Ermənistanın hazırkı siyasətində təxribatçılıq ön sıralardan birini tutur

Hikmət Hacıyev: “Ermənistanın atdığı hər səhv addımın çətinlikləri erməni xalqının üzərinə düşür”

Hikmət Hacıyev: "Ermənistanın atdığı hər səhv addımın çətinlikləri erməni xalqının üzərinə düşür"

Azərbaycan istər iqtisadi göstəricilərinə görə, istər ordunun gücünə, istərsə də diplomatik uğurlarına görə Ermənistandan qat-qat üstündür. Lakin bütün sadalananlara baxmayaraq Ermənistanın cəbhə xəttində hərbi təxribatdan əl çəkmir. Baxmayaraq ki, rəsmi İrəvan anlayır ki, heç bir halda yeni bir savaş onun maraqlarına cavab verməyəcək. Ancaq buna baxmayaraq işğalçı ölkə ölkəmizə qarşı təxribat törətməkdə maraqlı görünür.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də Türkiyənin nüfuzlu "Haber Global" telekanalında çıxışı zamanı bildirib ki, Ermənistanda hökm sürən iqtisadi böhranın koronavirus pandemiyası dövründə daha da kəskinləşib. Hikmət Hacıyev bildirib ki, istər Aprel döyüşləri, istərsə də Tovuz istiqamətində törədilmiş təxribat bütün dünyaya, o cümlədən Ermənistana göstərdi ki, onların qarşısında artıq peşəkar, güclü Silahlı Qüvvələri, xalqı ilə hökuməti arasında həmrəyliyi olan Azərbaycan var: "Ermənistanın atdığı hər səhv addımın çətinlikləri erməni xalqının üzərinə düşür". Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, Ermənistanın daxili siyasətində vəziyyət çox gərgindir: "Son zamanlar Ermənistanda gərgin sosial-iqtisadi, demoqrafik vəziyyət hökm sürür. Ölkənin siyasi sistemi bərbad vəziyyətdədir. Bu durumda Ermənistan rəhbərliyi yarıtmaz siyasətini ört-basdır etmək və xalqın, ictimaiyyətin diqqətini xarici düşmən obrazına yönəltmək üçün müxtəlif provokasiyalara əl atdı".  M.Cəfərov bildirib ki, ermənilər dəfələrlə Azərbaycana hərbi təcavüz ediblər, türklərə qarşı soyqırımlar törədiblər. Bütün bunlar təsadüfi deyil və ermənilər bu addımları planlı şəkildə həyata keçiriblər. Deputatın fikrincə, bunun arxasında türk düşmənçiliyi ilə yanaşı, "Böyük Ermənistan" ideyası da dayanır. Ermənistanın məkrli planlarının əsası budur ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ətraf 7 rayonunu işğal altında saxlayan düşmən dövlət yeni münaqişə zonaları yaratmaq arzusundadır. Məhz bu məqsədlə də təxribata əl atır. Əsas qayə isə Gəncə şəhərini hədəf kimi göstərərək daxildə öz xalqını yeni ərazi iddialarına həvəsləndirməkdir. Bu bəyanatı verən Ermənistan özünü dünyaya faşist dövlət kimi təqdim edir: "Mənfur qonşularımız hər zaman beynəlxalq hüququn prinsip və normalarına, beynəlxalq ictimaiyyətə və demokratiya qanunlarına etinasızlıq göstərərək işğal etdiyi Azərbaycan ərazilərinin azad olunması barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud qətnamələrini icra etməkdən boyun qaçırır. Ermənistan beynəlxalq öhdəlikləri açıq şəkildə pozmaqda davam edir və ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırılması prosesini davam etdirirlər. Azərbaycanın işğal altındakı ərazilərində qurulmuş saxta muxtariyyətin lideri Livandan 150 erməni ailəsinin Dağlıq Qarabağda yerləşdirilməsini təklif edib. Hətta Ermənistanın ictimai radiosunun yaydığı xəbərə görə, artıq Livandakı bir neçə ailə bölgədə yerləşdirilib. Bu qanunsuz məskunlaşma, həmçinin Azərbaycana məxsus olan torpaqlarda aparılan tikinti işləri dayandırılmalı, beynəlxalq normaları pozan düşmən dövlət məsuliyyətə cəlb olunmalıdır".

