“Sirkə nə qədər tünd olsa.....”

Prezident Administrasiyasında tutduğu mühüm postdan uzaqlaşdırılan zaman proqnozlaşdırılırdı ki, uzun illər rəhbər vəzifələrdə çalışmış, dövlətin idarəçiliyində mühüm rol oynamış bu şəxs dinc dayanmayacaq, yenidən mühüm post tutmaq iddiasına düşəcək

Yaxud akademikin hikkəli davranışları nəyə hesablanıb?

Hələ Prezident Administrasiyasında tutduğu mühüm postdan uzaqlaşdırılan zaman proqnozlaşdırılırdı ki, uzun illər rəhbər vəzifələrdə çalışmış, dövlətin idarəçiliyində mühüm rol oynamış bu şəxs dinc dayanmayacaq, yenidən mühüm post tutmaq iddiasına düşəcək. Çünki bundan sonra ona əvvəlki kimi diqqət, qulluq, hörmət-izzət göstərilməyəcək, ötən illərdə olduğu sözünün kəsəri, keçəri olmayacaq. Bu tendensiya isə istər-istəməz uzun illər yüksək post tutan bir məmur üçün qəbuledilməzdir, arzuolunmazdır. Ona görə də bu kimi şəxslər ilk fürsətdə öz ambisiyalarını ortaya qoyur, yenidən vəzifə, status sahibi olmağa çalışırlar. Baxmayaraq ki, dövlət başçısı Cənab İlham Əliyev onu kifayət qədər hörmət-izzətlə yola salmış, siyasi və dövləötçilik fəaliyyətinə yüksək qiymət verərək dövlətin ali mükafatlarından biri ilə təltif etmişdi.  Az sonra isə ona akdemik kimi etimad göstərilərək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti seçilmişdi. Söhbət AMEA-nın prezidenti Ramiz Mehdiyevdən gedir.

Bütün bunlara baxmayaraq proqnozlar, ehtimallar qüvvəsində qalır və mütləq əksəriyyət hesab edirdi ki, keçmiş PA rəhbəri, hazırkı AMEA prezidenti gec-tez öz qisasçılıq hisslərini büruzə verəcək, uzun illər xidmət, quluq etdiyi dövlətə meydan oxuyacaq. Düzdür, belə bir situasiyanın baş vermə ehtimalı növbəti prezident seçkilərinə proqnozlaşdırılırdı. Çünki bir qayda olaraq ölkədəki "5-ci kolon" məhz prezident seçkiləri ərəfəsində hərəkətə keçir, hakimiyyət iddiasını ortaya qoyur və xaricdən, Azərbaycanda marağı olan xarici dairələrdən siyasi dəstək almağa çalışır. Ötən seçkilərdə dəfələrlə bu situasiyanın şahidi olmuşuq. Ona görə də Ramiz Mehdiyevin siyasi fəallığının 2025-ci ildə gözlənilən prezident seçkiləri ərəfəsində artacağı ehtimal olunurdu. Ancaq qarşıdakı 5 il yaş baxımından öz sözünü deyəcəkdi və  hazırda 82 yaşı olan Ramiz Mehdiyevə 5 il sonra ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində hər hansı xarici qüvvənin stavka edəcəyi qətiyyən mümkün görünmürdü. Ona görə də Ramiz Mehdiyev indiki halda hakimiyyətin timsalında dövlətdən qisas almaq üçün hərəkətə keçdi və ona meydan oxumaqdan belə çəkinmədi. Heç bir mübaliğə və qərəz olmadan deyə bilərik ki, Ramiz Mehdiyevin mıəlum toy olayı akademikin dövlətə, dövlətçiliyə, eyni zamanda siyasiu hakimiyyətə meydan oxuması idi. Hər nə qədər Mehdiyev və onun ətrafı bunu belə xarakterizə etməsə də, reallıq göz qabağındadır.

