Bütün zamanlarda ordumuz ermənilərə layiqli cavab vermiş və verməkdədir- MÜSAHİBƏ-ÖZƏL
Səbuhi Abbasov: “Hər bir Azərbaycan gənci Ali Baş Komandanın əmrini gözləyir və hər an müharibəyə hazırdır”
8 Sentyabr 2020 11:17 SiyasətSəbuhi Abbasov: "Hər bir Azərbaycan gənci Ali Baş Komandanın əmrini gözləyir və hər an müharibəyə hazırdır"
Siyasi partiyalar kimi vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları ilə də dövlət arasında əməkdaşlıqda yeni mərhələ başlayır. Müxtəlif sahələrdə fəaliyyət göstərən QHT rəhbərləri ilə ötən müddət ərzində keçirilən görüşlər belə deməyə əsas verir. Bəs görəsən bu kimi görüşlər dövlət-vətəndaş cəmiyyəti münasibətlərində hansı yeniliklərə səbəb olacaq? Bu və digər suallarla Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, media üzrə ekspert Səbuhi Abbasova müraciət etdik.
-Səbuhi bəy, son vaxtlar müşahidə edilən müsbət tendensiyadan biri də ondan ibarətdir ki, dövlətlə vətəndaş cəmiyyəti, QHT-lər arasında əməkdaşlıqda yeni bir mərhələ hiss olunur. Müxtəlif istiqamətlərdə fəaliyyət göstərən QHT-lərlə dövlət rəsmiləri arasında görüşlər keçirilir. Bu kimi görüşlərin hər iki tərəf üçün faydaları nələrdir? Eyni zamanda bunu dövlətin QHT-lərə diqqətinin nümunəsi kimi dəyərləndirə bilərikmi?
- Əvvəla, onu qeyd edim ki, dövlətin QHT-lərə münasibəti hər zaman müsbət olub. Ulu Öndər Heydər Əliyev hər zaman vətəndaş cəmiyyətinin inkişafı üçün mümkün hər şeyi edib. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu kimi ixtisaslaşmış qurumların yaradılması, eyni zamanda, müxtəlif təşkilatlarla QHT-lərin birgə fəaliyyəti üçün münbit şəraitin yaradılması buna bariz nümunədir. Çox təəssüflər olsun ki, bir çox hallarda bəzi məmurlar bu münasibətləri öz şəxsi maraqları naminə istifadə ediblər, mövcud vəziyyəti qəlizləşdiriblər. Ancaq son zamanlar ölkəmizdə aparılan islahatlar bu prosesi də əhatə edib. Hətta deyərdim ki, dövlət-QHT münasibətlərində yeni səhifə açılır.
-Sizcə, bunun qarşılığında dövlətin QHT-lərdən, vətəndaş cəmiyyətindən istədiyi nədir və QHT-lərin addımı, fəaliyyəti buna adekvatdırmı?
- Tam səmimi deyim, bu gün QHT-lərin fəaliyyətindən tam razı deyiləm. Bunun obyektiv və subyektiv səbəbləri var və ən əsası, burada günahkar QHT-lər deyillər. Hazırda vəzifədən alınan bəzi məmurların acgözlüyü, səriştəsizliyi ucbatından QHT-lər ciddi sıxıntılar yaşadılar, maneələrlə qarşılaşmalı oldular. Lakin vətəndaş cəmiyyəti demokratik dövlət quruculuğunun ayrılmaz hissəsidir. Bu mənada dövlətin QHT-lərin gücündən milli maraqların müdafiəsi naminə yararlanması normaldır. Bu gün torpaqlarımızın 20 faizi işğal altındadır. Belə bir durumda, xüsusən də, beynəlxalq fəaliyyət istiqamətli QHT-lərin güclənməsinə daha çox ehtiyac var.
-Şəxsən sizin təşkilat dövlətin diqqət və qayğısına qarşılıq olaraq öz fəaliyyətini necə tənzimləyir və göstərilən münasibətə adekvat olaraq iş prosesini qura bilirsinizmi?
- Rəhbərlik etdiyim Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası 2006-cı ildən fəaliyyət göstərir. Bu illər ərzində biz 200-dən çox yerli və beynəlxalq layihələr reallaşdırmışıq. Bu layihələrin 100-ə yaxını dövlətin dəstəyi ilə reallaşıb. Bu böyük rəqəmdir. Məhz bu dəstəyin nəticəsində biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı illərdir beynəlxalq tribunalarda danışırıq, sübutlar təqdim edirik, müxtəlif filmlər çəkirik. Ancaq bu bəs etmir. Dəstək sistemli və böyük olmalıdır.
-Paralel olaraq siyasi partiyalarla da iş sahəsində bir yenilik, yeni yanaşma müşahidə edilir. Dövlət başçısı tərəfindən yeni qeydiyyatdan keçən partiyalara təbrik ünvanlanır, onların fəaliyyəti təqdir edilir. Bu öz-özlüyündə ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasından xəbər vermirmi?
- Heç kimə sirr deyil ki, ölkəmizin siyasi səhnəsində yeni mərhələ başlayıbdır. Əvvəllər bəzi adamlar bu prosesə süni şəkildə mane olur, prosesi zədələməyə çalışırdılar. Təəssüf ki, hardasa, öz məqsədlərinə çatıblar. Lakin son 2 ildə bu proses tamamilə şəffaf, dinamik və demokratik formada davam edir. Ölkəmiz demokratiya yolunu seçib və bu yolda bütün səyləri göstərməkdədir. Artıq siyasi partiyalar tərəf kimi qəbul edilir və onların cəmiyyətdəki rolu, gücü, yeri yenidən dəyərləndirilir. Bu mənada son hadisələri təqdir edir və davamlı olmağını arzu edirəm.
