3 sentyabr 1991-ci il...
Müstəqil Azərbaycanın Naxçıvandan başlanan qurtuluş tarixi
3 Sentyabr 2020 14:13 SiyasətMüstəqil Azərbaycanın Naxçıvandan başlanan qurtuluş tarixi
Tarixi şəxsiyyətlər mənsub olduğu xalqın yaddaşında hər zaman yaşayır. Ancaq elə şəxsiyyətlər də var ki, onların xidmətləri daha fenomenal xarakter daşıyır. Bu mənada xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti sadəcə bir ölkə üçün yox, həm də bəşəri dəyərləri ilə seçilir. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçilib. Bununla da, qədim Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməli qoyulub.

Ulu Öndərin 1990-cı ilin ortalarında, çətin və vaxtlarda Naxçıvana qayıtması bu Qədim Azərbaycan torpağını təhlükələrdən sovuşdurdu. Ən əsası, bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi və apardığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Eyni zamanda, Ümummilli Liderin Naxçıvana qayıdışı Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçkilərin keçirilməsi kampaniyası ilə bir vaxta düşdü. Babək rayonunun əməkçiləri ilə görüşdə Ulu Öndər Heydər Əliyevin 340 nömrəli Nehrəm seçki dairəsi üzrə Azərbaycan SSR xalq deputatlığına namizədliyi irəli sürüldü və Ulu Öndər həm respublika parlamentinə, həm də Naxçıvan Ali Məclisinə deputat seçildi. Elə həmin il noyabrın 17-də Naxçıvan Ali Məclisinin I sessiyası keçirildi. Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişərək, Naxçıvan Muxtar Respublikası adlandırılması qərara alındı.

Həmçinin, onu da vurğulamaq lazımdır ki, həmin sessiyada Dahi Öndər Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da, sadəcə, redaktə xarakterli düzəliş deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran möhtəşəm bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Eyni zamanda, həmin günü, Azərbaycanın dövlət rəmzi kimi, Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi yekdilliklə qəbul edildi və Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin milli mahiyyət daşıyan Dövlət bayrağı Ali Məclisə gətirildi.
Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsinə də ilk dəfə siyasi qiymət Naxçıvan MR Ali Məclisi tərəfindən verildi. Ulu Öndər Heydər Əliyev "1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar layihəsini işləyib, Ali Məclisin sessiyasının müzakirəsinə təqdim etdi. Həmin gün Ali Məclisin binası önünə toplanmış xalq kütlələrinin ciddi tələbi, muxtar respublika deputatlarının fəallığı və Ulu Öndər Heydər Əliyevin böyük siyasi nüfuzu nəticəsində qəbul olunan bu qərarda ilk dəfə qanlı Yanvar hadisələrinə düzgün siyasi qiymət verildi.

Yeni Azərbaycan Partiyası mili dövlətçiliyimizin inkişafında yeni tarixi mərhələnin əsasını qoydu
Ölkəmizin ictimai-siyasi həyatı və gələcəyi üçün daha mühüm bir hadisə 1992-ci il 21 noyabr tarixi oldu. Belə ki, müstəqil Azərbaycanın ən qüdrətli partiyası olan Yeni Azərbaycan Partiyası yaradıldı. Azərbaycanın gələcəyinin təhlükə qarşısında qaldığı, dövlətimizin taleyinin həll olunduğu bir dövrdə yaranan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoydu. Güclü sosial bazası, gerçəkliyə əsaslanan proqramı, ən önəmlisi isə, Ulu Öndər Heydər Əliyev kimi Lideri olan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması iyirminci əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi. Bu, o günlər idi ki, Azərbaycan siyasi burulğanlar məngənəsindən çıxa bilmirdi və antimilli qüvvələr ölkəmizə qarşı çirkin siyasi mübarizə aparırdılar. Belə bir vaxtda, xalq qəti əmin idi ki, ölkəni düşdüyü ağır siyasi böhrandan çıxarmağın, torpaqların itirilməsi təhlükəsindən xilas etməyin yeganə yolu Böyük Şəxsiyyət Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışındadır. Ona görə də, vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi Möhtərəm Heydər Əliyevə üz tutdu. Ulu Öndər 1993-cü il iyunun 15-də ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı parçalanmaqdan xilas etdi.

Ümummilli Lider Azərbaycanın inkişaf istiqamətlərini müəyyənləşdirərək deyirdi: "Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini və milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi və ümumbəşəri dəyərlər əsasında qurulan demokratik bir cəmiyyət olacaqdır".
Dahi siyasətçi bu ideyalarını öz əməli işi ilə reallığa çevirərək, qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu və iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin istər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri işlədiyi, istərsə də Azərbaycan Respublikasının rəhbəri kimi fəaliyyət göstərdiyi illər ölkəmizdə müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi dövrü kimi yadda qalıbdır. Bu, Azərbaycanın xilası və inkişafı epoxasıdır.(Sia.az)