Cahangir Əsgərovun çiçəklənən imperiyası

Dövlətə vergi ödəməkdən yayınan “AZAL” rəhbəri xalqın pulunu ofşor şirkətlərə köçürür

Dövlətə vergi ödəməkdən yayınan "AZAL" rəhbəri xalqın pulunu ofşor şirkətlərə köçürür

Azrəbaycanda bəzi iş adamları və  məmurların qeyri-qanuni yolla milyonlar əldə etdikləri barədə kifayət qədər məlumatlar dolaşmaqdadır. Hətta dövlət vəsaitinin mənimsənilməsi hesabına əldə edilən milyonların hara və hansı məqsədlə xərclənməsi hər kəsə bəllidir. Azərbaycanın bir sıra məmurlarının ölkədən kənarda şəxsi mülklər və biznes obyektləri aldığı heç kimə sirr deyil. Dəyəri milyon manatlarla ölçülən bu mülk və obyektlərin hansı maliyyə qaynaqları hesabına əldə edildiyi də gün kimi aydındır. Məlum məsələdir ki, məmurlar halal əmək haqları ilə illərlə  yeyib-içməsələr  belə bu qədər varidatın yarıbayarısını sahib ola builməzlər. Çünki onların maaşları ilə bu cür dəbdəbəli villa və obyektlərə sahiblənməsi qətiyyən mümkün deyil. Məsələ orasındadır ki, istər iş adamları, istərsə də məmurlar əksər hallarda miyonlarını dəxli olmayan, xəyallara belə sığmayan  sahələrə xərcləyirlər. Belə imkanlı şəxslərin çoxsaylı dəbdəbəli villalarının, dünyanın ən məhşur firmalaraına məxsus maşınlarının, qızıl, daş-qaşlarının olması adi haldır. Odur ki, bu insanlar məcara axtarışına çıxaraq  bahalı səfərlər, bahalı otellər, şam yeməkləri, saunalar və digər əyləncələrə milyonlar xərcləməkdə xəsislik etmirlər. Belə bədxərclərdən biri də  "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərovun olduğu cəmiyyətə bəllidir. Qeyd edək ki, "Azərbaycan Hava Yolları" QSC Azərbaycanda iri vergi ödəyicilərindən hesab olunsa da dövlət büdcəsinə  qara qəpik də ödəməyib. Maraqlıdır, "AZAL" illər uzunu buna necə nail olub və monopolist şirkətin əldə etdiyi gəlirlər hara xərclənib? Məlumat üçün qeyd edək ki, 1996-cı ildən  qanunsuz hərəkətləri ilə daim mətbuatın gündəmində olan Cahangir Əsgərovdur. Cahangir Əsgərov Azərbaycan Respublikası mülki aviasiyanın inkişafında "xüsusi xidmətlərinə görə" dövlət tərəfindən əməyi qiymətləndirib. 2010-cu ildə "Şöhrət" ordeni, 2020-ci ildə Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib. Bunun müqabilində isə QSC-nin baş direktoru dövlətdən gizlətdiyi vergi hesabına özünə sayı-hesabı bilinməyən sərvət toplayıb, mal-mülk əldə edib. Yeri gəlmişkən xatırladaq ki, Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə sözügedən qurumun fəaliyyətinə münasibətini bildirib: "AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?".  

Əsgərovun qaranlıq keçmişi

Cahangir Əsgərov "AZAL"a rəhbərlik etdiyi 26 il müddət ərzində hava məkanında təkhakimiyyətliliyini təmin etmək üçün müxtəlif ssenarilər həyata keçirib. Bunun nəticəsidir ki, hətta dünyanın ayrı-ayrı iri dövlətlərinə məxsus aviaşirkətlər AZAL" prezidentinin qaydaları ilə işləməyə ya razılaşıblar, ya da şələlərini yığışdırıb getməyə məcbur olublar. Bir vaxtlar yerli hesab olunan "İMAİR" aviaşirkəti də Bakıdan müxtəlif istiqamətlərə uçuşlar həyata keçirirdi. 2009-cu ilin sonlarında ilk özəl aviaşirkət olan "İMAİR" yerinə yetirdiyi bütün aviareysləri dayandırdı. Şirkət rəsmiləri səbəbini maliyyə çətinlikləri ilə izah edirdi. Onlar deyirdilər ki, maliyyə vəsaiti tapa bilsələr, 2010-cü ilin ilk yarısında aviareyslər bərpa olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsinin keçmiş naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group holdinq"ə daxil olan "İMAİR" şirkəti Almatı, Astana, Daşkənd, Surqut, Bodrum kimi şəhərlərə kifayət qədər rentabelli uçuşlar həyata keçirirdi. 90-cı illərin sonlarında isə şirkət rəsmilərindən biri etiraf edirdi ki, Cahangir Əsgərov heç də onların uğurlarından razı deyil. Bu səbəbdən "AZAL" prezidenti müxtəlif vasitələrlə şirkətin mövcudluğuna son qoymaq istəyirdi. Qeyd edim ki, vaxtilə "İMAİR"-ə Ramiz Mehdiyevin oğlunun da ortaq olduğu deyilirdi. Cahangir Əsgərov inhisarçılığı sayəsində "KLM", "Swissair", "Emirates" kimi tanınmış şirkətləri də sıxışdıraraq Azərbaycanın hava məkanından çıxara bilib. Hətta bir ara "Lufthanza" ilə də qalmaqal yaranmışdı.

