Türkiyə-Azərbaycan dostluq-qardaşlığının daha bir sübutu...Və Bakıdan Afinaya ünvanlanan diplomatik mesaj
3 Sentyabr 2020 09:45 SiyasətBu gün dünyaya nümunə olan Azərbaycan-Türkiyə dostluq-qardaşlığı bütün situasiyalarda, bütün istiqamətlərdə əməkdaşlıqda özünü göstərir, təsdiq edir. Azərbaycanın haqq işi uğrunda apardığı mübarizədə Ankara Bakıya dəstək ifadə edib, onu sona qədər müdafiə etdiyi kimi, Bakı da öz növbəsində Ankaranın bir sıra prinsipial məsələlərdə bir nömrəli müdafiəçisi, dəstəkvericisidir. Tarixin müxtəlif dövrlərində bu belə olub və günümüzdə də eyni tendensiya davam edir.
Ən son Tovuz istiqamətində gedən döyüşlərdə Türkiyənin Azərbaycana yönəlik qardaş dəstəyi bu dostluq-qardaşlığın, əməkdaşlığın ən bariz nümunəsidir. Qeyd etdiyimiz kimi Azərbaycan da öz növbəsində Türkiyəni istənilən prinsipial məsələlərdə dəstəkləyir və bununla bağlı birbaşa Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən ortaya siyasi iradə qoyulur. Bu münasibəti, qardaş dəstəyi və Ankaranın mövqelərini müdafiə etmək kimi müsbət tendensiyanı bir daha ötən gün Yunanıstanın Azərbaycana təyin edilmiş yeni səfirinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə aydın şəkildə gördük. Dövlət başçısı Yunanıstanın səfirinə açıq şəkildə və net olaraq bildirdi ki, biz heç bir tərəddüd etmədən Şərqi Aralıq dənizində baş verən son proseslərdə Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik: "Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq".
Dövlət başçısının yunan səfirlə görüşü bir tərəfdən Azərbaycanın rəsmi mövqeyinin bu qəbul vasitəsilə dünya birliyinə, eyni zamanda Afinaya çatdırılması idisə, digər tərəfdən səfirin timsalında Yunanıstan tərəfinə verilən diplomatik dərs idi. Bir qayda olaraq Ermənistanı və onun havadarlarını diplomatik jestlə mat vəziyyətinə qoyan Azərbaycan Prezidentinin yunan səfiri qəbul edərkən səsləndirdiyi fikirlər eyni zamanda Afinaya ünvanlanmış diplomatic mesaj idi ki, işğalçı Ermənistana dəstək nümayiş etdirməsinlər:
"Cənab səfir, mən sizinlə açıq danışacağam. Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu bilirəm. Lakin zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək. Mənim sizinlə qaldırmaq istədiyim, sizin bunu digər mənbələrdən deyil, məndən eşitməyinizi istədiyim ikinci məsələ Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığımızdır. Ermənistan Azərbaycanın düşmənidir və bu, onların qərarı olub. Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Siz yəqin ki, sərhəddə Ermənistanın təxribatından dərhal sonra Rusiyadan Ermənistana intensiv silah təchizatına bizim reaksiyamızdan xəbərdarsınız. Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq dünənə qədər, - dünən sonuncu uçuş idi, - Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər. Əməkdaşlığın bu üçtərəfli formatı bizi narahat edir. Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim. Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb".
Azərbaycan Prezidentinin yunan səfiri qəbul edərkən səsləndirdiyi fikirlər eyni zamanda dövlət başçısımızın kifayət qədər fəal, bütün situasiyaları dəyərləndirib analiz edib nəticələr çıxara bilən bir diplomat olduğunu da ortaya qoydu. Əslində bu da təbiidir. Çünki dövlət başçısı məhz diplomatiya məktəbi keçmiş liderlərdən biridir. Elə bu üstnülüyüdür ki, yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycan Prezidenti bütün situasiyalarda Ermənistan rəhbərliyinə diplomatik zərbə vuraraq onları mat vəziyyətinə salır.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yunan səfiri qəbul edərkən söylədiyi "Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək və biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik. Lakin əlbəttə ki, bu, Yunanıstan hökumətinin siyasəti və mövqeyindən asılı olacaq. Bununla çıxışımı bitirirəm və sizə nəyin doğru olduğunu düşündüyünüzü söyləməyə imkan verirəm" fikirləri də Afinanın diplomatik dillə bilgiləndirilməsi və öz siyasətinə yenidən nəzər salmasına edilən bir çağırış idi.
Dövlət başçısının yunan səfiri qəbul edərkən istər Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər, istərsə də Afinaya ünvanlanmış mesajlarına diqqət çəkən ekspertlər Azərbaycan Prezidentinin bu mövqeyini yüksək dəyərləndirirlər. Milli Məclisin deputatı Jalə Əliyeva deyir ki, bu Azərbaycanın timsalında Türkiyəyə növbəti qardaş dəstəyidir. Necə ki, Türkiyə də istənilən situasiyada Azərbaycana eyni tərzdə dəstək verir. Deputat dövlət başçısının yunan səfirlər keçirdiyi görüşdə söylədiyi fikirlərə diqqət çəkib: "Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı...". Bu fikirlər ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdur. Cənab Prezident bu fikirləri, bu mesajı, bu bəyanatı sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən səsləndirdi. Qəbul zamanı bir çox məsələlərə birmənalı və sərt mövqeyini ifadə edən dövlətimizin başçısı qardaş, dost Türkiyə ilə Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginliyə də geniş toxundu və qeyd etdi ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir, türklər bizim qardaşlarımızdır və beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq. Bəli, əsl dost, əsl qardaş, əsl müttəfiq mövqeyidir".
