Azərbaycan dövlətinin humanizm prinsiplərinə sadiqlik göstəricisi- Və bəzilərinin bunu siyasiləşdirmək riyakarlığı

İnsan hüquq və azadlıqları, humanizm prinsipləri Azərbaycan dövləti üçün hər zanan prioritet istiqamətlərdən birini təşkil edib. Yaxın tariximizdə qeyd etdiyimiz istiqamətlərdə qarşılaşdığımız müxtəlif səpkili hadisələr fonunda bunu aydın görmək mümkündür. Hərçənd bəzi siyasi dairələr, xüsusilə də Azərbaycan müxalifətinin radikal qanadı bir qayda olaraq dövlətin ortaya qoyduğu humanizm prinsipini geri çəkilmək, hakimiyyətin radikal siyasi düşərgədən qorxması kimi absurd şəkildə dəyərləndirə də, ancaq reallıq tamamilə fərqlidir. Kimin nə deməsindən, hansı iddianı ortaya qoymasından asılı olmayaraq reallıq ondan ibarətdir ki, Azərbaycan dövləti, hakimiyyəti üçün humanizm prinsipi hər zaman öndə olub. İndiyə qədər dövlət başçısı tərəfindən imzalanan əfv sərəncamları, Amnistiya aktları dediklərimizi tam təsdiq edir. Bu gün Azərbaycan dövləti; hakimiyyəti bir daha humanizm prinsipini ortaya qoydu, nümayiş etdirdi. Söhbət Tofiq Yaqublu barədə çıxarılmış məhkəmə qərarının dəyişdirilməsi və onun ev dustaqlığına buraxılmasından gedir. Məlumat üçün qeyd edək ki, Tofiq Yaqublu törətdiyi cinayət əməlinə görə, məhkəmə qərarı ilə 4,3 il azadlıqdan məhrum edilib. Ona verilən cəzaya etiraz əlaməti olaraq Tofiq Yaqublunun aclıq aksiyasına başlaması müxalifət nümayəndəsinin səhhətində ciddi problemlərə yol açıb. Vəziyyətinin getdikcə pisləşməsi və ağırlaşması dövlətin və onun müvafiq qurumlarının diqqətindən yayınmayıb və qısa müddət ərzində başda Ombudsman və onun əməkdaşları olmaqla bir çox şəxslər, Tofiq Yaqublunun vəkili həbsxanada onu ziyarət edərək vəziyyəti, saxlanma şəraiti ilə tanış olublar. Qeyd etmək lazımdır ki, Tofiq Yaqublu həbsxanada saxlanma şəraitindən heç bir narazılıq bildirməyib və yalnız qərara etiraz olaraq aclıq aksiyası keçirdiyini ifadə edib. Ötən müddət ərzində aclıq aksiyası səbəbindən səhhətində ciddi problemlərin yaranması dövləti, onun müvafiq qurumlarını zəruri tədbirlər görmək məcburiyyətində qoyub. Belə ki, cəmiyyətin müxtəlif təbəqələri, ziyalılar, elm və sənət adamlarının müraciəti əsasında Tofiq Yaqublu "City Hospital"a yerləşdirilib və onun səhhəti nəzarətə götürülüb. Dövlət başçısı və dövlətin müvafiq qurumlarına ünvanlanan müraciətdə Tofiq Yaqublu barədə qərara yenidən baxılaraq o, ev dustaqlığına buraxılıb. Göründüyü kimi, qəbul edilən qərar ilk növbədə humanizm prinsiplərindən irəli gəlir və bu birmənalı olaraq dövlətin bu prinsiplərə sadiq qaldığını ortaya qoyur. Təsadüfi deyil ki, cəmiyyətin mütləq əksəriyyəti də bu qənaətdədir.

Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyir ki, Tofiq Yaqublu barədə qəbul edilən qərarı başqa istiqamətə yozmaq siyasi riyakarlıqdır. Onun sözlərinə görə, bəzi radikal siyasi qüvvələr yenə də insan həyatı üzərindən öz çirkin oyunlarını oynayırlar: "Belə situasiyalarda yararlanmaq, dövlətin, dövlət başçısının ortaya qoyduğu siyasi iradə, atdığı humanist addımı öz adlarına çıxmaq radikal düşərgənin köhnə adətidir. Indi də həmişəki kimi iddia edirlər ki, hakimiyyət onlardan qorxduğu üçün Tofiq Yaqublu barədə qərar dəyişdirildi. Sual etmək lazımdır ki, hakimiyyət sizin nəyinizdən qorxa bilər? Keçirdikləri aksiyalara jurnalistlər daxil 200-300 adam toplaya bilməyən, öz aralarında belə ortaq mövqeyə gəlməyən, xalq tərəfindən dəstək görməyən siyasi qüvvədən hakimiyyətin qorxmasın iddia etmək nə dərəcədə məntiqlidir? Yalnız xəstə təfəkkürə malik olan insanlar belə iddia ilə çıxış edə biıərlər". AVP rəsmisi deyib ki, radikal siyasi düşərgənin bu yanaşması hakimiyyətin, dövlətin humanist addımlarına kölgə salmaqdır: "Məgər bu Azərbaycanda baş verən ilk hadisədir. Yadınızdadırsa Qənimət Zahidin valideyni vəfat edən zaman hakimiyyət humanizm prinsipindən çıxış edərək ona yas mərasimində iştirak etmək üçün icazə verdi və həbsxanadan müvəqqəti buraxıldı. Məgər o zaman da hakimiyyət, dövlət nədənsə qorxurdu? Yaxud Arif Əliyev barədə məhkəmə qərarını qeyd edək. Eləcə də onlarla belə fakt sadalaya bilərik. Ona görə də indiki halda Tofiq Yaqublu barədə qərara siyasi don geyindirmək mənasız və absurddur". Arzuman Abdulkərimov bildirib ki, Azərbaycan dövləti, hakimiyyətinə hansısa kənar daxili və ya xarici qüvvələrin təsir göstərməsi qeyri - mümkündür: "Çünki Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti üçün cəmiyyətin, insanların mövqeyi əsasdır və bu siyasət bundan sonra da belə davam edəcək. Buna heç kimin şübhəsi olmasın".

Süleyman Ismayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31