Müstəqil Azərbaycanın güclü lider fenomeni

“Sosial Tədqiqatlar Mərkəzinin (STM) “İnam İndeksi” sorğusunun nəticələrinə əsasən ölkə vətəndaşlarının Prezident İlham Əliyevə inam və etibarı artıb.

İlham Əliyev xalqın inam və etimadını öz əməli ilə qazanıb

"Sosial Tədqiqatlar Mərkəzinin (STM) "İnam İndeksi" sorğusunun nəticələrinə əsasən ölkə vətəndaşlarının Prezident İlham Əliyevə inam və etibarı artıb. Sorğunun nəticələri ölkə əhalisinin mütləq əksəriyyətinin Prezident İlham Əliyevin fəaliyyətini, onun qlobal təşəbbüslərini, həyata keçirdiyi sosial-iqtisadi, siyasi islahatları, daxili və xarici diplomatiyanı, o cümlədən dünyanı bürüyən koronavirus pandemiyası dövründə gördüyü qabaqlayıcı tədbirləri tam dəstəklədiyini təsdiqləyib. Belə ki, 90,8 faiz Prezidentə etibar edib. Sözügedən sorğuya əsasən əhali ordu quruculuğu istiqamətində Prezidentin fəaliyyətini kifayət qədər yüksək qiymətləndirib. Rəyi soruşulanların 70,7 %-i, yəni mütləq çoxluğu ölkə prezidentinin ordu quruculuğu istiqamətindəki fəaliyyətinin çox səmərəli olduğunu düşünür. Ordu quruculuğu istiqamətində səmərəli fəaliyyət ölkə prezidentinə olan inam və etimadın artmasını şərtləndirən əsas amil rolunda çıxış edir. Belə ki, prezidentə olan inam və etimadının artdığını bildirən 24,6% respondentin 82%-i ordu quruculuğu istiqamətində onun fəaliyyətini çox müsbət qiymətləndirib.

Ordu quruculuğunun Azərbaycan nümunəsi

Sözün həqiqi mənasında, Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Dövlət başçısı təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən orqan və qurumlar içərisində, ilk növbədə, ölkəmizin hərbi təhlükəsizliyinin qarantı olan ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş aparmaqdadır. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir. Bundan irəli gələrək Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində ötən illərdə ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi üçün bu sahədə qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirilib. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırılıb. Bu mənada inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri də ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırmasıdır. Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda görüblər. Təsdiq olunub ki, Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Fərəhlisi odur ki, bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var. Etiraf edilməlidir ki, Prezident, Ali Baş Komandan İlham Əliyev bu gün ordu quruculuğunun inkişafına böyük töhfə verib. Bu gün Azərbaycan Ordusunun malik olduğu silah və texnikanın 80 faizindən çoxu yenilənib, ordumuz ən müasir silahlarla təchiz olunub. Hərbi şəhərciklərin çox hissəsi yenidən tikilib və ya tam təmir edilib. Prezidentimizin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Azərbaycan Ordusunun şəxsi heyəti torpaqlarımızı düşmən tapdağından azad etmək üçün hər an Ali Baş Komandanın əmrini gözləyir.

Korrupsiyaya qarşı mübarizədə syasi iradə

Sorğuda dövlət başçısının həyata keçirdiyi kadr islahatlarını çox səmərəli hesab edənlərin 81,2%-i onun korrupsiya ilə mübarizə sahəsindəki təşəbbüslərini də dəstəklədiyini bildiriblər. Əhalinin 74,3%-i korrupsiya hallarına yol verən vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin doğru olduğu qənaətindədir. Ölkədə xüsusilə də son dövrlərdə korrupsiyaya qarşı mübarizə intensiv xarakter alıb. Həyata keçirilən həm kadr islahatlarının, həm də institusional islahatların əsas hədəflərindən biri də məhz korrupsiya hallarının qarşısının alınmasından ibarətdir. Bu istiqamətdə ölkə prezidentinin fəaliyyəti 56,1% respondent tərəfindən çox səmərəli, 27,2% respondent tərəfindən isə əsasən səmərəli qiymətləndirilib.

Birmənalı şəkildə qeyd edilməlidir ki, Azərbaycanda mütəmadi olaraq korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə aparılıb və bu gün də davam etdirilir. Etiraf edilməlidir ki, bu bu mübarizənin həyata keçirilməsində prezident İlham Əliyevin siyasi iradəsi müstəsna rol oynayır. Dövlət başçısı hesab edir ki, korrupsiyaya, rüşvətxorluğa qarşı barışmaz mübarizə aparılmalıdır: "Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır". Xatırladaq ki, son vaxtlar qabaqlayıcı tədbirlərin əhəmiyyəti nəzərə alınaraq korrupsiya cinayətləri və hüquqpozmaları yayılmış sahələrin müəyyənləşdirilməsinə diqqət artırılmaqla preventiv tədbirlərin təsir gücü məhz bu istiqamətlərə yönəldilib. Konkret olaraq müvafiq təhlillər aparılmaqla  korrupsiyaya daha çox məruz qalan sahələr müəyyənləşdirilib, həmin sahələrdə korrupsiyanı doğuran səbəb və şərait, onların aradan qaldırılmasına dair təkliflər hazırlanıb. Nəticədə məmur-vətəndaş təmas nöqtələrinin aradan qaldırılması, dövlət orqanlarının elektron xidmətlər göstərməsi imkanlarının genişləndirilməsi istiqamətində konkret işlər görülüb ki, bu da korrupsiyanın aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. Məhz bu kimi amilləri nəzərə alan vətəndaşlar dövlət başçısının korrupsiyaya qarşı mübarizə siyasətini yüksək qiymətləndiriblər.

Azərbaycan pandeniyadan minimum itki ilə çıxıb

STM-in sorğusunda pandemiyaya qarşı mübarizə sahəsində görülən işlər də qiymətləndirilib. Belə ki, rəyi alınan şəxslərin böyük əksəriyyəti düşünür ki, ölkədə bu istiqamətdə aparılan mübarizə tədbirləri tədqirəlayiqdir. Həmçinin əhalinin 60 faizdən çoxu pandemiyanın ailə gəlirlərinə mənfi təsir göstərdiyini bildirib. Məhz bu kimi amillər nəzərə alınaraq ölkə başçısı tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib.  Məlumat üçün qeyd edək ki, koronavirusun yayıldığı ilk andan bu günə kimi vətğəndaşların problemləri daima dövlət başçısının diqqətində olub. Belə ki, SOVİD-19-un əhalinin sosial durumuna təsirini aradan qaldırmaq məqsədilə ilkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaq. Sonra bu insanların sayı 600 minə çatdırıldı. Həmçinin, 15 mindən çox tənha yaşlı insana evlərində sosial xidmətlər göstərilir, 2020-ci il martın 1-dən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. On dörd min nəfəri əhatə edən bu tədbir üçün 2,6 milyon manat ayrılıb. Bu istiqamətdə daha bir tədbir isə əhaliyə güzəştli işıq limitinin aprel-may ayları üçün 100 kilovat saat həcmində artırılıb. Göründüyü kimi, koronavirus pandemiyası şəraitində reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirləri Prezident İlham Əliyevin "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır", "Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır" fikrilərinin bariz təzahürüdür və əməli işlərlə tamamlanır. Bütün bunlar ölkə Prezidenti İlham Əliyevin düşünülmüş uğurlu siyasəti nəticəsi və xalqın öz Prezidentinə inamıdır. Sadalanan faktlar isə Azərbaycan reallığını əks etdirən sosioloji sorğunun nəticəsidir.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31