Azərbaycan-Rusiya münasibətləri hansısa üçüncü ölkəyə görə pisləşə bilməz
Deputat: “Rusiyanın Ermənistana görə Azərbaycanla düşmən olması mümkün deyil”
27 Avqust 2020 12:44 SiyasətDeputat: "Rusiyanın Ermənistana görə Azərbaycanla düşmən olması mümkün deyil"
Məlum olduğu kimi Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyət ölkəmizə səfər edib. Rusiyanın müdafiə naziri Azərbaycanda bir sıra görüşlər keçirib, həmçinin Prezident İlham Əliyevin qəbulunda olub. Eyni zamanda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasını səfər edərək bir sıra vacib görüşlər keçirib. İstisna deyil ki, hər iki dəfər çərçivəsində Azərbaycanın ümumilli problemi olan Dağlıq Qarabağ məsələsi ətrafında müzakirələr aparılıb. Maraqlıdır, Tovuz hadisələri zamanı Ermənistana silah ötürməsi aşkar olunan Rusiya ilə Azərbaycan arasında münasibətlər hansı istiqamətə cərəyan edir?
Millət vəkili Sahib Alıyev qeyd edib ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfəri ərəfəsində işğalçı Ermənistan cəbhənin Goranboy rayonundan keçən hissəsində hansısa məkrli plan reallaşdırmaq istədi, bunun üçün göndərilmiş diversiya-kəşfiyyat qrupu ordumzun ayıq-sayıqlığı nəticəsində burunu əzilərək itkilərlə geri çəkildi. Qrupun komandiri, baş leytenant Qurgen Alaverdyan əsr götürüldü: "Səfər günü Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycanla Ermənistan Xarici İşlər nazirləriylə görüşü öncəsi isə işğalçı ordunun bölmələri Tərtərin Qapanlı kəndini pulemyot və snayper tüfənglərindən atəşə tutublar. Atılan güllələr Quliyev Zülfüqar Bəhmən oğlunun evinə dəyib, pəncərəni sındırıb. Az öncə Zülfüqar Quliyevlə telefonla danışdım, evin pəncərəsinin şüşələrinin sınmasından başqa ayrı xətər dəymədiyini və tez-tez dinc insanları hədəfə götürən düşmənin bu cür yaramazlıqlarına bir növ öyrəşdiklərini də dilə gətirdi. Maraqlıdır, Ermənistan ordusunun bu növbəti təxribatlarının arxasında nə durur? Cığallıq, ipə-sapa yatmazlıq, yoxsa onlardan yenə alət kimi istifadə olunur? Nə durub-durmadığından asılı olmayaraq, bu təxribatlar Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun açıqlamasındakı fikirlərin doğruluğunu ortaya qoyur. O, TASS-a intervüsündə Ermənistan rəhbərliyinin təcavüzkar ritorikası və silahlı təxribatların artan intensivliyi fonunda işğalçı ölkəyə əlavə silah-sursat göndərilməsinin cəbhədə gərginliyin artması riskini yaratdığını bildirib. Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin iyul ayında dövlət sərhəddimizin Tovuz rayonu hissəsində, Sergey Lavrovun da təsdiqlədiyi kimi Azərbaycan qazı və neftinin dünya bazarına daşındığı kəmərlərin 15 kilometrliyində yeni mövqelər ələ keçirmək cəhdlərindən dərhal sonra Rusiyadan işğalçı ölkəyə 400 tondan artıq silah və sursat göndərilmişdi". Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev haqlı olaraq Vladimir Putinlə son telefon danışığında Rusiyanın bu addımının ölkəmizdə narazılıq yaratdığını vurğulamışdı: "Çox ehtimal ki, Rusiyanın müdafiə naziri Sergey Şoyquyla görüşdə bu məsələnin üzərində daha detallı dayanılıb. Məncə, Şoyqunun Bakıya səfəri və Azərbaycanla Ermənistanın Xarici İşlər nazirlərinin Moskvada Lavrovla görüşləri məhz cənab İlham Əliyevin Vladimir Putinlə sözü gedən telefon danışıqlarının nəticəsi kimi meydana çıxıb. Rəsmi Bakının haqlı narazılıq və xəbərdarlığını Kreml görməzdən gələ bilməz. Əgər gələcəksə, zatulinlərin strateji müttəfiq adlandırdıqları Ermənistanın necə ağlr strateji yük olduğu daha aydın görünəcək və inanmıram ki, bu, regionda Rusiyanın mövqelərinin möhkəmlənməsinə xidmət edir".
Deputatı Anar İsgəndərov qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri hansısa üçüncü ölkəyə görə pisləşə bilməz. Daha dəqiq desək, Rusiyanın Ermənistana görə Azərbaycanla düşmən olması mümkün deyil. Onun sözlərinə görə, Rusiya Federasiyasının Azərbaycana olan münasibətini düşmən, Ermənistana olan münasibətini isə dost kimi qələmə vermək düzgün deyil: "Dövlətlər yaranandan bəri dövlətin dövlətə sevgisi olmayıb, dövlətin dövlətə marağı olur. Həm də dövlətlərin gücündən də çox şey asılıdır. Bu gün Azərbaycan müstəqil dövlətdir, öz siyasəti ilə müstəqildir. Azərbaycanın iqtisadi imkanları da buna imkan verir ki, heç bir dövlətlə münasibətdə onun təsiri altında olmasın. Azərbaycandan fərqli olaraq Ermənistan iqtisadi cəhətdən hansı vəziyyətdədir, məlumdur. Bununla bağlı yeni bir şey deməyə ehtiyac yoxdur. Bu gün Ermənistanı müdafiə edən dövlətlərin də vəziyyəti sabit qalmır. Bu mənada Rusiya bütün münasibətləri pozaraq Ermənistanı qanadları altına alıb Azərbaycana qarşı düşmən münasibətdə ola bilməz, bu yalnış fikirdir. Çünki, Rusiyanın Azərbaycan ilə birbaşa öz münasibəti var". Millət vəkili vurğulayıb ki, eyni zamanda Azərbaycanı Rusiya Federasiyası ilə bağlayan çoxlu tellər var: "Rusiya ilə çox səmimi iqtisadi münasibətlərimiz var. Bu mənada hər bir dövlətin öz maraqları olmaqla yanaşı, Azərbaycan-Rusiya münasibətləri də hansısa qonşu dövlətə görə pisləşə bilməz. Münasibətlər kəskinləşə bilməz. Lakin dövlətlərin biri-birinə olan iddiaları var. Necə ki, bir həftə bundan öncə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rusiya başçısı Putinə telefon zəngi edərək Rusiya Federasiyasından Ermənistana 400 tonluq hərbi silahın göndərilməsini araşdırdı. Dövlətlərarası münasibətlərdə dövlət başçılarının işi münasibətlərin hansı formada olmasını tənzimləmək və ya münansibətlərlə bağlı boşluq varsa həmin boşluqları doldurmaqdır". Anar İsgəndərov qeyd edib ki, bu mənada, kiçik bir Ermənistana görə Rusiya Federasiyasının Azərbaycana qarşı olan münasibətində və siyasətində dəyişiklik etməsi mümkün deyil: "Həm də Belarusda baş verən hadisələr onu göstərir ki, hər bir dövlət indi özünü, öz süverenliyini, öz müstəqilliyini, öz maraqlarını qorumağa çalışır. Bir dövlət özünü başqa bir dövlətə görə oda atmaz, bu günə qədər də atmayıb".
Zəka