İlham Əliyev: "COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır"
Dünyada tüğyan edən koronovirus pandemiyası dövründə Azərbaycan hökuməti və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qabaqlayıcı tədbirlər görülməsi ilə yanaşı, eyni zamanda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox zəngin sosial paket hazırlanıb və həyata keçirilib.
31 Avqust 2020 15:30 SiyasətDünyada tüğyan edən koronovirus pandemiyası dövründə Azərbaycan hökuməti və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qabaqlayıcı tədbirlər görülməsi ilə yanaşı, eyni zamanda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox zəngin sosial paket hazırlanıb və həyata keçirilib. Bununla belə sahibkarlara, hüquqi və fiziki şəxslərə dövlət tərəfindən çox böyük dəstək nümayiş olunub. Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılaraq və bu Qərargahın təlimatlarına uyğun olaraq ölkəmizdə karantin rejimi qaydaları tətbiq olunub. Konkret olaraq Prezident İlham Əliyev respublikamızda koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən ölkə vətəndaşlarının sağlamlığının qorunmasını, pandemiyaya qarşı mübarizənin gücləndirilməsini bir nömrəli vəzifə kimi qarşıya qoyub, bütün dövlət qurumlarına əsas diqqəti bu sahəyə yönəltməyi tapşırıb. Dövlət başçısı, eyni zamanda, sosial şəraitin qorunması, işsizliyin səviyyəsinin aşağı salınması, özünüməşğulluğun təmin olunması ilə bağlı 2020-ci il 19 mart tarixli müvafiq sərəncam imzalayıb. Nazirlər Kabineti tərəfindən isə Tədbirlər Planı hazırlanaraq təsdiqlənib. Həmin Planda ölkədə məşğulluq məsələlərinə pandemiyanın mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün həyata keçiriləcək məqsədəuyğun tədbirlər geniş yer alıb. Hazırda qətiyyətləı demək olar ki, ölkədə koronavirusa qarşı aparılan mübarizə tədbirləri öz müsbət nəticəsini verməkdədir. Avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında qeyd edib ki, bu amillər imkan verdi ki, biz vəziyyəti nəzarət altında saxlayaq: "Pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət almışdır. Bu məqsədlər üçün böyük vəsait ayrılmışdır, bütün imkanlar səfərbər edilmişdir. Çünki mövcud çarpayı fondu imkan vermirdi ki, biz bu dəhşətli pandemiya ilə uğurla mübarizə aparaq. Cəmi altı ay ərzində ölkəmizin çarpayı fondu böyük dərəcədə artırılmışdır. Yeddi modul tipli xəstəxananın tikintisi nəzərdə tutulub. Amma hazırda buna ehtiyac yoxdur. Çünki ölkəmizdə xəstələrin sayı azalır və əgər ehtiyac yaranarsa qısa müddət ərzində əlavə 1400 çarpayılıq xəstəxanalar qısa müddət ərzində inşa oluna bilər. COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar icra edilir, vaxtında və yüksək keyfiyyətlə. Bu və digər amillər imkan verdi ki, biz vəziyyəti nəzarət altında saxlayaq". Qeyd edək ki, hazırda da koronavirusa qarşı mübarizə çərçivəsində müvafiq addımlar atılmaqdadır. Belə ki, hökumətin təsdiq etdiyi Tədbirlər Planı çərçivəsində dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqlarının qorunmasına ciddi nəzarət edilir. Həmçinin işsiz insanlar qeydiyyata alınaraq onlara ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilir. Xatırladaq ki, cari ilin aprel və may ayları üçün nəzərdə tutulan dəstək proqramı ilkin mərhələdə 200 min nəfəri əhatə edirdisə, ikinci mərhələdə bu yardımdan Azərbaycan Prezidentinin qərarı ilə 600 min insanın faydalanması nəzərdə tutulur. Eyni zamanda, insanların sosial təminatının yaxşılaşdırılması istiqamətində islahatlar aparılır, işsiz vətəndaşlar işə cəlb edilir, imkansız şəxslər pul, ərzaq və tibbi yardımlarla təmin olunur. Dövlətimizin həssas qrupdan olan təbəqəyə qayğısının bariz ifadəsi kimi, yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmət göstərilir, əlilliyi olan insanlar diqqətdə saxlanılır, həssas əhali qrupuna aid ailələrin övladlarının təhsil haqqı dövlət hesabına ödənilir. Şübhəsiz ki, bütün bunlar ölkə rəhbərinin dünyanı cənginə alan COVİD-19 virusunun Azərbaycanda yayılmasının qarşısının alınması sahəsində vaxtında həssas münasibət, böyük diqqət göstərmələrinin parlaq ifadəsidir. Məhz bu baxımdan qeyd etmək olar ki, Azərbaycanda koronavirusa qarşı görülən tədbirlər artıq öz müsbət nəticəsini verməkdədir.
Alim