“Bir yumruq kimi birləşərək dövlətimizin, xalqımızın yanında olmalıyıq”

Rauf Qurbanov: “Ölkəmizin suverenliyini, ərazi bütövlüyünün bərpa olunması üçün bütün qüvvə və bacarığımızı səfərbər etməliyik”

Rauf Qurbanov: "Ölkəmizin suverenliyini, ərazi bütövlüyünün bərpa olunması üçün bütün qüvvə və bacarığımızı səfərbər etməliyik"

Müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementindən birinə çevrilib. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirmişdir. Məlum olduğu kimi Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. Etiraf edilməlidir ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır. Ümummilli liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı. Zaman keçdikcə diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Diaspora quruculuğu siyasətinin də əsas məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir. Eyni zamanda, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi vacib elementı çevrilib.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşlarımızın vahid bir amal ətrafında birləşdirilməsi istiqamətində indiyədək əldə olunmuş bütün nailiyyətlər ölkədə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Hazırda bu inkişaf strategiyasını müvəffəqqiyyətlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diasporumuzun formalaşdırılması sahəsində nailiyyətləri yeni inkişaf mərhələsinə qaldıraraq daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin iş rejiminin gərginliyinə baxmayaraq Azərbaycan diasporu ilə bilavasitə bağlılığı olan xarici ölkə nümayəndələrini mütəmadi qəbul etməsi artıq ənənəyə çevrilmiş və Diasporla İş üzrə Dövlət Komitəsinin bu sahədəki fəaliyyətinə böyük təkan verir. Cənab İlham Əliyev hələ Prezident seçilməzdən əvvəl də diaspor işinə xüsusi diqqət yetirmiş, diaspor təşkilatlarımız, ümumən xaricdə yaşayan soydaşlarımız həmişə onun qayğısını hiss etmişlər.

2003-cü ilin prezident seçkilərində xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyev diaspor məsələlərinə diqqətini artırmış, xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, onların vahid ideya ətrafında birləşdirilməsi siyasətini müvəffəqiyyətlə davam etdirmişdir. Prezident İlham Əliyev 2003-cü ilin dekabrında Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə müraciətində həmvətənlərimizi ümumi maraqlarımız ətrafında sıx birləşməsinin tarixi zərurət olduğunu vurğulamış və ümummilli lider Heydər Əliyevin bu sahədə əldə etdiyi nailiyyətlərə əsaslanaraq, daha da irəliyə getmək üçün mühüm addımlar atılacağını bəyan etmişdir. Müraciətdə Prezident İlham Əliyev həmvətənlərimizlə əlaqələrin möhkəmləndirilməsini dövlətin prioritet vəzifələrindən biri olduğunu vurğulamış və hökumətin bu sahədə bütün zəruri tədbirləri görməyə hazır olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əksər xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, dəyərli tövsiyələrini verir. Maraqlıdır, bəs hazırda Azərbaycan diaspora təşkilatlarının fəaliyyəti nə dərəcədə səmərəlidir? Ümumiyyətlə, diaspor təşkilatlarımızın fəaliyyətini qənaətbəxş hesab etmək olarmı? Bu və ya digər mövzularla bağlı suallarımızı Azərbaycan KP MK -nın sədri Rauf Qurbanov cavablandırıb.

- Rauf müəllim, diaspormuzun mühacirətdə yaşayan həmvətənlərimizin inteqrasiyası sahəsində həyata keçirdiyi işləri qənaətbəxş hesab etmək olarmı?

- "Diaspora" qədim yunan məişəli söz olaraq, səpələnmiş mənası kimi başa düşülür. Adətən diasporalar, məcburi və ya könüllü olaraq əhali qruplarının öz tarixi vətənlərindən mühacirəti nəticəsində yaranır. Doğma yurdlarından kənarda yaşayan xalqların milli kimliyinin, etnik özünüdərketmənin, mədəniyyətinin, adət-ənənələrinin, ana dilinin qorunmasında və milli şüurun formalaşmasında diaspora təşkilatların çox böyük rolu və əhəmiyyəti var. Diasporanın  ikinci böyük əhəmiyyəti yaşadıqları dövlətlrin ərazisində güclü  iqtisadi və siyasi  dayaqlara malik olmalarıdır. Diaspora ilə  münasibətlər bir çox ölkələrin xarici siyasətinin mühüm istiqaməti kimi dərk edilir. Bəzi ölkələrin  Çinin, İsrailin, Yunanstanın, Hindistanın və digər millətlərin diasporaları  tarixi vətənlərinə  siyasi və iqtisadi dəstək olmaqla yanaşı  və eyni zamanda   yaşadıqları ölkələrin siyasətinə də  təsir göstərmək kimi  mühüm rola malikdirlər. Yuxarıda adlarını  sadaladığım diasporalar ilə müqayisədə Azərbaycan diasporası çox  gəncdir. Bəzi millətlərdən fərqli olaraq azərbaycanlılar öz tarixi torpaqlarında yaşamağa daha çox üstünlük verirlər. Lakin tarixi reallıq və həyatın gerdişi  azərbaycanlıları da vətəndən  kənarda  yaşamağa məcbur edib. Və bu baxımdan da diaspora təşkilatının formalaşması zəruriyyəti yaranıb. Baxmayaraq ki, Azərbaycan diasporası başqa ənənəvi diasporalarla müqaisədə xeyli gəncdir, hesab edirəm ki, mühacirətdə yaşayan həmvətənlərimizlə inteqrasiyası sahəsində həyata keçirdiyi işlər qənaətbəxş dir.