Əsgərovun kölgə iqtisadiyyatında payı nə qədərdir?

Azərbaycan iqtisadiyyatında kölgə iqtisadiyyatınım payının beynəlxalq ekspertlər 40-60 faiz olduğunu iddia edirlər. "AZAL" prezidenti Cahangir Əsgərov da kölgə iqtisadiyyatının nümayəndələrindən sayılır. 2004-cü ilin yanvarında mətbuatda iddia edilirdi ki, İsveçrə öz hava məkanında uçuşuna qadağa qoyduğu aviaşirkətlərdən biri də Azərbaycan-Belçika şirkəti olan "Silk Way"dır. Ukraynanın vergi strukturları bu ölkənin Müdafiə Nazirliyinə məxsus 4 köhnə təyyarənin silinərək Azərbaycana satılması faktını aşkarlamışdı. Bu işdə Ukrayna parlamentinin deputatı Anatoli Levinin adı keçirdi. Əslində, bu adam "AZAL" prezidenti Cahangir Əsgərovun Ukraynadakı ortaq biznes tərəfdaşı da sayılırdı. Məhz onların əlaqələri sayəsində Ukraynaya məxsus köhnə təyyarələr yararsız kimi silinərək, Azərbaycana gətirilmiş və ölkənin hava nəqliyyatı üzrə dövlət reyestrinə salınmışdı. Araşdırmalar nəticəsində məlum olmuşdu ki, 2005-ci ildə "AZAL" prezidentinin Ukraynadakı tərəfdaşından aldığı və dövlət reyestrinə saldığı həmin İl-76-lar əvvəldə adını çəkdiyimiz "Silk Way"da və digər özəl şirkət olan "Skywind"də peyda olub. Həmin təyyarələrdən biri sonradan Çində qəzaya uğradı. Bundan sonra Çin "AZAL"a məxsus təyyarələri öz hava məkanına buraxmadı. Konsernin mətbuat xidməti "Silk Way"ın "AZAL"-a dəxli olmadığını iddia etsə də, sonra məlum oldu ki, həmin şirkətin rəhbəri Kamran Qasımov Cahangir Əsgərovun baldızı oğludur. Digər bir iddiaya görə, bu şirkəti "AZAL" prezidenti özü yaradıb və çirkli pulların yuyulmasında əməlli-başlı "Silk Way"-dan istifadə edir. Qeyd edək ki, "Silk Way"-ın təsisçisi "İnternational Holding Company" adlı şirkətdir. Cahangir Əsgərovun digər baldızı oğlu Nurid Əliyev 2005-ci ilin mart ayından istifadəyə verilən Beynəlxalq Hava Limanında Yük Terminalının direktorudur.

208 milyon dollarlıq korrupsiya

2007-ci ildə ABŞ-ın təyyarə istehsalçısı olan "Boeing" "AZAL"-a 5 təyyarə - 3 "Boeing 787-8 Dreamliner" və 2 "Boeing 737-900 ER" satıb. Fevral ayında Bakıda alğı-satqı müqaviləsi imzalanıb və o zaman Azərbaycan tərəfi müqavilələrin qiymətinin cəmi 401 milyon dollar olduğunu bildirirdi. Bir qədər sonra "Boeing" saziş haqqında rəsmi məlumat yayaraq bildirdi ki, təyyarələrin ümumi dəyəri 609 milyon dollardır. ABŞ kütləvi informasiya vasitələrində də bu məlumat yayıldı, nəticədə məlum oldu ki, "AZAL" bildirdiyi məbləğlə "Boeing"-in açıqladığı rəqəm arasında 208 milyon dollar fərq var. Bu növbəti korrupsiya əməliyyatına görə "AZAL" rəhbərliyi cəzalandırılmadı. Bunu o vaxt "AZAL"-la ABŞ arasında gizli sövdələşmə kimi də izah edirdilər. 208 milyon dolların hara xərcləndiyi isə hələ də araşdırılmayıb.

