Azərbaycan öz xarici siyasətində səmimidir
Mayis Səfərli: “Kiminləsə birləşib, üçüncü bir dövlətə badalaq atmaq, tələ qurmaq bizlik deyil”
4 Sentyabr 2020 10:45 SiyasətMayis Səfərli: "Kiminləsə birləşib, üçüncü bir dövlətə badalaq atmaq, tələ qurmaq bizlik deyil"
"Insanlar kimi dövlətlər arasındakı münasibətlərin də nizam meyarı etimaddır, etibardır. Aydındır ki, güvənmədiyin biri ilə yola çıxsan, dostluğa qərar versən yarı yolda qalarsan. Etimad sanki bir aynadır, çatlayarsa - həmişə çızıq, çapıq görsənəcək". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlırinə görə, bu bir həqiqətdir ki, Azərbaycan öz xarici siyasətində səmimidir. Hər kəslə dürüst, faydalı əlaqələr tərəfdarıdır. Kiminsə bostanına daş atmarıq. Kiminləsə birləşib, üçüncü bir dövlətə torba tikmək, badalaq atmaq, tələ qurmaq bizlik deyil! Kiçik bir dövlət olsaq da, hörmətimiz böyukdür. Onu bizə qazandıran amillərin təməlində doğruluq, mərdlik dayanır:
"Sentyabrın 2 - də Prezident Ilham Əliyev Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi. Dövlət başçısının bu gün Yunanıstanın nəinki bölgəmizdə, eləcə də bütün Avropada sərgilədiyi yanlışlıqları, əksiklikləri dilinə gətirməsi ictimaiyyət tərəfindən böyük maraq və təqdirlə qarşılanmışdır. Bildiyiniz kimi,Yunanıstan Azərbaycan torpaqlarını işğal edən Ermənistanla hərbi əməkdaşlığı getdikcə daha da genişləndirir. Yunanıstan, Yunan Kipri və Ermənistan arasında imzalanan hərbi əməkdaşlıq sazişi birbaşa Azərbaycanın təhlükəsizliyini təhdid edir. Eyni zamanda, bu, Yunanıstanın da üzv olduğu Avropa İttifaqı ilə iki il əvvəl paraflanan "Tərəfdaşlıq Prioritetləri" sənədinə daban-dabana ziddir. Baxmayaraq ki, Azərbaycan bu dövlətlə normal ikitərəfli münasibətlər qurmaq üçün həmişə hazır olub. Hətta, Prezidentimizin xatırlatdığı kimi,Yunanıstanın keşmiş hökumətinin xahişləri əsasında yunan qaz şirkəti olan "DESFA"-nın özəlləşməsində bizim SOCAR iştirak etmiş və tenderi qazanmışdır. Lakin öz xahişlərinə və sözlərinə xilaf çıxan yunanlar bu hüququ Azərbaycanın neft şirkətinə vermədilər. Bütün bunlara rəğmən Azərbaycan yenə də bölgəmizdə sülhün, istiqrarın pozulmaması üçün Afina ilə diplomatik əlaqələrdən imtina etmədi.
Sözsüz ki, dövlətlərimizin sonrakı əlaqələri Yunanıstanın siyasəti və mövqeyindən asılı olacaqdır. Sözügedən dövlətin bu gün Şərqi Aralıq dənizində sərgilədiyi qanunsuz mövqeyi də Azərbaycanı qətiyyən qane etmir. İlham Əliyevin çox açıq şəkildə Yunanıstanın səfirinə Aralıq dənizindəki gərgin vəziyyətdə ölkəmizin qardaş Türkiyənin yanında olduğunu bəyan etməsi bölgənin bütün şər qüvvələrinə bir sillə effekti yaratdı: "Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik ". Dövlət başçısının səfirlə görüşdə Rusiyanın təcavüzkar Ermənistana hərbi yüklər göndərməkdə davam etdiyini vurğulaması da geniş əks -səda yaratmışdır. Hər kəs yaxşı başa düşür ki, ölkəmiz buna daha dözməyəcək. Şimal qonşumuz bu hərəkələrini korrektə etməsə, işğalçıya dəstəyini davam etdirsə, Qafqazlarda geopolitik gərginliyi artırmaqda davam etdirsə, sözsüz ki, bütün bunlar onun öz başında çatlayacaq".