-50 milyonluq millətimizin 10 milyonundan çoxu tarixi torpaqlarından kənarda-mühacirətdə yaşayır. Bu böyük qüvvənin Azərbaycan naminə daha faydalı işlər görə bilməsi üçün hansı addımlar atılmalıdır?

- Sizin bu sualınıza qismən də olsa mən artıq cavab verdim. Davamı olaraq deyə bilərəm ki, bəli 10 milyon yetərincə sanballı bir rəqəmdir. Dünyada sayca ən böyük diaspora Çinlilərə aiddir. Onların sayı 50 milyondan çoxdur. 1, 5 mlyard əhalisi olan bir dövlətin bu sayda diaspora üzvü olması, əhalinin ümumi sayı ilə müqaisədə olduqca kiçik bir rəqəmdir.  Səhv etmirəmsə  sonrakı yerləri 25 milyon diaspora üzvləri olmaqla Hindistan və Rusiya tutur. Mənim düşüncəmə görə , diasporanın gücü onun sayından daha çox  , fəaliyyət göstərdikləri dövlətlərdə siyasi və iqtisadi əlaqələrə malik olmalarındadır. Buna misal olaraq yahudi və yunan diasporalarını  misal göstərmək olar. Respublikamızdan kənarda Azərbaycan diasporasının formalaşması və möhkəmləndirilməsi üçün ölkə başçısı, prezident İlham Əliyev tərəfindən yetərincə dəstək var və bu istiqamətdə  də lazımı işlər görülür.  Hesab edirəm ki, bu siyasət davam etdirilməlidir.

- Bir sıra ölkələrdə güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Lakin etiraf edək ki, onlar arasında əməkdaşlıq olduqca zəifdir. Diasporamızın koordinasiyası üçün nələri təklif edərdiniz?

- Bilirsiz, diaspora fəaliyyətinin gücləndirilməsi üçün ölkə başçıcının dəstəyindən başqa,  onu şərtləndirən digər daha ciddi məsələlər var ki, gərək onlara da tam riayət olunsun. Bunlardan  ən başlıcası vətəninə, mənsub olduğu millətə, dininə, mədəniyyətinə, adət-ənənəsinə, ana dilinə, mental dəyərlərə sıx bağlılıq və  məhəbbətdir. Əgər bu ali hislərə əməl olmazsa kənardan hər hansı  bir dəstək diasporanın gücünü artırıb, onun təsir imkanlarını genişləndirə bilməyəcəkdir. Koordinasiya məsələsinə gəlincə isə onu deyə bilərəm ki, dünyada güclü disporalardan biri  ola yahudi diasporasının əsas koordinasiya mərkəzi sinaqoqdur. Dini amil çox güclü ideoloji vasitədir. Düşünürəm ki, biz Azərbaycanlılar da, dini təriqətimizə uyğun olaraq bu barədə fikirləşməliyik. Təbii ki, bu mənim subyektiv mövqeyimdir.

- Sizcə, bu gün Azərbaycan diasporunun problemləri arasında daha çox nələri vurğulamaq olar? Onların aradan qaldırılması yollarını necə görürsünüz?

-  Əgər problemləri araşdırmğa başlasaq, onda gələcəkdə görəcəyimiz işlərdən, nail olmaq istədiyimiz məqsədlərdən xeyli kənarda qalacağıq. Yaşadığımız cəmiyyətin hər bir sahəsində yetərincə problemlər var. Zaman isə gözləmir. Ali məqsədə çatmaq üçün ilk öncə soydaşlarımıza dünyada yaşadıqları məkandan, sosial vəziyyətlərindən  asılı olmayaraq  vətənpərvərlik, milli birlik,  vətəninə, dövlətinə inam və məhəbət hissləri aşılanmalıdır. Bir yumruq kimi birləşərək, dövlətimizin, xalqımızın yanında olmalıyıq. Umu-küsünü, hərc-mərcliyi, qısqanclığı  doğma Azərbaycanımız  naminə bir kənara qoymalı, ölkəmizin suverenliyini, ərazi bütövlüyünün bərpa olunması üçün bütün qüvvə və bacarığımızı səfərbər etməliyik.  Belə olan təqdirdə biz həyatın bütün sahələrində və o cümlədən də diaspora fəaliyyətimizdə  uğurlara nail ola bilərik. Güc birlikdə, məhsul isə dirlikdədir!

Alim  Hüseynli

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31