Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Azərbaycan müstəqillik əldə etdikdən sonra təhsil sahəsinin inkişafına xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, hazırda ölkədə təhsilin inkişafı, keyfiyyət göstəricilərinin artırılması dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir.
15 Sentyabr 2020 12:51 SiyasətAzərbaycan müstəqillik əldə etdikdən sonra təhsil sahəsinin inkişafına xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, hazırda ölkədə təhsilin inkişafı, keyfiyyət göstəricilərinin artırılması dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Elə bu səbəbdən də təhsil sahəsində gedən inkişaf və təhsilin bütün sahələrində islahatların daha da genişlənməsi təbii qəbul edilməlidir. Məhz bu istiqamətdə atılan addımların nəticəsidir ki, dünya ölkələrini koronavirus pandemiyası cənginə almasına baxmayaraq, Azərbaycanda cari təhsil ilində də keyfiyyətin artırılması istiqamətində məqsədyönlü işlər aparılır. Yeri gəkmişkən xatırladaq ki, hələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunub, ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülüb. Əsas məqsəd isə ümumi təhsil sahəsində müasir dövrün tələblərinə uyğun şəkildə inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə ümumi təhsil müəssisələrini, məktəblərin pedaqoji kollektivlərini səfərbər etmək və təhsildə keyfiyyəti təmin etməkdən ibarətdir. Elə bu məqsədlə də təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi və təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi istiqamətində səmərəli işlər görülüb. Təhsildə keyfiyyətin dayanıqlılığını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə bir sıra vacib addımlar atılıb. Məktəblərin maddi-texniki bazasının gücləndərilməsindən tutmuş yeni modul tipli məktəblərin tikintisi və müasir İTK-nın tətbiq edilməsinə qədər yeniliklər müşahidə olunub. Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində qeyd edib ki, bu il 147 məktəbin tikintisi nəzərdə tutulur: "Onların böyük hissəsi artıq hazırdır və Bilik Gününə hazır vəziyyətə gətirilibdir. Bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur. Onu da bildirməliyəm ki, 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilibdir. Artıq 17 ildir ki, Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür. Bildiyiniz kimi, Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində həll olunmuşdur. Son 2-3 il ərzində biz kiçik kəndlərdə modul tipli məktəblər inşa edirik. Bu il modul tipli 60 məktəbin tikintisi təmin edilir və ediləcəkdir. Beləliklə, cəmi bir il ərzində 150-yə yaxın məktəb tikilir və əsaslı təmir edilir. Bildirməliyəm ki, son 17 il ərzində bütövlükdə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bu, bizim məktəb fondumuzun böyük əksəriyyətini təşkil edir. Çünki Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm almışdır və yenidən inşa edilmişdir".
Sözün həqiqi mənasında Azərbaycanda orta məktəblərin mütləq əksəriyyəti müasir tələblərə cavab verir. Ən ucqar dağ rayonlarında belə modul tipli məktəblər fəaliyyət göstərir. Hətta həmin məktəblərdə elektron xidmətlər üstünlük təşkil edir. Məlumat üçün qeyd edək ki, "Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı"nın, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinə uyğun olaraq təhsilin ayrı-ayrı sahələrində elektron xidmətlərin tətbiqi uğurla davam etdirilir. Təhsil sistemində tətbiq olunan elektron xidmətlər məktəbəqəbul prosesini asanlaşdırmaqla bərabər, ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq göstəricilərin formalaşmasına, icbari təhsilin həyata keçirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsinə imkan verir. Dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların qəbulu üzrə müraciətlərin elektron qeydiyyat (https://mektebeqebul.edu.az/) sisteminin tətbiqi valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir. İlk dəfə olaraq 2019-cu ildən etibarən ümumi təhsil müəsissələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilir. 2019-cu ilin avqust ayından etibarən Təhsil Nazirliyi tərəfindən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilməsi vətəndaşlar üçün daha bir imkan deməkdir. Ötən dərs ilində ilk dəfə olaraq tədrisi digər dillərdə aparılan bölmələrdə tədrisin keyfiyyətinin artırılması məqsədilə şagird qəbulu müsahibə prosesi əsasında həyata keçirilib. 2019-2020-ci dərs ili üçün ilk dəfə ölkə üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat elektron qaydada (mektebeqebul.edu.az) aparılıb. Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir, Azərbaycan dövləti bu sahədə üzərinə düşən vəzifələri uğurla yerinə yetirir.
Nurlan
Olaylar.az