Ermənilərin “Tiqranakert” oyunu
Ermənilər zaman-zaman tarixi abidələrimizi, milli-mədəni irsimizi mənimsəməyə, onları erməniləşdirməyə çalışıblar və bu mənfur fəaliyyət günümüzdə də davam edir. İndi də ermənilər işğal altındakı Ağdam rayonunda yerləşən Şahbulaq qalasını erməniləşdirməyə cəhd göstərirlər.
12 Sentyabr 2020 13:54 SiyasətElnur Allahverdiyev: "Saxta və xəstə təfəkkürün məhsulu"
Ermənilər zaman-zaman tarixi abidələrimizi, milli-mədəni irsimizi mənimsəməyə, onları erməniləşdirməyə çalışıblar və bu mənfur fəaliyyət günümüzdə də davam edir. İndi də ermənilər işğal altındakı Ağdam rayonunda yerləşən Şahbulaq qalasını erməniləşdirməyə cəhd göstərirlər. Daha doğrusu on illərdir ki, düşmən ölkə bu istiqamətdə iş aparır. Məsələ ilə bağlıı fikirlərini bildirən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib ki, Şahbulaq qalası Ağdamın işğalı ilə ermənilərin əlinə keçib və talan olunub. Onun sözlərinə görə, 2000-ci ildən başlayaraq ermənilər burada qazıntılar həyata keçirir, arxeoloji axtarışlara əcnəbi alimləri cəlb etməyə çılışır və bu yerlər "qədim Böyük Ermənistanın bir vilayəti" qismində təqdim edilir. Deputat qeyd edib ki, bu talan kampaniyasına təəssüf ki, xaricdən də bir sıra "elm adamları" qatılıb, CNN kimi nüfuzlu informasiya resursunda bu yerlər "Arsax" vilayəti kimi təqdim olunub: "Şahbulaq qalası işğal dövründə ermənilər tərəfindən ən çox erməniləşdirilməyə məruz qalan abidələrimizdəndir. İşğaldan sonra qalanın divarları üzərindən ornamental oymalar və yazılar silinib, mühafizə divarlarının bayır hissəsi, eləcədə daxili interyerləri sökülərək mişar daşları və erməni xaçları ilə əvəz olunub. Ermənilər apardıqları qazıntılar zamanı eradan əvvəl və ilkin orta əsrlərə dair tapıntıları mənimsəyərək onların özlərinə məxsus olduqlarını bildirirlər. Ən gülməlisi isə budur ki, saxta tarixçilər burada eramızdan əvvəl I əsrdə Tiqranakert şəhərinin mövcudluğuna iddia edirlər. Haşiyəyə çıxıb qeyd etmək lazımdır ki, erməni tarixinin mifik personajı olan II Tiqran əslən parfiyalıdır, qısa dövr ərzində hökmdarlıq edib və romalıların zərbələri altında yaratdığı dövlət süquta uğrayıb. Bu dövlət Qarabağdan minlərlə km uzaqlıqda, Suriyanın şimalı, hazırki Türkiyənin cənubunda mövcud olub. Ermənilərin fantaziyasına görə, Tiqran təqribən 40 illik hökmdarlıq dövründə 4 Tiqranakert şəhərinin əsasını qoyub və Ağdam yaxınlığındakı da bunlardan biridir. Paradoksaldır ki, ermənilər qalanı elə "Şahbulaq" (görünür, saxtalaşdırmağa ad fikirləşə bilməyiblər), ərazini isə Çobandağ kimi qeyd edirlər (bu toponimi tərcümə ediblər artıq - Vankasar)".
Deputat qeyd edib ki, Şahbulaq qalasının ərtafında aparılan qazıntılar zamanı həqiqətən də burada erkən dövrlərdə şəhər tipli tikililərin mövcudluğu aşkar olunub və bu, Azərbaycan elminə illər əvvəl onsuz da məlum idi: "AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyevin sözlərinə görə, ermənilərin tapdıqları eksponatlar V-VII və XII-XIII əsrə aiddir və mifik "Tiqran və Tiqranakert"ə heç bir aidiyyatı yoxdur. Tiqranakert hazırki Diyabərkir yaxınlığında olub. Ümumiyyətlə, eradan əvvəl I əsrdə hansı maddi və texniki imkanlar hesabına Tiqran təqribən 30-40 ilin içində 4 Tiqranakertin bir-birindən uzaq məsafədə "əsasını qoymağa" müvəffəq olub? Tarixdən bilirik ki, Makedoniyalı İsgəndərin iri imperiyası ərazisində bir neçə İskəndəriyyə (Aleksandriya) şəhərləri olub. Tarix boyu özlərini böyük xalqlarla müqayisə edib paxıllıq çəkən ermənilərin "Tiqranakert" oyunu saxta və xəstə təfəkkürün məhsulundan başqa bir şey deyil. Bu qədim tikililər albanlara məxsus olub və bunu eksponatların analizi təsdiq edir. Məsələn, tapılan qoç başı təsvirli daş fiqur. Ermənilərdə qoç totemi varmı? Yaxud ərazidə tapılan dairəvi diskin üzərində "Tanrının qulu Vaçe" yazılıb. Vaçe alban knyazı olub. Ermənilər isə onun kimliyi barədə izah verə bilmirlər, hələ də düşünürlər ki, "erməni tarixi"ndəki Vaçe kimdir. Qazıntılar zamanı daşların üzərində oyma xaç işarələri tapılıb. Aydındır ki, Albaniya xristianlığı qəbul etmiş dövlət idi və burada qeyri-adi heç nə yoxdur. Hər şey kənara: bu, Tiqranakert şəhəridirsə, qazıntılar zamanı onun adının hər hansı bir izi tapılıbmı? Bu ərazidən 40-50 km məsafədə yerləşən Bərdə isə qədim Albaniyanın paytaxtı olub. İndi bu tapıntılar daha çox albanlara aid olmalıdır, yoxsa Yaxın Şərqdə hökmdar olmuş mifik Tiqrana?"
