“Məhərrəm ayında kütləvi dini ayinləri müxtəlif savab, xeyirxahlıq əməllərlə əvəzləmək mümkündür” – Bəhruz Quliyev
“Sirr deyil ki, Azərbaycan xalqında, xüsusilə inanclı kəsimdə hörmətlə, etiqadla qarşılanan Qurban, Ramazan bayramlarının, eləcə də müqəddəs Məhərrəmlik ayının xüsusi yeri vardır. Eyni zamanda, İslam aləminin müqəddəslik rəmzləri olan bu aylar mənəvi dəyərlərimizə də öz müsbət çalarlarını qatmaqdadır. Lakin pandemiya şəraitində kütləviliyi ilə diqqət çəkən bir sıra tədbirlərlə yanaşı, dini ayinlərin, birgə namazların, ibadətlərin də həyata keçirilməsi üçün məhdudiyyətlər qoyulub. Bu, yalnız bizdə deyil, həm də bütün İslam ölkələrində qəbul olunmuş müvəqqəti məhdudiyyətlərdir”. Sözügedən fikirləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında bildirib.
27 Avqust 2020 13:20 Siyasət"Sirr deyil ki, Azərbaycan xalqında, xüsusilə inanclı kəsimdə hörmətlə, etiqadla qarşılanan Qurban, Ramazan bayramlarının, eləcə də müqəddəs Məhərrəmlik ayının xüsusi yeri vardır. Eyni zamanda, İslam aləminin müqəddəslik rəmzləri olan bu aylar mənəvi dəyərlərimizə də öz müsbət çalarlarını qatmaqdadır. Lakin pandemiya şəraitində kütləviliyi ilə diqqət çəkən bir sıra tədbirlərlə yanaşı, dini ayinlərin, birgə namazların, ibadətlərin də həyata keçirilməsi üçün məhdudiyyətlər qoyulub. Bu, yalnız bizdə deyil, həm də bütün İslam ölkələrində qəbul olunmuş müvəqqəti məhdudiyyətlərdir".
Sözügedən fikirləri "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, insanların qapalı məkanda kütləvi toplaşması ilə daha çox yoluxma hallarının baş verməməsi üçün Məhərrəm ayında da müəyyən tətqiblərin reallaşdırılması zəruridir: "Əbəs deyil ki, tibb və səhiyyə alimlərindən, bu sahələrin peşəkar mütəxəssislərindən əlavə, elə dünyanın bir çox tanınmış, nüfuzlu din alimləri də həmin məsələnin vacibliyindən danışırlar. Çünki ortada insan həyatı dayanır və bildiyimiz kimi, insan həyatı dini baxışdan da Allah qatında çox əhəmiyyətli faktor olaraq qiymətləndirilir. Daha dəqiq desək, bir insanın həyatının qorunması, mühafizəsi mühümlük təşkil etməkdədir. Ona görə də, biz daha əvvəl Ramazan bayramında, Qurban bayramında da kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərarların dindar kəsimlər tərəfindən də dəstəkləndiyinin şahidləri olduq. Digər tərəfdən, hər kəsə aydındır ki, koronavirus pandemiyası ilə əlaqədar məscid və ziyarətgahlarda kütləvi ibadətlərin təşkili zamanı virusa yoluxma hallarının artması ehtimalı daha yüksəkdir və kütləvilik olan yerdə sanitar-gigiyenik qaydalara da bir o qədər əməl olunmur, müəyyən təhlükələr yaranır. Bu səbəbdən, daha bir xatırlatman da diqqətə çatdırmaq istərdim ki, hətta rəsmi dövlət idarəçiliyi olan İslam ölkələrində belə, Məhərrəmlik ayı ilə bağlı ciddi məhdudiyyətlər qüvvəyə minib. Hətta Həcc ziyarətində də müəyyən qadağalar həyata keçirilməkdədir. Belə olan halda artıq başqa hər hansı fikir, mülahizə yürütmək, məhdudiyyətlərin məhz dini ayinlərə qarşı tətbiq edildiyini iddia etmək düşünürəm ki, yanlış nəticədir. Yəni Azərbaycanda da Məhərrəmlik ayının daha çox kütləvi şəkildə qeyd olunan Aşura günündə və sonrakı ayinlər zamanı əvvəlki illərdən fərqli olaraq kütləviliklə keçirilməsinə məhdudiyyətlər nəzərdə tutulub".
Baş redaktor əlavə edib ki, sülh və əminamanlıq mücəssəməsi sayılan İslam dininin əsas məramlarından biri də insanları, bəşər övladını birliyə, həmrəyliyə dəvət etmək, mərhəmət və xeyirxah əməllərə çağırmaqdan ibarətdir: "Məhz bu mənadan da çıxış edərək nəticəyə gələ bilərik ki, kütləvi dini ayinləri müxtəlif savab, xeyirxahlıq əməllərlə əvəzləmək mümkündür. Misal üçün, Aşura günündə xəstələrə yardım məqsədilə Mərkəzi Qan Bankında qanvermə aksiyalarının keçirilməsi, xəstəlikdən əziyyət çəkənlərə həyat verilməsi Allah qatında ən böyük savab, ən yaxşı əməllərdən biridir. Gəlin bu dəfə də həmrəylik göstərərək, xeyirxahlıq əməllərimizi qanvermə aksiyaları ilə davam etdirək. Bu addımlarımızla bizlər dünya insanlarına nümunə və örnək ola bilərik".