"Heç bir ayrı-seçkiliyə yol verilməməlidir"- Prezident
Azərbaycan dövləti bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı səmərəli mübarizə həyata keçirməkdədir. Ötən müddət ərzində həm atılan addımlar, həm də görülən adekvat tədbirlər nəticəsində virusun daha geniş masştabda yayaılmasının qarşısı alınıb, digər ölkələrə nisbətdə pandemiyadan ölüm halı minimum səviyyə təşkil edib
31 Avqust 2020 15:35 Siyasətİlham Əliyev: "Cəza tədbirləri bütün kateqoriya insanlara tətbiq edilir"
Azərbaycan dövləti bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı səmərəli mübarizə həyata keçirməkdədir. Ötən müddət ərzində həm atılan addımlar, həm də görülən adekvat tədbirlər nəticəsində virusun daha geniş masştabda yayaılmasının qarşısı alınıb, digər ölkələrə nisbətdə pandemiyadan ölüm halı minimum səviyyə təşkil edib. Heç şübhəsiz ki, burada səhiyyət, tibb sahəsində görülən işləri, həyata keçirilən tədbirləri xüsusi vurğulamaq lazımdır. Həm zamanında ölkənin səhiyyə sisteminin yenidən qurulması, paytaxt və bölgələrdə yeni səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi, onların müasir tibb avadanlıqları ilə təmin edilməsi, həm də pandemiya yayılmağa başlayandan daha yeni tibb mərkəzləri, modul tipli xəstəxanaların quraşdırılması koronavirus pandemiyasına qarşı daha səmərəli mübarizənin aparılmasını şərtləndirənn başlıca amillərdəndir. Məlumat üçün qeyd edək ki, təkcə son bir neçə ay ərzində koronavirusa qarşı mübarizə çərçivəsində ölkədə paytaxt da daxil olmaqla bölgələrdə onlarla modul tipli xəstəxana quraşdırılıb ki, həmin xəstəxanalarda da birbaşa koronavirus xəstələri müalicə alır. Bu günlərdə daha bir modul tipli xəstəxananın açılış mərasimi olub. Belə ki, avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hospitalın videoformatda açılışında iştirak edib.
Qeyd etdiyimiz kimi aparılan adekvat tədbirlər, açılan yeni səhiyyə ocaqları öz-özlüyündə koronavirusa qarşı səmərəli mübarizəyə öz töhfəsini verir. Eyni zamanda sağalma hallarının daha da çoxalmasına gətirib çıxarır. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, qeydə alınan müsbət dinamika vətəndaşlarımız arasında arxayınlıq yaradır, onlarda tətbiq edilən qaydalara əməl etməmək kimi mənfi tendensiyanı üzə çıxarır. Baxmayaraq bu kimi mənfi hallara qarşı dövlətin müvafiq strukturları, hüquq-mühafizə orqanları haqlı olaraq sərt tədbirlər həyata keçirir, buna baxmayaraq hələ də qeyd etdiyimiz qayda pozuntuları, karantin qaydalarını nümayişkəranə şəkildə pozmaq kimi əməlləri müşahidə edirik. Təəssüfedici məqam ondan ibarətdir ki, karantin qaydalarının pozulması hallarına təkcə sıravi vətəndaşlar deyil, eyni zamanda cəmiyyətdə kifayət qədər tanınan siyasi xadimlər, hətta məmurlar belə yol verirlər. Ötən həftələrdə həm paytaxt, həm də ayrı-ayrı bölgələrdə qeydə alınan bu kimi faktlar belə bir qənaət foirmalaşdırdı ki, bir sıra səlahiyyət sahibləri, məmurlar nümayişkəranə şəkildə, saymazyana dövlətin tətbiq etdiyi qaydaları pozmağa maraqlıdırlar. Hətta dövlətin ən sərt üzü və qanunları ilə rastlaşacaqlarını bildikləri halda, bu qanun pozuntusuna gedir, dövlətə sanki meydan oxuyurlar. Baş verən bu kimi mənfi hallara yol verənlər eyni zamanda etdikləri hərəkətin məsuliyyətini belə dərk etmirlər. Dərk etmək istəmir və nəzərə almırlar ki, onların təşkil etmiş olduğu məclislər və həmin məclislərin karantin qaydalarına zidd keçirilməsi, orada sosial məsafənin gözlənilməməsi daha neçə nəfərin bu virusa yoluxması, xəstəliyin geniş şəkildə yayılması deməkdir. Ona görə də belə kimliyindən, hansı vəzifəni tutmasından asılı olmayaraq belə şəxslərə qarşı ən sərt tədbirlər görülməlidir. Təsadüfi deyil ki, elə Prezident İlham Əliyev də avqustun 31-də keçirilən tədbirdə bu məsələyə diqqət çəkərək öz kəskin mövqeyini ifadə edib. Dövlət başçısı bildirib ki, bu gün hələ də vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların kobudcasına pozulması halları vardır. Prezidentin sözlərinə görə, belə hallar aşkarlananda təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir: "Cəza tədbirləri bütün kateqoriya insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq, hamı qanun qarşısında bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar. Digər tərəfdən, qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək".
Dövlət başçısının da qeyd etdiyi kimi birgə səylər nəticəsində bundan sonra da dövlətin qətiyyətli və düşünülmüş, ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez zamanda normal, adi həyata qayıdaq.
Süleyman