Jalə Əliyeva qeyd edib ki, bir azərbaycanlı, bir Azərbaycan türkü kimi dövlət başçısının həmin fikirlərindən çox qürurlanıb, çox sevinib: "Açıq şəkildə deyirəm ki, hətta, çox kövrəldim. Və bir anlıq yaxın tariximizdə baş vermiş daha bir qürurverici hadisəyə ekskurs etdim. Yəqin çoxlarının yadında olar, bir neçə il öncə növbəti Davos Forumu keçirilirdi və bəzi səbəblərdən qardaş dövlət həmin tədbirdə rəsmi şəkildə təmsil olunmurdu. Debatlar zamanı söhbət Türkiyənin üstünə gəldikdə dövlət başçımız açıq və qətiyyətli şəkildə "Türkiyə yoxdur, amma biz burdayıq, nə lazımdırsa, biz cavab verə bilərik..."-deyə, bəyan edərək, hər kəsi, xüsusilə də, nüfuzlu tədbir iştirakçılarını, dövlət və hökumət liderlərini təəccübləndirmişdi. Çoxları bu sözlərdən sanki çaşqınlığa, şoka düşmüşdülər. Amma bu mövqe, bu iradə bütün Türk dünyasında, həm Türkiyədə, həm də Azərbaycanda hamı tərəfindən alqışla, təqdirlə, sevinclə, həyacanla qarşılanmışdı. Şəxsən indi olduğu kimi, o zaman da bu qətiyyətli, cəsarətli mövqeyinə, iradəsinə görə cənab Prezidentimizlə qürurlanmış, iftixar hissi keçirmişdik. Bəli, bu sözləri yalnız İlham Əliyev kimi özünə güvənən, qətiyyətli, iradəli, cəsarətli dövlət və siyasət adamı, lider səsləndirə, bəyan edə bilərdi. Bugünkü bəyanat, sərt xəbərdarlıq və kəskin mesaj da bu mövqenin, bu yanaşmanın təsadüf və ya ani bir hissdən, duyğusallıqdan irəli gələn bir çıxış olmadığını hər kəsə nümayiş etdirmiş oldu. Cənab Prezident bununla bir daha nümayiş etdirmiş və sübut etmiş oldu ki, Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, qardaşlıq, dostluq əlaqələri bütün münasibətlərin fövqündə dayanır. Azərbaycanla Türkiyə bir bədəndir, bir candır, bir kökdən rişələnib, qan, can, ruh bağlılığına malikdir. Azərbaycanın sevinci Türkiyənin sevinci, Türkiyənin uğuru Azərbaycanın uğurudur və ya Azərbaycanın kədəri Türkiyənin, Türkiyənin kədəri Azərbaycanın kədəridir. Bu iki dost və qardaş ölkə bu günə kimi olduğu kimi, bundan sonra da bir olacaq, birgə olacaq, birlikdə problemlərini çözüb, qələbələrinə, zəfərlərinə də birlikdə qoşa qanad kimi addımlayacaqlar. Heç kim, heç bir güc, heç bir dövlət bu birgəliyin, birlikdəliyin, bu vəhdətliyin qarşısını kəsə, qarşısını ala bilməyəcək, əksinə, onlar yolumuzun üzərindən silinib atılacaqlar. Bu günə kimi belə olub, bu gün də belədir, sabah da belə olacaq". Deputat bildirib ki, Azərbaycan Tükiyəyə istisnasız və tərəddüdsüz dəstəyini verəcək, Türkiyə də eynilə Azərbaycanın yanında olacaq: "Azərbaycan Türkiyənin üzləşdiyi terror bəlasına qarşı birmənalı və barışmaz mücadiləsini, o cümlədən, Aralıq dənizində kəşfiyyat məsələsində israrlı, haqlı mövqeyni dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Qeyd etdiyimiz kimi, qəbul zamanı, digər məsələlərdən danışıldı, xüsusilə, Yunanıstan, Kipr və Ermənistanın hərbi əməkdaşlıq məsələsindən narahatlıq ifadə olundu, eyni zamanda, Yunanıstanın keçmiş hökumətinin bu ölkənin qaz şirkəti "DESFA" ilə bağlı tenderin qalibi olan SOCAR-a qarşı ötən müddətdə hasız mövqe nümayiş etdirilməsindən, amma Azərbaycanın bu məsələ ilə əlaqədar hansısa addım atmamasından, əksinə, TAP məsələsində Yunanıstana jest etməsindən söhbət açıldı və bir daha ölkəmizin qətiyyətli mövqeyi ortaya qoyuldu. Odur ki, bütün məsələlərlə, o cümlədən, qardaş Türkiyə ilə bağlı qətiyyətli, cəsarətli mövqeyinə görə cənab Prezidentə minətdarlıq edir, təşəkkürümüzü, şükranlığımızı bildirir, var olun deyirik! Allah Sizi, Azərbaycanımızı, Azərbaycan-Türkiyə qardaşlığını qorusun".
Füzuli
Olaylar.az