-Ancaq bəzi siyasi qüvvələr hələ də radikal davranışlardan geri qalmayıb, dialoq, əməkdaşlıqdan yayınırlar. Sizcə, onların əsas niyyəti, məqsədi nədir?
- Bilirsiniz, bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə siyasi partiyaların adekvat və qeyri-adekvat fəaliyyətləri olur. Bizdə də bu proses bir çox hallarda neqativ qruplaşmaların təsirində olub. Əslində, sağlam siyasi partiya iqtidar üçün ən uğurlu meyardır. Bu siyasi səhnədə sağlam rəqabət mühitinin formalaşmasını təmin edən əsas faktordur. Bu mənada son zamanlar baş verən hadisələrin ilk növbədə ölkəmizin milli maraqlarının müdafiəsi, siyasi rəqabətliliyin yaradılması, nəzarət mexanizminin güclənməsi baxımından mühüm hal kimi dəyərləndirirəm.
-Siz həm də gənclər sektorunda təmsil olunan QHT-lərdən hesab olunursunuz. Hazırda dövlət gənclər siyasətini necə xarakterizə edərdiniz?
- Azərbaycanda gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Mən deyərdim ki, MDB məkanında ən uğurlu, çevik və mükəmməl gənclər siyasəti Azərbaycanda qurulub. Həm Gənclər və İdman Nazirliyinin yaradılması, eyni zamanda Gənclər Fondunun təsis edilməsi bu siyasətin uğurlu tətbiqinin nəticəsidir. Bu gün Gənclər Fondunun gənclər təşkilatlarına verdiyi dəstəyi sözlə ifadə etmək mümkün deyildir. Təsəvvür edin ki, gənclər təşkilatlarına təkcə qrant müsabiqələri çərçivəsində yardım verilmir, eyni zamanda, onların maddi-texniki bazalarının möhkəmləndirilməsi üçün proqramlar maliyyələşdirilir. İslahatlar prosesində Prezident Administrasiyasında Gənclər Şöbəsinin yaradılması və Yusuf Məmmədəliyev kimi peşəkar kadrın bu şöbəyə rəhbər təyin edilməsi həyatımızda tam yeni səhifənin açıması kimi xarakterizə edilir. Bilirsiniz ki, son 2 ildə Gənclər Fondu gənclər təşkilatlarından başqa, fərdi olaraq gənclərin təşəbbüslərini dəstəkləyir, eyni zamanda, onların təhsil haqqı problemini həll edir. Bu çox böyük və unikal siyasətdir.
-Son ayların ən gündəm mövzularından biri də yaxın vaxtlarda Qarabağda yenidən hərbi əməliyyatların başlayacağıdır. Necə fikirləşirsiniz, Azərbaycan gənci müharibə başlayacağı təqdirdə hamılıqla Ali Baş Komandanın çağırışına qoşulacaqmı?
- Bu sualın cavabını uşaqdan-yaşlıya qədər hər kəs gözəl bilir. İstər aprel döyüşlərində, istərsə də iyul hadisələrində Azərbaycan gəncliyi öz sözünü dedi. Ordumuz səngərdə, digər gənclərimiz isə müxtəlif cəbhələrdə düşmənin layiqli cavabını verdi. Birmənalı şəkildə qeyd edirəm ki, hər bir Azərbaycan gənci Ali Baş Komandanın əmrini gözləyir və hər an müharibəyə hazırdır.
-Ümumiyyətlə, cəbhədə yenidən müharibə başlayacağı təqdirdə Azərbaycabn Ordusu düşmənə layiqli cavab verə biləcəkmi?
- Son 30 ildə münaqişə tarixini vərəqləsək, görərik ki, 90-cı illərin əvvələrində mövcud xaotik siyasi durumu çıxmaq şərti ilə, digər bütün zamanlarda ordumuz ermənilərə layiqli cavab vermiş və verməkdədir. Bu gün həm maddi, həm texniki, həm də kadr baxımdan düşməndən dəfələrlə irəlidəyik. Ermənistan hər mənada təklənib, prosesdə məğlubiyyətini qəbul edib. Ancaq forpost durumda olan bir dövlətin müstəqil qərar verməyəcəyini də hər birimiz bilirik. İstənilən halda, biz bütün mümkün yollarla torpaqlarımızı gec-tez işğaldan azad edəcəyik.
-Bu arada düşmən ölkəyə Tovuz hadisələrindən sonra hava yolu ilə hərbi texnikanın daşınması Ermənistanın hərbi üstünlüyünə hansı təsir göstərə bilər?
- İlkin mərhələdə bizə məlum oldu ki, Ermənistana silahı Serbiya, Gürcüstan vasitəsi ilə çatdırıbdır. Bu gün isə aydın olur ki, Rusiya həm hava yolu ilə, həm də İranla sərhədi vasitəsi ilə Ermənistana silah daşıyır. Bu həm təxribat, həm də siyasi xəyanətdir. Rusiya Minsk qrupunun həmsədri kimi, əslində, Ermənistanın işğal etdiyi ərazilərdən çıxarılmasını tələb etməlidir. Ancaq görünən odur ki, proseslər tərsinə baş verir. Əgər deyilənlər tam təsdiqini tapsa, Rusiya buna aydınlıq gətirməlidir.
Süleyman İsmayılbəyli
Olaylar.az