Ermənistan tərəfindən hər zaman təxribatın törədiləcəyinin gözlənildiyini qeyd edən Hikmət Hacıyev deyib ki, Tovuz hadisələrindən sonra Ermənistanın sistemli şəkildə silahlanması davam edir. Ermənistana 500 tondan artıq silah-sursat daşınıb: "Bu silah-sursatın nə məqsədlə daşınmasına dair sualımıza biz hələ də cavabımızı ala bilməmişik. Bunu da açıq deməliyik ki, Rusiyanın aidiyyəti rəsmi orqanları qarşısında da bu məsələni qaldırmışıq. Lakin cavab ala bilməmişik". Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Ermənistan davamlı olaraq danışıqlar prosesini pozmağa çalışır. Yəni, gah bunu Tovuzda təxribatlar törətməklə, gah Paşinyan Qarabağa səfər etməklə, gah da müəyyən bəyanatlar səsləndirməklə bu məsələyə öz yanaşmalarını ortaya qoymuş olurlar: "Təəssüf ki, Ermənistanın hazırkı siyasəti, hazırda Ermənistanda baş verənlər onu göstərir ki, burada bir məqsəd var, o da status-kvonu qorumaq və danışıqlar prosesini pozmaqdır".  C.Məmmədov bildirib ki, Ermənistanın hazırkı siyasətində təxribatçılıq ön sıralardan birini tutur. Onun fikrincə, burada beynəlxalq qurumların da üzərinə böyük bir vəzifə düşür. Ermənistanın bu təxribatları, bu cəhdləri beynəlxalq aləm, təşkilatlar, dövlətlər tərəfindən kifayət qədər qınanmır, ona təzyiqlər edilmir və bu da Ermənistanın bu cür təxribatları davam etdirməsi üçün bir zəmin yaradır. Millət vəkili qeyd edib ki, nəticədə Ermənistan öz təxribatçı bəyanatlarında davam edir. Bunu Ermənistanın Xarici İşlər Nazirliyinin, baş nazirin bəyanatlarında da tez-tez görürük. Gah Qarabağın Azərbaycanın ərazisi olması barədə müxtəlif "təkzibedici" fikirlərlə çıxış edirlər, gah Qarabağ Ermənistandır deyirlər, gah da zaman-zaman müxtəlif təxribat cəhdləri törədirlər. Bir neçə gün bundan əvvəl Goranboyda da biz bunu gördük. Yəni Ermənistan diversiya qrupu Goranboyda təxribatlar törətmək istədi. Ancaq bütün bu cəhdlərin qarşısı alındı. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, tarixin heç bir dövründə Azərbaycan bu qədər güclü olmayıb, Azərbaycan hazırda güclü diplomatiyasını həyata keçirir. Əvvəlki illərlə müqayisədə Azərbaycanın dünyada nüfuzu daha da artıb. Qarabağla bağlı beynəlxalq təşkilatların mövqeyi Azərbaycan tərəfindədir, Azərbaycanın yanındadır, onlar Azərbaycan ərazi bütövlüyünü tanıyırlar və zaman-zaman bu barədə fikirlərini bildirirlər. Burada Azərbaycanın xarici siyasətinin çox böyük rolu var. Azərbaycan davamlı olaraq beynəlxalq qurumlarla, ayrı-ayrı ölkələrlə bu istiqamətdə danışıqlar aparır və müəyyən uğurlar qazanır. Biz əminik ki, tezliklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ işğaldan azad olunacaq. Və biz yenidən öz doğma torpaqlarımıza qayıdacayıq. O gün uzaqda deyil. Yəni Ermənistanın bütün təxribatçı cəhdlərinə baxmayaraq, bu gün Azərbaycanın həyata keçirdiyi uğurlu xarici və daxili siyasət söyləməyə əsas verir ki, biz tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik və Azərbaycan bayrağını Dağlıq Qarabağda, Şuşada, bizim digər rayonlarmızda asacağıq. Bunun üçün Azərbaycanın həm ordusu güclüdür, həm də güclü xarici siyasət həyata keçirir".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31