“Beynəlxalq hüquq imkan vermir ki, işğalçı işğal faktından sui-istifadə etsin” -MÜNASİBƏT
8 Sentyabr 2020 19:05 Siyasət"Azərbaycan Respublikasının Ermənistanın işğalı altındakı Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin 7 sentyabr görüşündə livanlı ermənilərin işğal edilmiş ərazilərə köçürülməsi məsələsini qaldırıb. Birincisi, bu köçürülmə tam qanunsuzdur. İkincisi, ortada məhz işğal faktı var və BMT Təhlükəsizlik Şurası tərəfindən bu işğalla bağlı hələ 1993-cü ildə 822, 853, 874 və 884 saylı 4 Qətnamə qəbul qəbul edilib. Bundan başqa da beynəlxalq sənədlər var əlbəttə." Bu sözləri Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
Əkbər Qoşalının sözlərinə görə, beynəlxalq hüquq imkan vermir ki, işğalçı işğal faktından sui-istifadə etsin. "Qeyd olunan sui-istifadəyə, abidələrin dağıdılması, toponimlərin dəyişdirilməsi, o cümlədən qeyri-qanuni məskunlaşma və digərləri daxildir. Digər tərəfdən, bu, Livanda baş vermiş məlum partlayış fəlakətinin nəticələrindən də sui-istifadə cəhdidir. İki qat sui-istifadəçilik fonunda, Ermənistanın, sülhyaratma missiyasının işində guya iştirakı da, acı gülüş doğurur. Ermənistanın etdiklərinin bəraəti yoxdur. Ermənistanın hüquqsuz hərəkətləri və sülə münasibətdə hərəkətsizliklərinin ağıl və məntiqlə izahı çətindir. Ermənistanda Ermənistanlılıq qalmamalıdır. Uzun illərin dözümü, işğala məruz qalan tərəf olsaq da, sülh danışıqlarına sadiqliyimiz, demək olar, heç bir müsbət sonuc vermədi. Bu ilin iyulunda dövlət sərhəddinin Tovuz istiqamətində yaşananlar Ermənistanın qeyri-ciddi bir rejimə malik olduğunu, yeni erməni hökumətinin demokrat libas geysə də, tam işğalçı zehniyyətli olduğunu bir daha göstərdi.
Ona görə də, millət vəkili Tural Gəncəliyevin AŞPA-nın komitə iclasındakı çıxışı çox yerində və təqdirəlayiqdir. Beyrutda baş vermiş məlum partlayışdan sonra yaranmış humanitar böhran səbəbindən dünya birliyinin Livana dəstəyi fonunda, işğalçı Ermənistanın növbəti çirkin həmləsi, hiyləsi mənəviyyatsılıqdır. Faciəli şəkildə ölmüş adamların ağrı-acısı üstündə məkrli siyasi oyun qurmağı mənəviyyatsızlıqdan daha yaxşı hansı sözlə ifadə etmək olar? Öz işğal siyasətini daha da möhkəmlətməyə çalışan Ermənistanın içüzünün AŞPA nümayəndə heyətlərinin diqqətinə sərrast çatdırılması bizim haqlılığımızın təsbitidir. Bu, adıyaman hadisənin beynəlxalq hüquq normaları və sülhyaratma missiyası ilə uyğunsuzluğunu bir daha beynəlxalq miqyasda duyurmaqdır. Biz bir çıxışla heç də hər şeyin dəyişəcəyini düşünmürük, lakin dövlət başçımızın müəllifi olduğu hücum diplomatiyasına xidmət edən bir fakt olması etibarı ilə diqqəti cəlb edir. Necə deyərlər, dama-dama göl olar.
Onu da vurğulayaq ki, AŞPA-nın komitə iclasında Ermənistan nümayəndə heyətinin də olmasına və aparıcının Ermənistana cavab haqqı verilməsinə baxmayaraq, erməni millət vəkili Tatevik Hayrapetyan faktlar qarşısında susmağa üstünlük verdi. Bu da, özlüyündə, bir addımdır, özünəməxsus faktdır.
Dövlətimiz zaval görməsin!", deyə Əkbər Qoşalı bildirib.