Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti nəyə hesablanıb?
Livan ermənilərinin Qarabağa köçürülməsi bölgədə etnik quruluşu dəyişdirmək niyyəti güdür
1 Sentyabr 2020 12:30 SiyasətLivan ermənilərinin Qarabağa köçürülməsi bölgədə etnik quruluşu dəyişdirmək niyyəti güdür
Təcavüzkar dövlət olan Ermənistan işğal etdiyi Azərbaycan ərazilırində qeyri-qanuni fəaliyyətini, o cümlədən qanunsuz məskunlaşdırma siyasətini davam etdirir. Artıq Azərbaycanın işğal altında olan ərazilərində ermənilərin məskunlaşdırılması faktı rəsmi mənbələr tərəfindən təsdiqini tapıb. Konkret olaraq Azərkosmos ASC-nin "Azersky" peyki vasitəsilə aparılmış monitorinqlər nəticəsində ölkəmizin işğal altındakı Kəlbəcər rayonunun ərazisində qeyri-qanuni yaşayış məskəninin salınması faktı birmənalı şəkildə təsdiqlənib. Məlumata görə, 2019-cu ilin sonlarından etibarən salınmağa başlamış bu yaşayış məskəni hazırda 15 evdən ibarətdir. İnşaat işlərinin sürəti və gedişi bu yaşayış məskəninin daha da genişlənəcəyini deməyə əsas verir. Belə ki, 2020-ci ilin yanvar ayında bu yaşayış məskənində 6 ev, martda 10 ev, apreldə 14 ev hazır vəziyyətə gətirilmişdirsə, avqust ayında bu rəqəm artıq 15-ə çatıb. Məlumat üçün bildiririk ki, düşmənin bu cür süni məskunlaşdırma siyasətinin tərkib hissəsi olaraq son illər işğal altında olan rayonlarda, o cümlədən Cəbrayılda "Aracamux", Laçında "Ariavan" adlı yaşayış kompleksi, Zəngilanda, Qubadlının Xanlıq kəndində yeni yaşayış məntəqələrində evlərin tikilməsi ilə bağlı qeyri-qanuni fəaliyyət həyata keçirilib. Peyk təsvirlərinin analizində göründüyü kimi, yeni yaşayış məntəqələrinin salınması faktı Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfinin beynəlxalq humanitar hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarına, insan hüquqları normalarına zidd olaraq qeyri-qanuni fəaliyyətini davam etdirdiyini sübut edir. Bu qanunsuz fəaliyyət Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının davam etdirilməsi və möhkəmləndirilməsi, ərazilərimizin ilhaq edilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının qarşısının alınmasına yönəlib. Yeri gəlmişkən qeyd edək ki, Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da əksini tapıb.
xxx
Son illərdə beynəlxalq aləmdə baş verən hadisələrin nəticəsi olaraq Ermənistan məskunlaşdırma siyasətini daha da intevləşdirib. Belə ki, Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan sonra ölkədə yaşayan erməni mənşəli Livan vətəndaşlarının "tarixi torpaqlarına" geri dönüşü ilə bağlı mövzu Ermənistanda yenidən aktuallaşıb. Suriya ermənilərindən sonra bu dəfə də Livan ermənilərinin Ermənistana miqrasiyası mühüm əhəmiyyət kəsb edir. Qondarma rejimin başçısı Araik Arutunyan Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıq əsnasında, Dağlıq Qarabağın Livandan 100-150 erməni ailəsini qəbul etməyə hazır olduğunu bildirib. Həmçinin, müzakirə zamanı erməni ailələrinə qondarma rejim tərəfindən dəstək proqramlarının həyata keçirilməsi haqda fikir mübadiləsi aparılıb. (http://panarmenian.net/m/rus/news/283746). Artıq Livandan ilk iki ailə Dağlıq Qarabağa yerləşdirilib və bu prosesin davamlı olacağı istisna edilmir. (https://news.am/rus/news/598688.html). Beləliklə, Livanda davam edən qeyri-stabil vəziyyətdən Ermənistan və qondarma Dağlıq Qarabağın acınacaqlı demoqrafik strukturunun yaxşılaşdırılmasında istifadə edilməsi planlaşdırılır. İşğal olunmuş ərazilərə Livan ermənilərinin süni şəkildə köçürülməsi, erməni əhalisinin heç vaxt yaşamadığı işğal olunan ətraf rayonların etnik quruluşunu dəyişdirmək niyyəti güdür. Ermənistanın əsas məqsədi, Livandan işğal olunan bölgələrə süni köçlər vasitəsi ilə boş əraziləri iqtisadi cəhətdən canlandırmaq və yeni demoqrafik vəziyyətin yaradılması ilə gələcəkdə azərbaycanlıların doğma torpaqlarına geri dönməsinin qarşısını almaqdır. Həmçinin, ASALA erməni terror təşkilatının tarixən Livan ərazisində formalaşdığı nəzərə alınarsa, xüsusi düşərgələrdə təlim keçmiş terrorçuların Azərbaycan ərazilərinə gəlməsi istisna edilmir. Maraqlı məqam ondan ibarətdir ki, beynəlxalq təşkilatlar, münaqişənin həllində yaxından iştirak edən ATƏT-in Minsk qrupu işğal edilmiş torpaqlarda aparılan süni köç fəaliyyətləri ilə bağlıniyə susurlar. Xatırladırıq ki, beynəlxalq hüquq ilə yanaşı, Azərbaycan qanunvericiliyini kobud şəkildə pozaraq ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz fəaliyyəti həyata keçirən Ermənistan, onun fiziki və hüquqi şəxsləri, eləcə də işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyətdə iştirak edən bütün digər şəxslər və şirkətlər inzibati və hüquqi məsuliyyət daşıyırlar.
Alim