"Bütün dövlət məmurları xalqın xidmətçisidir"
İlham Əliyev: “İlk növbədə, hansısa məmura yox, dövlətə sədaqətli insanlar, Vətənə sədaqətli insanlar önə çəkilməlidir”
27 Avqust 2020 13:44 Siyasətİlham Əliyev: "İlk növbədə, hansısa məmura yox, dövlətə sədaqətli insanlar, Vətənə sədaqətli insanlar önə çəkilməlidir"
Prezidenti İlham Əliyevin Biləsuvar və Saatlı rayon icra hakimiyyətləri başçılarının vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbulunda qeyd edib ki, İcra hakimiyyəti rəhbərləri təvazökar olmalıdırlar, insanları qıcıqlandıra biləcək addımlar atmamalıdırlar, onlara yuxarıdan aşağı baxmamalıdırlar: "Bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsus imtiyaz verilib, qanunları, ənənəvi davranış qaydalarını pozurlar, özlərini təkəbbürlü aparırlar. Rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır. Rəhbər məişətdə də, işdə də nümunə olmalıdır. Siz, eyni zamanda, öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən demişəm dəfələrlə ki, bütün dövlət məmurları Prezident başda olmaqla xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar göstərib və mən bütün təyin etdiyim kadrlardan bunu tələb edirəm". Dövlət başçısı əlavə edib ki, ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər: "Onlar hesab edirlər ki, onlara hansısa xüsus imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar cəzalandırılır - ya inzibati qaydada, ya da ki cinayət məsuliyyətinə cəlb edilir. Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır - bir. İkincisi rəhbərin mənəvi haqqı olmalıdır ki, insanlardan, öz tabeçiliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiz deyin, nə istəyirsiz edin, sizə nə hörmət olacaq, nə də ki rəğbət olacaq. Ona görə siz məişətdə də nümunə olmalısınız, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız". Milli Məclisin deputatı Ramin Məmmədov deyib ki, Azərbaycan hüquqi dövlətdir və qanun qarşısında hamı bərabərdir. Sosial statusu, tutduğu vəzifə, göstərdiyi xidmətlər heç kimə qanunun tələblərindən yan keçmək imtiyazı vermir. R.Məmmədov bildirib ki, Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında qanunun tələblərinə hər kəsin əməl etməsinin zəruriliyini vurğulayıb. Qanun qarşısında bərabərlik dövlətdə davamlı sabitliyin, cəmiyyətin bütün təbəqələrindən olan vətəndaşların maraq və mənafelərini müdafiə etməyə qadir mükəmməl idarəçilik mexanizminin yaradılmasının fundamental prinsiplərindən biridir. "Bu gün Azərbaycan dövləti elə bir inkişaf səviyyəsinə çatıb ki, qanundan yan keçmək, gizlənmək, digər vətəndaşlarla müqayisədə daha böyük üstünlüklər əldə etmək mümkün deyil. Çünki qanunlar və onların icrasına məsul dövlət qurumlarının kifayət qədər dəqiq, operativ işləyən nəzarət mexanizmləri var. Üstəlik ictimai nəzarətin də bu məsələdə rolu zaman keçdikcə artır. Ona görə də, hər birimiz atdığımız addımları daha dərindən ölçüb-biçməli, dövlətimizin qanunlarına hörmət nümayiş etdirməliyik". Deputat bildirib ki, Azərbaycanda heç kimin fəaliyyətinə, qeyri-qanuni addımlarına fərdi statusuna görə qiymət verilmir. "Qanunları pozan hər kəsi qanun cəzalandırır. Yəni hansısa vəzifəli şəxsin yol verdiyi pozuntulara onun sosial statusuna görə qiymət verilməməlidir. Bu, məsələnin yalnız mənəvi-psixoloji tərəfi kimi qiymətləndirilə bilər. Sadə vətəndaş qanun qarşısında hansı məsuliyyət daşıyırsa, vəzifəli şəxsin də hüquqi məsuliyyəti eynidir, ona hansısa əlavə üstünlüklər, yaxud imtiyazlar tanınmır. Çünki hüququn başlıca prinsipi ədalətdir, hüquq insanlara deyil, konkret əməllərə qiymət verir". R.Məmmədov hesab edir ki, son hadisələr bir daha qanunlara əməl etməyin vacibliyinə dair cəmiyyətə ünvanlanmış mesaj kimi dəyərləndirilməlidir. Bu mesajdan isə hər kəs nəticə çıxarmalıdır. Qanunlar vətəndaşların mənafelərini qorumaq üçün qəbul olunur".