Atlı, taksili və "Şöhrət"li Əsgərov

Cahangir Əsgərov təkcə Azərbaycanın hava məkanına ağalıq etmir, şahidlərin sözlərinə görə, Binə-Şüvəlan zonası da çoxdandır "AZAL" şefinin tam nəzarətinə keçib. O, vaxtilə bakılı aristokrat Hacınskinin bağ evini alıb. Milli-mədəniyyət abidələrinin siyahısında olan bu bağ evinin sahəsi cəmi 20 sot olub. Cahangir Əsgərov isə hər biri 10 sot olan yaxınlıqdakı 24 sahəni də satın alaraq böyük torpaq mülkiyyətçisinə çevrilib. Deyilənə görə, Hacınski 12 atını cəmi bir tövlədə saxlayırmış. Cahangir Əsgərov isə atları üçün 3 tövlə tikdirib. Binədən bir qədər uzaqda, 250 min kvadrat metrlik sahədə "AZAL" prezidentinə məxsus İppodrom da yerləşir. İppodrom bir ilxı at üçün nəzərdə tutulub və texnikanın ən yeni nailiyyətləri ilə təchiz edilib. Məlumata görə, Cahangir Əsgərovun Mərdəkanda taksi parkı da var. Avtomobillərinin sayı-hesabı isə bilinmir. Şahidlərin fikrincə, parkın gözəlliyinə tamaşa etməkdən doymaq olmur. Digər ərazi 100 min kvadrat metrdir və ora hər oğul girə bilməz. Poladdan qapıları var və hündür hasarlarla əhatə olunub. Burada Cahangir Əsgərovun adminstrativ binası hesab olunan saray, oliqarxın şəxsi vertolyot meydançası, onun həyat yoldaşının parfümeriya istehsalı müəssisəsi, hazır mal anbarı və s. yerləşir. Burada tennis kortunun, üzən yay və qış hovuzlarının, futbol meydançasının, yüz nəfərlik qonaq evinin olduğu da bildirilir. Cahangir Əsgərov havadan yerə enəndə bu ərazini elektromobillə gəzir, bunun üçün bir neçə elektromobilə də sahibdir. Ən son məlumata görə, "AZAL" şefi  Səməd Vurğun küçəsində Rixard Zorge bağının yaxınlığındakı qədim arxitekturalı 5 və 7 mərtəbəli binaları alıb. Cahangir Əsgərovun iki binadakı 108 mənzilin hər kvadratına 3200 dollar nağd pul ödədiyi iddia olunur. Söküləcək binaların yerindən Əsgərovun nə məqsədlə istifadə edəcəyi məlum deyil. Bəs, "AZAL" prezidentinin aldığı binaların hər kvadratına ödədiyi 3200 dolları necə əldə etdiyi məlumdurmu? ("Xural" qəzeti, 062 (472), 17 oktyabr 2011).