Elnur Allahverdiyev qeyd edib ki, Şahbulaq qalası Ağdamın məhşur Uzundərə deyilən yerinin yaxınlığındadır: "Uzundərədə sovet dövründən iri hərbi anbarlar mövcud olub. Ermənilər işğal etdikdən sonra ildə bir neçə dəfə burada hərbi təlimlər keçirir, ən iri artilleriya qurğularından istifadə edirlər. Axırıncı belə təlim iyun ayının sonunda separatçı qurumun "ali rəhbərliyi"nin müşahidəsi altında baş tutub. Diqqət sual: minillik tarixin 3-4 km-də iri atıcı silahlar və zirehli texnikanın istifadəsi ilə hərbi təlimləri hansı normal dövlət və sivil xalq keçirər? Bəs bu, sizin "tarixiniz" deyil? Yeri gəlmişkən, təlim plasdarmı elə belə də adlanır: Tiqranakert... AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı Faiq İsmayılovun yazdığına görə, 2017-ci ildə Ağdam ərazisində "baş verən məlum zəlzələdən sonra Ermənistan mətbuatı zəlzələ zamanı Şahbulaq ərazisindəki Qarabağ xanlığına məxsus qalanın bir hissəsinin dağıldığı barədə məlumatlar yayıb şəkillər paylaşdılar. Lakin abidənin uçquntusundakı epizodik görüntülər onun uçmasına zəlzələnin, yəni təbii proseslərin səbəb olduğuna şübhə yaradırdı. Az zaman içərisində şübhəmiz özünü doğrultdu, elə erməni mətbuatından məlum oldu ki, abidə Uzundərədə təşkil edilən erməni hərbi təlimləri zamanı təsadüfi raket zərbəsinə tuş gəlib. Bu xəbərdən dərhal sonra qalanın şəkilləri və məlumatlar erməni saytlarından yığışdırıldı". Ermənistan Elmlər Akademiyasının kulturologiya kafedrasının rəhbəri olan Hamlet Petrosyan Ağdam ərazisindəki Şahbulaq tarixi kompleksində saxtakarlıq əməliyyatının baş iştirakçısıdır. Aydın məsələdir ki, arxeoloji qazıntılar zamanı çoxlu sayda tarixi eksponatlar, qiymətli daşlar və metallar, pul sikkələri və s. tapılır ki, onların qara bazarda satışı Petrosyan kimilərə yaxşı gəlir gətirir. Hazırda "qazıntılar"ın maliyyələşdirilməsində problemlər yaşanır. Vəsait adətən erməni diasporası tərəfindən göndərilir, ancaq görünür, yeyinti səbəbindən "arxeoloqlar" etibarı itiriblər. Əraziyə Qarabağa qeyri-leqal səfər edən "turist"lər gəlir. Rusiyadan olan bir turist yazır ki, onları Şahbulağa aparan sürücü ekspedisiyaya ayrılan vəsitin mənimsənilməsindən danışırdı. Sürücünün sözlərinə görə, qazıntılara pul yoxdur, amma Petrosyan özünə böyük və dəbdəbəli ev tikib. Başqa sözlə, ermənilər bu əraziyə tarix axtarışından daha çox pul qoxusuna gəlirlər. Qoxudan söhbət düşmüşkən, Petrosyan bu tarixi yerin ermənilər üçün "yeyib-içmək və kabab bişirmək" məkanı olduğundan da şikayət edir...
Coğrafi yerləşməsi və hərbi-strateji önəmi baxımından Ağdam və Şahbulaq qalası ordumuz tərəfindən erməni işğalçılarından azad edilən ilk Vətən torpaqlarından olacaq. O andan etibarən sovet dövrünün qadağaları səbəbindən qaranlıqda qalan bilmədiyimiz tarixi gerçəkliklər bizim alimlərimiz, tarixçi və arxeoloqlarımız tərəfindən aşkara çıxarılacaq".
Süleyman İsmayılbəyli
Olaylar.az