Ramiz Mehdiyevin nəvəsinə karantin qaydalarını pozaraq xeyli sayda qonağın iştirakı ilə məclis təşkil etməsindən sonra baş verənlər hamıya bəllidir. Ona görə də təfsilata varmadan başqa bir məsələyə toxunmaq istərdik. Akademikin olub-bitənlərdən sonra yazdı(r)dığı açıqlamalara. Ramiz Mehdiyevdən ilk açıqlama avqistun 24-də gəldi. Düzdür, akademik baş verənləri təhlil edərkən həmin toyun karantin qaydalarına uyğun baş tutmadığını dolayısıyla təsdiq edir və kürəkəninə verilən cəzanı haqlı sayır. Ancaq akademikin bu etirafında da kifayət qədər hikkə, kin özünü büruzə verir. Mehdiyev 100 nəfərdən artıq olan məclisi məhdud say kimi təqdim edərək keçmiş ənənəsinə sadiqliyini (lazım olan rəqəmləri şişirdib, lazım olmayanları azaltmaq ənənəsi) ortaya qoyur. Akademik də gözəl bilir ki, karantin qaydalarına əsasən bu kimi məkanlarda bir masa ətrafında yalnız 6 nəfər əyləşə bilər. Toy görüntülırindən də aydın görünür ki, bir masa ətrafında əyləşənlərin sayı 10 nəfərdən artıqdır. Deməli bunun özü bir qayda pozuntusudur. 

Ramiz Mehdiyevin özünübəraət açıqlamasında diqqət çəkən digər bir məqama nəzər yetirək: "Həmin günlərdə digər yüksək rütbəli Azərbaycan məmurları və cəmiyyətdə tanınan başqa şəxslər də öz qızlarına, bacılarına, digər yaxın qohumlarına toy və ad günü mərasimləri təşkil etmişlər. Ancaq çox qəribədir ki, KİV-lərin diqqəti məhz mənim ailəmin üzərinə yönəldilmişdir". Ramiz Mehdiyevin açıqlamasından belə qənaətə gəlmək olur ki, akademik övladlarına, nəvələrinə toy etmiş digərləri kimi özünü haqlı sayır. Yəni, bir başqası qanun-qaydanı pozduğu halda, mən niyə pozmayım. Qeyri-normal bir yanaşmadır. Əvvəla ona görə ki, siz uzun illər dövlətdə mühüm post, vəzifə tutmuş biri olmusunuz. Bu gün adlarını çəkmək istəmədiyiniz, lakin övladlarına, nəvələrinə toy etdiklərini iddia etdiyiniz həmin məmurlarla özünüzü eyni sıraya qoymamalısınız. Çünki onların əksəriyyəti zamanında məhz sizin diktənizlə işləyib, addım atıb, tapşırıqlarınızı icra edib. İndi sizin özünüzü həmin məmurlarla eyni sıraya qoymağınız özünüzü cılızlaşdırmaqdan başqa bir şey deyil. Digər tərəfdən əgər sizdə belə bir fakt var idisə, ən azından bir ağsaqqal kimi həmin məclisi təşkil edən məmurlara öyüd-nəsihət verərdiniz, onları karantin qaydalarını pozmamağa çağırardınız. Daha bir başqası edib, mən niyə etməyim prinsipini əsas götürməzdiniz. Axı siz Cənab İlham Əliyevin qəbulunda sonuncu dəfə olanda və dövlətin ali mükafatı sizə təqdim ediləndə bundan sonra da dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edəcəyinizi bildirdiniz. Budurmu sədaqət? Budurmu dövlətin hesabına qazandığınız siyasi reytinq, güc, nüfuz, nəhayət milyonların qarşılığında dövlətə verdiyiniz "töhfə"?

Akademik açıqlamasında onu haqlı olaraq tənqid edən və bu tənqidləri işıqlandıran kütləvi informasiya vasitələrini də yaddan çıxarmır. O, yaz(dır)ır: "Mən tənqidlərdə ifrata varan, xüsusi canfəşanlıq edən jurnalistlərdən və millət vəkillərdən qətiyyən incimirəm. Onlar həmişə olduğu kimi vəziyyətə görə davranır, şəraitə uyğun danışırlar. Dünən məni mədh edənlərin bu gün məni tənqid etməsinə eyni səbrlə qulaq asmağa hazıram. Ancaq həmin şəxslər unutmasınlar ki, cənab Prezidentin qanunun aliliyi uğrunda apardığı mübarizə onlar üçün də keçərlidir və hər kəs qanunun sərt üzü ilə mütləq üzləşəcək".

Əgər akademik yol verdiyi xətanın fərqinə varsa, bundan səmimi şəkildə nəticə çıxarsa və hikkəli, ikibaşlı deyil, normal etiraf dolu açıqlama yayıb KİV-lərə ötürsə, şübhə etmirəm ki, hər hansı media orqanı Ramiz Mehdiyevin açıqlamasını işıqlandırmaqdan yayınardı. Hətta dövlət qəzetləri belə akademikin etiraf çıxışının mətnini yayardı. Daha Ramiz Mehdiyev rəhbərlik etdiyi elm məbədi, Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytını öz şəxsi və siyasi məqsədlərinin istifadəsinə çevirməzdi.