xxx
Prezident İlham Əliyev sözügedən qəbulda kadr siyasətinə də toxunub. Bildirib ki, kadr siyasəti düzgün həyata keçirilməldir, rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları deyil, dövlətə, Vətənə sədaqətli, milli ruhda tərbiyə alan və peşəkar insanları önə çəkilməlidirlər. Kadr siyasətinin basilica prinsipi: Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük: "Kadr siyasətində gərək düzgün addımlar atılsın. Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq sayılan kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə sədaqətli insanlar, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi müstəqil həyatımızı hər şeydən üstün tutan insanlar önə çəkilməlidir, vətənpərvər insanlar, milli ruhda tərbiyə alan insanlar, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir. Əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Ona görə kadr siyasəti bu prinsiplər əsasında qurulmalıdır". Deputat Naqif Həmzəyev bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkənin inkişafına, xalqın güzəranının yaxşılaşmasına, cəmiyyətdə demokratik dəyərlərin daha da güclənməsinə hədəflənib. Xalqın və dövlətin maraqlarının, milli mənafelərin ön plana çəkilməsi bütün sahələrdə böyük nailiyyətlərin əldə edilməsinə zəmin yaradıb. Millət vəkili qeyd edib ki, bu tərəqqinin, inkişafın geniş vüsət almasında məmur-vətəndaş münasibətlərinin xüsusi rolu var. Məhz, bunun üçün Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyi sistemi daim təkmilləşdirilir, düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılır. Təəssüflər olsun ki, bəzən qazanılan uğurlara kölgə salan məmur özbaşınalıqları, korrupsiya, rüşvətxorluq kimi neqativ hallarla rastlaşırıq. Ölkə rəhbərinin gördüyü saysız-hesabsız uğurlu işlərin, dövlətə və millətə fədakar xidmətinin fonunda bəzi məmurların yol verdiyi ciddi nöqsanlar vətəndaşlarda süni narazılıq yaradır. Ölkə Prezidenti dəfələrlə bildirib ki, məmurların, vəzifə sahiblərinin, hakimiyyəti təmsil edən insanların əsas vəzifəsi xalqın qulluğunda durmaq, onların yaxşı yaşaması üçün öz töhfələrini uğurla yerinə yetirməkdən ibarətdir: "Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib" - Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən bir daha məmurlara ciddi mesaj verdi. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin Azərbaycanda sözdə yox, əməldə aparıldığını bildirən ölkə Başçısının vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnək olmalıdır. Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır və dəfələrlə vurğulayıb ki, heç kim qanundan üstün deyil. Statusundan istifadə edərək qanunları pozan və qanunun tələblərinə hörmətsiz yanaşan mütləq şəkildə məsuliyyətə cəlb edilir, onların barəsində cəza tədbirləri görülür. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır. Azərbaycanın inkişafı, gücləndirilməsi, xalqın rifahının yüksəldilməsi üçün əlindən gələni əsirgəməyən dövlət Başçısı haqlı olaraq yeni təyin etdiyi icra başçılarından bütün tapşırıq və tövsiyələrin ciddi şəkildə əməl edilməsini tələb edir: "Sizin də icra başçıları kimi, işinizin əsas prinsipləri məhz bu olmalıdır - Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük". Ümumiyyətlə isə, bacarıqlı, yeni təfəkkürlü, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə malik kadrların irəli çəkilməsi ölkəmizə, cəmiyyətimizə daha çox səmərə verə bilər".
Nurlan