Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil- MÜSAHİBƏ-ÖZƏL

Ceyhun Məmmədov: "Hansısa təxribat baş verəcəyi təqdirdə bunun qarşısı dövlətimiz və ordumuz tərəfindən qətiyyətlə alınacaq"

Qarabağ cəbhəsində müşahidə edilən proseslər, xüsusilə işğalçı ölkənin zəbt etdiyi Azəərbaycan ərazilərinə əlavə hərbi texnika cəmləşdirməsi yaxın vaxtlarda yeni bir hərbi qarşıdurmanın baş verəcəyi ehtimalını artırır. Bu azmış kimi düşmən ölkə işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətini də davam etdirir. Təəssüflər olsun ki, İrəvanın hər iki cəhdi, xüsusilə Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşdırma siyasəti beynəlxalq bilrik, xüsusilə də ATƏT-in Minsk qrupu tərəfindən səssiz şəkildə izlənilir. Bəs görəsən, bu proseslər hansı məcrada davaç edəcək və Ermənistanın hərbi ritorikası yeni bir hərbi əməliyyatların başlamasına yol aça bilərmi? Bu və ya digər suallarla Milli Məclisin deputatı Ceyhun Məmmədova müraciət etdik.

-Ceyhun müəllim, son aylarda Qarabağ cəbhəsində hərəkətlilik nümayiş edilir, işğalçı Ermənistanın cəbhə bölgəsində hərbi texnika, silah-sursatı bir qədər də artırdığı aydın görünür. Bu tendensiya Qarabağ cəbhəsində yeni gərginliyin baş verəcəyi və aktiv hərbi əməliyyatların başlayacağından xəbər verirmi?

-Hazırda cəbhə bölgəsində baş verən proseslər diqqətlə izlənilir və təhlil edilir. Ayrı-ayrı ölkələrlə və beynəlxalq qurumlarla mütəmadi danışıqlar aparılır. Artıq danışıqlar prosesi dalana dirənib, ermənilər bu prosesi məqsədli şəkildə pozurlar. Ermənilər davamlı olaraq cəbhə bölgəsində gərginlik yaradırlar. Hansısa təxribat baş verəcəyi təqdirdə bunun qarşısı dövlətimiz və ordumuz tərəfindən qətiyyətlə alınacaq. 

-Görünən odur ki, Ermənistanın hərbi ritorikanı artırmasına beynəlxalq aləm, ATƏT-in Minsk Qrupu da səssizlik nümayiş etdirir. Belə nəticəyə gəlmək olarmı ki, regionda savaşın yenidən alovlanmasında elə beynəlxalq aləm, Minsk Qrupu özü maraqlıdır?

-Reallıq ondan ibarətdir ki, Ermənistan tərəfinin bütün təxribatlarına baxmayaraq bu qurum hadisələrə adekvat reaksiya verə bilmir. Ermənistana təzyiq etmir. Ermənistanın bu təxribatlara davam etməsinin əsas səbəblərindən də biri bu yanaşmadır.

-Hərbi əməliyyatlar başlayacağı təqdirdə qardaş Türkiyənin Azərbaycana hərbi dəstək verməsi və nə dərəcədə mümkün görünür və son həftələrdə Azərbaycanın müxtəlif ərazilərində keçirilən hərbi təlimlər də onu deməyə əsas verirmi ki, Türkiyə Qarabağda savaş başlayacağı təqdirdə Azərbaycanla bir yerdə olacaq?

-Türkiyə hər zaman tarixin müxtəlif mərhələlərində Azərbaycanın yanında olub. Bu gün də ölkələrimiz arasında strateji müttəfiqlik və əməkdaşlıq mövcuddur. Bu gün Türkiyə tərəfi də münqişənin həllinə çalışır və hər zaman Azərbaycanın yanında olacağını bəyan edir.

 -Bu arada Azərbaycanda Türkiyənin hərbi bazalarının yaradılması nə dərəcədə mümkün variantlardan sayılır?

-Hazırda söhbət birgə təlimlərdən və sıx əməkdaşlıqdan gedir. Digər məsələlər hər iki ölkə rəhbərinin qərarlarından və bölgədə gedən proseslərdən asılıdır.

-Ceyhun müəllim, müşahidə etdiyimiz bir mənfi tendensiya da var ki, ermənilər işğal etdikləri Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmanı davam etdirirlər. Hətta Livan və Suriyadan Qarabağa gətirilərək burada məskunlaşdırılanlar var. Nəzərə alsaq ki, beynəlxalq birlik bu qeyri-qanuni məskunlaşmaya da səssizdir, o zaman Azərbaycan hansı addımı atmalıdır?

-Təəssüflər olsun ki, ermənilər uzun illərdir bu siyasəti həyata keçirirlər. Bu addım beynəlxalq hüquqa ziddir. Azərbaycan davamlı olaraq bu məsələni beynəlxalq qurumlar qarşısında qaldırır. Ölkəmiz Ermənistanın qanunsuz əməllərinin ifşası və Ermənstana təzyiqlərin artırılmasına nail olunması istiqamətində səylərini artırmalıdır. Burada diaspor qurumlarının və xaricdə yaşayan azərbaycanlıların da üzərinə böyük vəzifələr düşür. Erməni yalanlarının və vəhşiliklərinin ifşası istiqamətində səylərimizi daha da artırmalıyıq.

-Dünənə qədər sülh çağırışı edən Paşinyanın həyat yoldaşı Hakopyanın bu gün işğal altında olan ərazilərdə təlimlər keçməsi onu deməyə əsas verirmi ki, Ermənistan artıq sülh danışıqlarından tamamilə imtina edib?

Qeyd etdiyimiz kimi, Ermənistan hər vəchlə danışıqlar proseslərini pozmağa çalışır. Bu əməllər bir daha onu göstərir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və münaqişənin hərb yolu ilə həllinə, yeni ərazilərin işğalı ilə bağlı bəyanatların səsləndirilməsinə çalışır. Son təlimlər də ermənilərin həqiqi niyyət və məqsədlərindən xəbər verir.

 -Tovuz hadisələrindən sonra Rusiyadan xeyli miqdarda hərbi texnikanın Ermənistana daşınması Qarabağda yenidən hərbi əməliyyatlar başlayacağı təqdirdə düşmən ölkənin hərbi üstünlüyünün əldə olunmasına nə dərəcədə imkan yarada bilər?

-Bu gün Azərbaycan ordusu dünyanın 50 güclü ordusu sırasındadır.  Ordumuzun texniki təminatı ən yüksək səviyyədədir. Son illər çoxlu sayda xaricdən müasir silah alınıb. Ölkəmiz  özü də silah istehsal edir. Azərbaycanın imkanları Ermənistandan xeyli üstündür.

-Ümumiyyətlə, münaqişənin tənzimlənməsi ilə məşğul olan bir ölkənin münaqişə tərəflərindən birinə, həm də işğalçıya hərbi yardım etməsi Rusiyanın işğala dəstək verməsi sayıla bilərmi?

-Azərbaycan Prezident İlham Əliyev və digər rəsmi qurumlar müstəvisində bu məsələyə etiraz Rusiya tərəfinə çatdırılıb. Azərbacan Rusiya əlaqələrin inkişafında maraqlıdır və bu məsələdə Azərbaycanın narahatlığını nəzərə almalıdır. Ermənistan bu silahlardan Azərbaycana qarşı istifadə edir. Davamlı təxribatlar törədir. Mülki əhalini qətlə yetirir.

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31