Ermənistanın köçürmə siyasətinin arxasında hansı gizli məqsəd dayanır? ÖZƏL - AÇIQLAMA
"İşğalçı Ermənistan davamlı olaraq işğal altında saxladığı Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırmanı həyata keçirir
2 Sentyabr 2020 15:32 Siyasət"İşğalçı Ermənistan davamlı olaraq işğal altında saxladığı Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırmanı həyata keçirir. Bu yeni hal deyil. ATƏT-in Minsk qrupu 2011-ci ildə ərazidə faktaraşdırıcı missiyasını həyata keçirmiş və bu missiyanın yekunu olaraq hazırlanmış hesabatda yer alan məqamlardan biri də ondan ibarətdir ki, işğalçı Ermənistan Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırmanı həyata keçirir. Ermənistan davamlı olaraq Suriyadan, Livandan olan erməni ailələrini Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarında yerləşdirmiş, orada onların yaşayışı üçün infrostruktur quruculuğunu həyat keçirmişdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü olan deputatı Elşad Mirbəşiroğlu deyib.
"Ermənistan artıq Vardanes-Ağdərə yolunu da istifadəyə vermək üzrədir. Yolun artıq 28 km-ə qədəri asfaltlaşdırılıb. Bu da ondan xəbər verir ki, işğalçı Ermənistan öz xoşu ilə Azərbaycan torpaqlarını işğaldan azad etmək fikrində deyil. Ermənistan danışıqlar prosesində sadəcə olaraq simvolik xarakterdə iştirak edir. Bu gün danışıqlar prosesində Ermənistanın iştirakı təbii ki, imitasiya xarakteri daşıyır. Bununla bərabər qeyd etmək lazımdır ki, Ermənistan davamlı olaraq Azərbaycana qarşı, Azərbaycanın işğal altında saxladığı ərazilərində qeyri-qanuni addımlar atmaqdadır. İşğalçı Ermənistana qarşı hər hansı bir irad ortaya qoyulmur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırmanı həyata keçirməsi beynəlxalq hüquqla ziddiyət təşkil edir. Buna görə də Ermənistana qarşı məsuliyyət tədbirlərinin həyata keçirilməsi gərəkdiyi halda beynəlxalq hüquq müdafiəçiləri, beynəlxalq təşkilatlar, xüsusilə də münaqişənin tənzimlənməsi prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu hər hansı bir reaksiya nümayiş etdirmir".
Millət vəkili vurğulayıb ki, işğalçı Ermənistan əslində Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırmanı həyata keçirməklə növbəti dövrdə erməni əsilli əhalinin sayını artırmaqla ərazinin statusu məsələsində daha ciddi mövqedən çıxış etmək istəyirlər: "Hesab edirəm ki, məsələni ciddi amil kimi nəzərə alaraq indidən onun qarşısının alınması istiqamətində addımlar atmaq vacibdir. Ermənilər daha əvvəl Suriyadan, indi isə aktiv şəkildə Livandan Azərbaycan ərazilərinə köçürülənləri həm də orduya cəlb edirlər. Orduya cəlb etməkdə onaların iki əsas məqsədi var. Birincisi onlar qondarma Dağlıq Qarabağ rejiminin müdafiə sistemini möhkəmləndirməyə nail olmaq istəyirlər. İkincisi isə Azərbaycana qarşı törətdikləri təxribatlara Azərbaycan tərəfindən tutarlı cavab alan zaman itkilərini gizlətmək məqsədi güdürlər. Çünki, onlar Ermənistanda rəsmi qeydiyyatda və yaxud qondarma Dağlıq Qarabağ rejimində rəsmi qeydiyyatda, eyni zamanda, rəsmi hərbi qeydiyyatda olmadıqlarına görə həmin şəxslər Azərbaycana qarşı törədilən təxribatlarda öldürülən zaman da onların hansısa bir yerdə hesabatı getməyəcək. Onların itkilər haqqında informasiyalarını gizlətmək asan olur. Bununla da separatçı rejim və işğalçı Ermənistan itkilərini gizlətməyə nail olur. Beləliklə də cəmiyyəti çaşdırırlar".
Elşad Mirbəşiroğlu hesab edir ki, Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırmanı həyat keçirməsi bütövlükdə oxşar coğrafiyalarda da analoji halların baş verməsi üçün olduqca təhlükəli siyasi nümunə rolunda çıxış edir: "Bunun qarşısı beynəlxalq təşkilatlar tərəfindən qətiyyətlə alınmalıdır, Ermənistan bu addımlarına görə məsuliyyətə cəlb olunmalıdır. Münaqişənin dinc vasitələrlə tənzimlənməsini sual qarşısında qoyan əsas amillərdən biri də hazırkı mərhələdə Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırmanı həyat keçirməkdir".