“Pandemiya ilə əlaqədar Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilir”
İlham Əliyev: “Səhiyyə sistemində çalışan insanlar prinsip etibarilə daim dövlət tərəfindən qayğı ilə əhatə olunur”
3 Sentyabr 2020 10:49 Siyasətİlham Əliyev: "Səhiyyə sistemində çalışan insanlar prinsip etibarilə daim dövlət tərəfindən qayğı ilə əhatə olunur"
Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə tədbirləri səmərəsini verməkdədir. Görülən effektli tədbirlər nəticəsində müalicə olunanların sayı virusa yoluxanların sayını üstələyir. Məhz bu amil nəzərə alınaraq aprelin 24-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargah ardıcıl olaraq karantin rejimi tədbirlərinin yumşalması haqqında qərar qəbul edib.
Azərbaycanda epidemioloji gərginlik davam etsə də, karantin rejimi vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Bu da diaqnostik imkanlar və xəstəliyin vaxtında aşkarlanmasının nəticəsidir. Bəzi regionlar isə artıq koronavirusdan təmizlənib. Virusun qeydə alındığı ərazilərin əksər hissəsində risk ocaqları ləğv edilib. Onlarla rayonda isə ümumiyyətlə xəstəliyə yoluxma halı qeydə alınmayıb. Azərbaycanda koronavirusa qarşı görülən tədbirlərin müsbət göstəricilərlə müşahidə olunması, həm də səhiyyə sahəsində görülən işlərin məntiqi nəticəsidir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və göstərişi əsasında son illərdə bu sistemdə önəmli tədbirlər reallaşdırılıb. Ölkədə yüzlərlə səhiyyə ocağı tikilib və təmir edilərək xəstələrin istifadəsinə verilib. Hər il 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçib. Koronavirus pandemiyası ilə mübarizədə bütün qüvvələr səfərbər olunub. Hazırda virusa yoluxan xəstələr 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Bir müddət öncə istifadəyə verilən 575 çarpayılıq müasir standartlara uyğun "Yeni klinika" xəstəxanası da xəstələrin ixtiyarındadır. Artıq çarpayı fondunun genişləndirilməsi üçün 10 modul tipli xəstəxananın tikilməsinə başlanılıb. Bu xəstəxanalar qısa müddətdə açılacaq və həkimlərimiz təlimdən keçərək orada fəaliyyətə başlayacaq. Bütün bunlar Azərbaycanın pandemiyanın başladığı ilk günlərdən mübarizədə özünəməxsus yol seçən ölkələrdən biri olduğunu göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərərin təsirlərini azaltmaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirir. Elə bu layihələrin də əsasında insan, onun rifahı, sosial cəhətdən müdafiəsi dayanır. Ümumiyyətlə, Prezident İlham Əliyev həm dövlət başçısı, həm də bir vətəndaş kimi bu mübarizənin önündə dayanaraq digər ölkə rəhbərlərinə də nümunə göstərir.
Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında qeyd edib ki, COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır: "Bu gün açılan xəstəxanada 820-dən çox çarpayı mövcuddur. Ancaq qısa müddət ərzində biz bu çarpayıların sayını 1500-ə qədər artıra bilərik. Bu xəstəxananın xüsusi özəlliyi ondan ibarətdir ki, burada 130 intensiv terapiya-reanimasiya yeri vardır. Əminəm ki, bu gün açılan xəstəxananın fəaliyyəti COVID-19 ilə apardığımız mübarizədə çox önəmli rol oynayacaq. Bildirməliyəm ki, pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət almışdır. Bu məqsədlər üçün böyük vəsait ayrılmışdır, bütün imkanlar səfərbər edilmişdir. Çünki mövcud çarpayı fondu imkan vermirdi ki, biz bu dəhşətli pandemiya ilə uğurla mübarizə aparaq. Cəmi altı ay ərzində ölkəmizin çarpayı fondu böyük dərəcədə artırılmışdır. Ölkəmizin ən gözəl və ən müasir xəstəxanası - Yeni Klinika açılmışdır. Yeni Klinikada çarpayıların sayı 600-ə yaxındır. Hazırda təqribən 400-ə yaxın çarpayı hazır vəziyyətdədir. Bununla bərabər, modul tipli 11 xəstəxana inşa edilmişdir. Bu xəstəxanalarda çarpayıların sayı 4100 səviyyəsindədir. Onu da bildirməliyəm ki, modul tipli 7 xəstəxananın tikintisi nəzərdə tutulub. Amma hazırda buna ehtiyac yoxdur. Çünki ölkəmizdə xəstələrin sayı azalır və əgər ehtiyac yaranarsa, qısa müddət ərzində əlavə 1400 çarpayılıq xəstəxanalar inşa oluna bilər. Ehtiyat variantı kimi biz ölkəmizin iki Olimpiya Kompleksini də xəstəxanalara çevirdik və orada da 300-dən 500-ə qədər xəstə müalicə ala bilər. Bütün bunlar bir daha onu göstərir ki, COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir. Bu və digər amillər imkan verdi ki, biz vəziyyəti nəzarət altında saxlayaq. Bildirməliyəm ki, hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 41-i son 17 il ərzində inşa edilmişdir. Məhz regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrimizdə, bütün şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb. Təsəvvür etmək çətin deyil ki, əgər biz vaxtında bu addımı atmasaydıq, bu gün hansı problemlərlə üz-üzə qala bilərdik. Tam məsuliyyətlə deyə bilərəm ki, əgər vaxtında bu xəstəxanalar tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik. Nəinki xəstəxanalar tikilib, ən müasir avadanlıqlarla təchiz olunub və bu gün də bu proses davam etdirilir. Ölkədə 600 yerlik Yeni Klinikanın açılması, 11 modul tipli 11 xəstəxananın inşa edilməsi, bu xəstəxanalarda 4100 çarpayı sayının olması, müasir laboratoriyaların sayının 45-ə çatdırəlması, ölkəmizdə 900 mindən çox test keçirilməsi Azərbaycanın koronavirusa qarşı apardığı mübarizənin uğurlarından hesab edilməlidir. Təsadüfi deyil ki, adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir.
Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilməsi, səhiyyə sistemində çalışan insanların daim dövlətin qayğısı ilə əhatə olunması da görülən tədbirlər sırasındadır: " Bildirməliyəm ki, pandemiya ilə əlaqədar Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilir. Səhiyyə sistemində çalışan insanlar prinsip etibarilə daim dövlət tərəfindən qayğı ilə əhatə olunur. Tikilmiş xəstəxanalar həkimlərin iş yeridir. Həkimlərin həm iş yerlərinin müasirləşdirilməsi, eyni zamanda, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub. Pandemiya dövründə bu diqqət daha da genişmiqyaslı olub. Təkcə onu demək kifayətdir ki, COVID xəstələrinə xidmət edən həkimlərin əməkhaqqı 3-5 misli artırılıb. Ancaq burada əsas problem həkimlərin sayındadır. Çünki heç bir ölkə bu pandemiyaya hazır deyildi. Heç kimin ağlına gələ bilməzdi ki, dünya belə bir bəla ilə üzləşəcək. Bizdə və eləcə də bütün başqa ölkələrdə həkimlərin sayı normal həyat rejiminə hesablanıb. Ona görə, əlavə həkimlərin Azərbaycana dəvət edilməsi gündəlikdə duran məsələlərdən biri idi. Hesab edirəm ki, biz operativ və səmərəli addımlar nəticəsində bu sahədə də məsələni həll etdik. Azərbaycana beş ölkədən - Türkiyədən, Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkim briqadaları gəlmişdir və bu həkimlər bizə kömək göstərirlər. Bir sözlə, görülən bütün bu işlər öz səmərəsini verir. Təsadüfi deyil ki, son həftələr ərzində COVID ilə mübarizədə vəziyyət daha müsbətdir. Biz müsbət dinamikanı görürük və ümid edirəm ki, bu dinamika bundan sonra da qorunub saxlanılacaqdır". Sadalanan faktlar deməyə əsas verir ki, COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir. Bu da öz növbəsində pandemiyanın qarşısının alınmasında əhəmiyyətli rol oynayır.
Alim
Olaylar.az