Ramiz Mehdiyev daim bəyan edib ki, Azərbaycanda kifayət qədər fikir, söz, ifadə azadlığı mövcuddur. Bunu mövcud reallıq da təsdiq edir. Ancaq indiki durumda akademikin yanaşmasından belə anlaşılır ki, media, KİV-lər fikir, söz, məlumat və ifadə azadlığını bir kənara qoymalı, akademikin yol verdiyi xətaları ictimailəşdirməməlidir. Maraqlıdır nəyə görə? Cənab Prezident İlham Əliyev media, KİV-in cəmiyyətdə baş verən neqativ halları araşdırmasını təqdir edib, onu bəyəndiyi, belə müsbət tendensiyanın davam etməsi üçün mətbuata daim diqqət göstərdiyi halda, son vaxtlara qədər dövlət başçısının komandasında təmsil olunan birisinin Cənab Prezidentin siyasi iradəsinə tamamilə zidd bir mövqe ortaya qoyması heç cür başa düşülən deyil. Bu azmış kimi akademik onu haqlı olaraq tənqid edən KİV-ləri, eyni zamanda siyasi və ictimai xadimləri cəzalandırmaq barədə də düşünür. Ramiz Mehdiyevin "Hər kəs qanunun sərt üzü ilə mütləq üzləşəcək" ifadəsi əslində onu tənqid edənlərə ünvanlanmış məhkəmə hədəsi idi və Mehdiyev ikinci açıqlamasında, daha doğrusu yaz(dır)dığı fikirlərdə açıq-aşkar hədəflərini də göstərdi. Ramiz Mehdiyev yaz(dır)ır: "Mənə riyakarcasına böhtan atan və təhqir edən millət vəkilləri Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzov, siyasi politoloqlar Eldar Namazov, Elxan Şahinoğlu, Elçin Mirzəbəyli, keçmiş məmurlardan Hacıbala Abutalıbov, Abid Şərifov, Maksim Musayev, partiya rəhbərlərindən "Ağ partiya"nın sədri Tural Abbaslı, AMİP sədri Arzuxan Əlizadə, "Böyük Azərbaycan partiyası"nın sədri Elşad Musayev, "Turan" partiyasının başqanı Cahandar Bayoğlu, qəzet redaktorları Rauf Arifoğlu, Bəxtiyar Sadıqov və Sərdar Cəlaloğlu unutmasınlar ki, proseslərin belə davam edəcəyi təqdirdə mən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququmdan hər an istifadə edə bilərəm".

Açıq-aşkar hədə, təhdid və qorxu hissi aşılamaq. Və fikir, söz, məlumat, ifadə azadlığından danışan, onu təbliğ edən bir sabiq məmurun haqlı yerə tənqid olunduğu halda dərhal məhkəmə predmetinə əl atması. Bir-birinə ziddiyyət təşkil edən iki mövqe. Axı dövlətə, dövlətçiliyə xidmət bu deyil? Axı Heydər Əliyev siyasi məktəbi sizlərə bunu öyrətməyib. Siz özünüz də yaxşı xatırlayırsınız ki, hər birinizin müəllimi, bu günkü səviyyəyə gəlib çatmağınızda misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyev belə sağlam tənqidə normal yanaşır, hətta Ona qarşı ən iyrənc ifadələr işlədən, hədəfə alan kütləvi informasiya vasitələri, qəzetləri məhkıməyə vermək barədə düşünmürdü. Ümummilli liderin nümayiş etdirdiyi bu ənənə onun məmurları tərəfindən də davam edirdi. İndi nə dəyişdi? Heydər Əliyevin siyasi kursuna sadiqlik yoxdur artıq. Yaxud fikir, söz, ifadə azadlığını pozmaq, sizi sağlam tənqid edənləri məhkəməyə verməklə mənfi bir presidentin əsasını qoymaq istəyirsiniz?

Hörmətli akademik, nə qədər gec deyil bu hikkədən, kin-küdurətdən əl çəkin. El arasındaa bir yaxşı misal var və onu Siz də yaxşı bilirsiniz. "Sirkə nə qədər tünd olsa öz qabını sındırar". Odur ki, nə qədər tünd olsanız, dövlətə qarşı meydan oxuyub, savaş açsanız bir o qədər sizin üçün pis nəticələr olacaq. İndi sizin siyasi mübarizə aparıb, dövlətə meydan oxumaq yox, nəvə-nəticələrinizlə qalan ömrünüzü başa vurmaq zamanınızdır.

Olaylar.az-ın  Analitik Təhlil Mərkəzi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31