi oyunbazların planını pozdu”
“Müsavat Partiyasının təmsilçisi Tofiq Yaqublu barədə məhkəmə qərarının dəyişdirilməsi və onun səhhətindəki ciddi problemlər nəzərə alınmaqla ev dustaqlığına buraxılması ölkədəki bir qrup siyasi oyunbazların planını pozdu.
19 Sentyabr 2020 12:41 Siyasət"Müsavat Partiyasının təmsilçisi Tofiq Yaqublu barədə məhkəmə qərarının dəyişdirilməsi və onun səhhətindəki ciddi problemlər nəzərə alınmaqla ev dustaqlığına buraxılması ölkədəki bir qrup siyasi oyunbazların planını pozdu. Daha dəqiq desək dövlət həmin siyasi oyunbazların planının həyata keçirilməsinə öz humanist addımı ilə mane oldu". Bu fikirləri "OLAYLAR"-a Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli səsləndirib. Partiya rəsmisi bildirib ki, Tofiq Yaqublu barədə verilən qərar Azərbaycan dövlətinin humanizm prinsiplərinə sadiqliyinin daha bir sübutudur: "Kimin nə deməsindən, məsələyə hansı siyasi don geydirməsindən asılı olmayaraq bu belədir. Məhkəmə qərarından əvvəl Tofiq Taqublunun səhhətinin ağırlaşması nəzərə alınaraq onun "City Hospital"a köçürülməsi, tanınmış həkim Adiq Qeybullaya onun səhhəti ilə yaxından maraqlanması, müalicə etməsi üçün şəraitin yaradılması, eləcə də digər bu kimi faktlar məhz dövlətin humanizm prinsiplərindən irəli gələn addımları idi. Bu müddət ərzində Ombudsmanın da Tofiq Yaqubluya baş çəkməsi, onun saxlanma şəraiti, səhhəti ilə yaxından maraqlanması onu deməyə əsas verir ki, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti üçün insan həyatı, ölkə vətəndaşının sağlamlığı başlıca prioritetdir. Kimliyindən, hansı siyasi əqidənin daşıyıcısı olmasından asılı olmayaraq dövlət törətdiyi hər hansı cinayət əməlinə görə həbsxanada cəza çəkən hər bir vətəndaşının sağlamnlığını düşünür, bu istiqamətdə zəruri addımlar atır. Elə hazırda bütün dünyanı bürüyən koronavirus pandemiyası günlərində nisbətən yaşlı və cəzasının müəyyən hissəsini çəkmiş bir qrup məhbusun həbsdən azad edilməsi də məhz dövlətin, dövlət başçısının humanizm prinsiplərinə sadiqliyinin və insan həyatına nə dərəcədə önəm verdiyinin göstəricisi idi". MVP rəsmisi deyib ki, Tofiq Yaqublu barədə məhkəmə qərarının dəyişdirilməsi və onun ev dustaqlığına buraxılması indiki məqamda radikal siyasi düşərgə üçün soyuq düş effekti yaradıb: "Çünki onların Tofiq Yaqublu üzərində qurduqları plan, siyasi məhbus oyunu yenidən ifşa olunur. Dünənə qədər Tofiq Yaqubluya azadlıq tələb edən radikallar bu gün çox məyus görünürlər. Çünki dövlət, onun atdığı humanist addım həmin qüvvələrin oyununu pozdu".