Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisə
Bu gün tarixi bir günün ildönümünü yaşayırıq. Azərbaycan xalqının xilası, erməni-bolşeviklərin çirkin planlarının qarşısının alındığı bu gün həm də Türkiyə-Azərbaycan dostluq-qardaşlığının təzahürü, göstəricisi ilə əlamətdar hesab edilir. Söhbət 1918-ci il, sentyabr ayının 15-də Bakının erməni daşnakları və bolşeviklərindən azad edilməsi tarixindən gedir.
15 Sentyabr 2020 12:21 SiyasətBu gün tarixi bir günün ildönümünü yaşayırıq. Azərbaycan xalqının xilası, erməni-bolşeviklərin çirkin planlarının qarşısının alındığı bu gün həm də Türkiyə-Azərbaycan dostluq-qardaşlığının təzahürü, göstəricisi ilə əlamətdar hesab edilir. Söhbət 1918-ci il, sentyabr ayının 15-də Bakının erməni daşnakları və bolşeviklərindən azad edilməsi tarixindən gedir. Tarixin bütün dövrlərində olduğu kimi 102 il əvvəl, məhz bu gün Türkiyə darda, məhv olmaq təhılükəsi ilə üzləşən qardaşına, Azərbaycana sahib çıxaraq onu gələcək təhlükələrdən, məhv olmaqdan xilas etdi. Bəli, məhz məhv olmaqdan. Erməni daşnakları və bolşeviklərin əsas məqam və məqsədi ondan ibarət idi ki, Azərbaycanın paytaxtı və müxtəlif ərazilərində kütləvi qırğınlar törədərək bizlərin ölkə üzrə sayını azaltsın və bununla da Azərbaycana tamamilə sahib çıxsınlar. Lakin düşmənin bu məkirli planının qarşısını Azərbaycana dəstək üçün gələn Qafqaz İslam Ordusu və onun yenilməz komandanı Nuru Paşa aldı. Sentyabrın 15-də Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı altında Bakını erməni daşnakları və bolşeviklərindən azad edərək onu əzəli sahibinə, Azərbaycana qaytardı. Bundan əvvəl isə yenilmzə Qafqaz İslam Ordusu Azərbaycanın digər vilayətlərində düşmənin məkirli planının qarşısını almış, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımları önləməyə nail olmuşdu. Düzdür, Qafqaz İslam Ordusu Azərbaycana gələnə qədər erməni daşnakları Azərbaycanın müxtəlif vilayətlərində azərbaycanlılara qarşı soyqırımlar həyata keçirmişdi. Lakin Nuru Paşanın oz ordusu ilə Azərbaycana gəlməsi tezliklə bu qırğının qarşısını aldı.
Günümüzdə yerləşdiyimiz coğrafiyada baş verənlər onu deməyə əsas verir ki, 102 il əvvəl yaşanan olaylar təkrar olunmaqdadır. Yenə ermənilərin məkirli planları, işğalçılıq, terrorçuluq, soyqırım siyasətləri günümüzdə özünü açıq formada büruzə verir. Necə ki, 102 il əvvəl erməni daşnakların Azərbaycanda tötərdikləri soyqırımlara dünya səssiz qalır, ermənilərin bu siyasətinə qarşı hər hansı adekvat addım atmırdı, eynilə indi də işğalçı ölkənin Azərbaycana qarşı davam edən təcavüzkar siyasəti, işğal altında olan Azərbaycan ərazilərində həyata keçirdiyi qeyri-qanuni məskunlaşmaya etiraz etmir, onu dayandırmır. Yenə də hər zaman olduğu kimi Azərbaycanın yanında qardaş Türkiyə yer alır. Necə ki, 102 il əvvəl Azərbaycana dəstək verməklə dünyaya bunu açıq şəkildə sübut etdirdi, eynilə indi də Türkiyə Ermənistanın təcavüzkar siyasətinə qarşı Azərbaycanın yanındadır.
Uzaq və yaxın tariximizdə baş verən proseslərə diqqət çəkən Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyir ki, Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir. Onun sözlərinə görə, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir: "Qafqaz İslam Ordusunun şücaəti isə ən yüksək qiymətə layiqdir. Çünki Osmanlı dövlətinin Azərbaycan xalqına bu tarixi yardımı I Dünya Müharibəsində məğlub olan qardaş ölkənin ən çətin vaxtlarında gerçəkləşmişdi. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid versə də, qarşıya qoyduğu missiyanı uğurla başa çatdırmaqla, Bakını işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə qardaş töhfəsini verdi. Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. "Böyük Ermənistan" xülyasına qapılan daşnaklar Bakıya göz diksələr də, bir millətin qardaşlığı bu mənfur planın reallaşmasına imkan vermədi".
Deputat bildirib ki, 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir: "Sovet hakimiyyəti illərində bu tarixi hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Şəhidlər xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir. Aradan uzun illər keçməsinə baxmayaraq, Türkiyə Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmur, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanır. Bu mənada Azərbaycan gəncliyi, yeni nəsil qardaş ölkənin bu şücaəti barədə daha yaxşı məlumatlanmalı, geniş biliklər əldə etməlidir. Çünki qardaşlığın qələbə çaldığı bu əlamətdar gün xatırlandıqca Azərbaycan-Türkiyə qardaşlığı da yaşayacaq".
Sədaqət Vəliyeva qeyd edib ki, bu gün Azərbaycan-Türkiyə qardaşlığını bütün dünya izləməkdədir: "Həyata keçirilən transmilli layihələr, beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıq, qardaşlar kimi bir-birinə verilən dəstək iki ölkənin münasibətlərinin səviyyəsini göstərir. Azərbaycan və Türkiyə 102 il öncə olduğu kimi bu gün də bir-birini dəstəkləyir. Son dəstək hadisəsini isə Prezident İlham Əliyevin Yunanıstan səfiri ilə görüşdə səsləndirdiyi fikirlərdən gördük. Həmin zaman beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdi".
Süleyman
Olaylar.az