Prezident İlham Əliyevin rus kanallarına müsahibəsinə ŞƏRH
Mayis Səfərli: “Yaddaşların təzələnməsi, tarixi həqiqətlərin unudulmaması baxımından çox dəyərlidir”
1 Sentyabr 2020 10:50 SiyasətMayis Səfərli: "Prezident İlham Əliyevin rus kanallarına müsahibəsi yaddaşların təzələnməsi, tarixi həqiqətlərin unudulmaması baxımından çox dəyərlidir"
"Tarixdən bildiyimiz kimi, Hitler Almaniyasının Sovetlər Birliyinə hücumu zamanı ən dəhşətli, sözün həqiqi mənasında, ölüm - dirim savaşlarından biri Rusiyanın cənubunda, Rostov vilayətinin Don çöllərində baş vermişdir. Böyük itkilərlə sonuclanan qanlı döyüşlərin nəticəsində faşist ordularının müqaviməti qırıldı və onların cənuba -Bakı neftinə doğru yolu kəsildi. Belə böyük hərbi uğur əsgər və zabitlərinin mütləq əksəriyyətinin azərbaycanlılardan ibarət olan 416 -cı atıcı diviziyanın adını hərb tarixinə salmışdır. Avqustun 30-da Rostov vilayətində həmin döyüşlərin xarakterini, dəhşətlərini əks etdirən "Sambek yüksəklikləri" hərbi - tarixi muzey kompleksinin açılışı olub. Bu münasibətlə həmin gün "Rossiya -24" və "Rossiya -1" kanallarında verilişlər yayımlanıb. Reportajlarda Prezident İlham Əliyevin müsahibəsi də təqdim olunub". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, dövlətimizin rəhbəri tarixi faktlara əsaslanan dərin və əhatəli təhlillə faşizmlə mübarizədə əldə olunan qələbədə xalqımızın verdiyi töhfələrdən, həmvətənlərimizin döyüşlərdəki qəhrəmanlıqlarından danışıb: "416 -cı diviziya təkcə Rostovu deyil, bütün Rostov vilayətini, o cümlədən Taqonroq şəhərini azad edib, bundan sonra diviziyaya Taqonroq adı verilib. Melitopol, Kişinyov, Odessa şəhərlərini də 416 -cı diviziya azad edib. Bu diviziya uğurla həyata keçirilmiş Mozdok əməliyyatında xüsusilə fərqlənib ". Prezident doğru olaraq əlavə edib ki, Azərbaycan döyüşçülərinin Mozdok zəfəri müharibənin gedişinə böyük təsir göstərdi. Bakının Hitlerin əlinə keçməsinin qarşısı alındı. Əks halda, müharibənin nəticələri fəlakətli ola bilərdi. Axı, cəbhə üçün yanacağın 80%-ni, sürtgü yağlarının isə 90%-ni Azərbaycan təchiz edirdi. Bəli, bu bir tarixi gerçəklikdir ki, Azərbaycan diviziyası, Bakı nefti olmasaydı müharibənin nəticələri başqa cür olardı. Bəlkə də indiki siyasi xəritədə Rusiya adında yer belə olmazdı".
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rus kanallarında nümayiş etdirilən müsahibəsi yaddaşların təzələnməsi, tarixi həqiqətlərin unudulmaması baxımından çox dəyərlidir: "Bugünki Rusiya cəmiyyətində buna böyük ehtiyac var. Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş xalqımıza qarşı soyqırımlar həyata keçirmiş,hər dəfə yeni hərbi təxribatlara əl atan təcavüzkar Ermənistanı dəstəkləyən, ona silah verən, pul verən, ruh verən ruslar bilməlidirlər ki, tarix təkrar oluna bilər".