Bu, erməni ordusuna yeni terrorçuların qazandırılması siyasətidir - Deputat
“Bu günlərdə Ermənistanda müdafiə haqqında qanuna dəyişikliklərin edilməsi müzakirə olunmaqdadır. Bunu zəruri edən səbəb ondan ibarətdir ki, faktiki olaraq ölkədə müdafiəni təşkil edəcək insani resurslar, ordu, orduda nizam-intizam yoxdur.
29 Avqust 2020 14:15 Siyasət"Bu günlərdə Ermənistanda müdafiə haqqında qanuna dəyişikliklərin edilməsi müzakirə olunmaqdadır. Bunu zəruri edən səbəb ondan ibarətdir ki, faktiki olaraq ölkədə müdafiəni təşkil edəcək insani resurslar, ordu, orduda nizam-intizam yoxdur. Ermənistanın əl atdığı sonuncu təxribatlarda bir daha aydın oldu ki, bu ordu döyüş qabiliyyətli deyil. Ona görə də yeni qanunda könüllülərin orduya cəlb olunması məsələsi aktuallaşdırılır və düşünürlər ki, bu şəkildə işğalçı Ermənistanın ordusunu gücləndirmək olar. Ancaq bu, mümkün deyil və əslində, məsələnin başqa tərəfləri də var".
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, diqqətlə təhlil etdikdə aydın olur ki, könüllülərin orduya cəlb olunmasında tək məqsəd sadəcə ordunun gücləndirilməsi deyil: "Bu vasitə ilə hər şeydən öncə Paşinyan orduda özünə sadiq qüvvələr yaratmaqla siyasi rəqibləri önündə üstünlük qazanmağa çalışır. Çünki onun siyasi rəqibləri bu və ya digər formada ordu ilə bağlı olmuş və sonradan prezidentlik kürsüsünü əldə edən şəxslərdir ki, Sərkisyan da, Köçəryan da bu şəkildə eyni keçmişə malik idilər. Beləliklə, orduda, onun hərbi elitasında onların müəyyən nüfuzu var. İkinci məsələ ondan ibarətdir ki, könüllülər adı altında Ermənistan öz işğalçı ordusuna muzdluları və terroristləri cəlb etmək niyyəti güdür ki, bu da əslində, onsuz da terrorçu olan orduya yeni terroristlərin qazandırılması siyasətidir. Əsas məsələlərdən digəri isə orduda yeni güc mərkəzi yaratmaqla Paşinyana qarşı mümkün iğtişaşlara cavab vermək üçün sadiq qüvvələr əldə etməkdir. Ona görə də hazırda bu dəyişikliyin həyata keçirilməsi ilə bağlı addımlar atılmaqdadır. Amma bu formada şübhəsiz ki, ordunu gücləndirmək olmaz".
Deputat qeyd edib ki, insani resursların qıtlığı, vətəndaşların, hərbi qulluq yaşına çatmış gənclərin, o cümlədən əhalinin ölkəni tərk etməsi Ermənistanda ordu quruculuğu işini iflic vəziyyətə salıb: "Bu problemi həll etmək zərurətindən irəli gələn axtarışlar zamanı bir müddət əvvəl müxtəlif ideyalar ortaya atılmağa başlandı. Paşinyan əvvəlcə xalq, ordu qurmaq tezisini irəli sürdü. Əlbəttə ki, olmayan xalqdan olmayan bir ordu da düzəltmək mümkün deyil. Ümumiyyətlə xalq, ordu ənənəsi Ermənistanın tarixində olmayan bir hadisədir. Ona görə də öz milli xarakterlərinə uyğun olaraq könüllülər adı altında muzdluların və terroristlərin Ermənistan ordusuna cəlb etməsini ən doğru və ən optimal yol kimi müəyyənləşdirdilər. Amma şübhəsiz ki, könüllülərin orduya cəlb edilməsi məsələsi və onların saxlanılması Ermənistan büdcəsinin öhdəsindən gələcəyi bir iş deyil. Çünki bunun çox ciddi maliyyə tərəfləri var. Bu, sadəcə ətrafında bütün həlqələrin daraldığını hiss edən Ermənistanın uğursuz çırpınışlarıdır. Şübhəsiz ki, bunlar heç bir halda Ermənistan ordusunu güclü etməyəcək və Azərbaycan öz güclü Ordusuyla ən qısa zamanda ərazi bütövlüyünü bərpa edəcək".(Publika.az)