Cahangir Əsgərovun kredit qalmaqalı və çiçəklənən imperiyası

Cahangir Əsgərovdan adı həm də Beynəlxalq Bankdan götürülmüş kredit qalmaqalında adlanır. Məlumata görə, Cahangir Əsgərovdan Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılması tələb olunub. Lakin çox ciddi nağd pul problemi üzündən C.Əsgərov bu tələbi yerinə yetirə bilməyib. Elə Cahangir Əsgərovun da buna görə, yəni Beynəlxalq Bankdan götürülən kreditlərin qaytarılmamasının məsuliyyətini "Silk Way Holding"in rəhbərliyinin üzərinə qoymağa çalışıb. Qeyd edək ki, əsas ofisi beynəlxalq hava limanında yerləşən "SW Holding"in qazancı qarşısında 400 milyonun elə də böyük pul olmadığını söyləyə bilərik. Bu holdinqin tərkibinə əsasən aviasiya sahəsində fəaliyyət göstərən xeyli sayda şirkət daxildir. Hansı ki, bu şirkətlər vasitəsilə Cahangir Əsgərov böyük pullar qazanır. Holdinqə daxil olan şirkətlərdə minlərlə insanın çalışması onun biznes imperiyasının həcmini təsəvvür etməyə imkan verir. Holdinqə daxil olan şirkətlər bunlardır: Airport Gate; Airport Hotel; Azal Sığorta; Baku Cargo Terminal (BCT); Duty Free; Euroasian Cargo; Ground Handling Company (GHC); Silk Way Airlines; Silk Way Bank; Silk Way Business Aviation; Silk Way Construction; Silk Way Helicopter Services (SWHS) ; Silk Way Technics (SWT); Silk Way Information Technologies (SWIT); SW Catering & Supply; Sky Catering ; SW Travel; Turan Air və sair. Qeyd edək ki, Əsgərov bu holdinqi yaratmaqla "AZAL" QSC-yə, yəni dövlətə məxsus gəlirli sahələri öz şirkətlərinə transfer edib. Cahangir Əsgərov bu holdinq vasitəsi ilə Azərbaycan SƏMASINI sözün həqiqi mənasında İNHİSARA ALIB və bu sahədən HƏR İL külli miqdarda qazanc götürür. Təkcə karqo daşınmalardan - xarici ticari əməliyyatlardan Əsgərovun holdinqinin qazancı 100 milyonlarla ölçülür. Hüquqşünas Aslan İsmayılov hələ 31 mart 2015-ci ildə qeyd etmişdi ki, bilet qiymətləri ilə bağlı qısa araşdırmalar göstərdi ki, Azərbaycan Hava Yolları bu sahədə inhisarçıdır və istənilən istiqamətə bilet qiymətləri başqa ölkələrlə müqayisədə təxminən iki dəfə bahadır. Bakıya uçan başqa ölkə reysləri də "AZAL"ın diktəsi ilə biletləri qat-qat baha qiymətə satmağa məcbur edilir. Bayram gunləri "AZAL"ın qiymətləri qaldırmasına görə Türk Hava Yolları da məcburən qiymətləri qaldırır. Novruz bayramı ərəfəsində Bakı-Istanbul-Bakı reysi 600 avro olur. Təxminən eyni məsafə olan Tbilisi-İstanbul-Tbilisi isə 200 avrodur. Bakıdan Kiyevə uçan reyslərdə qiymətlər 450-600 avro olur. Ukrayna Hava Yollarının eyni məsafədə olan digər ölkələrə uçuş qiyməti 200 avro civarındadır. Məsələn, təxminən eyni məsafə olan Kiyev-Tbilisi-Kiyev reysinin gediş, dönüş qiyməti 180-220 ABŞ dollarıdır. Bakı-Riqa-Bakı reysi 500 avrodan artıq olduğu halda Tbilisi-Riqa-Tbilisi reysinin gediş dönüş qiyməti 250 avrodur. Xaricə uçan reyslərin baha qiymətlərinə uydurma bəhanələr ola bilsin tapıla, bəs daxili uçuş qiymətlərinin baha olmasını necə izah edərlər? Məsələn, 1444 km məsafəsi olan İstanbul-Kars reysinin qiyməti 50 manatdır, iki dəfə qısa məsafəsi olan Bakı-Naxçıvan reysinin qiyməti də 50 manatdır. Hamıya da bəllidir ki, məhz bu reysə əlavə olaraq dövlətdən milyonlarla manat subsidiya ayrılır. Yay vaxtları vətəndaşlarının rahatlığı üçün Türk Hava Yolları ABŞ-ın müxtəlif şəhərlərinə 12 saatlıq uçuşu olan reyslərə 400-500 manat reyslər təşkil edir, C.Əsgərov isə yay vaxtları 2 saatlıq uçuşu olan Bakı-Antalya, Bakı-Bodrum reyslərinin qiymətini 1000 manata qaldırır. Bu öz vətəndaşına zülm etmək deyil, nədir?!

"AZAL" əməkdaşlarının sərnişinlərə göstərdikləri xidmət isə milyonlar hesabına tikilmiş gözəl binaların, infrastrukturanın effektini sıfıra endirir. Nəticədə alınan odur ki, Azərbaycan vətəndaşları Bakıdan Gürcüstana hava limanından digər ölkələrə uçmaq üçün gedirlər. C.Əsgərovun bu qanunsuzluqları tək vətəndaşlara zülm gətirmir, həm də ölkə iqtisadiyyatına ciddi ziyan vurur. Yüz milyonlarla pul qazanan "AZAL" QSC-nin dövlətə heç bir manat da vergi ödəməsini eşidən olmayıb. Bu barədə aparılan araşdırmalara isə heç bir cavab verilmir, hərçənd ki, dövlət müəssisəsinin dövlətdən aldığı pullar və dövlətə ödədiyi vergi barədə məlumat almaq hər bir vətəndaşın haqqıdır.

Mövzunu  davam  etdirəcəyik

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31