Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinin qarantıdır

Azərbaycanın həyata keçirdiyi uğurlu iqtisadi və sosial siyasət kursu ona bütün situasiyalardan, gözlənilməz vəziyyət və təhlükələrdən sığortalanmağa, mümkün riskləri aradan qaldırmağa imkan verir

Azərbaycanın həyata keçirdiyi uğurlu iqtisadi və sosial siyasət kursu ona bütün situasiyalardan, gözlənilməz vəziyyət və təhlükələrdən sığortalanmağa, mümkün riskləri aradan qaldırmağa imkan verir. Necə ki, bir neçə il əvvəl baş verən qlobal maliyyə böhranı və neft qiymətlərinin aşağı düşməsi fonunda Azərbaycan özünü ayaqda tuta bildi və bütün təhlükələri önlədi, eləcə də hazırda bütün dünyanı bürüyən koronavirus pandemiyası zamanında ölkəmiz qlobal miqyaslı fəlakət hesab edilən bu təhlükənin miqyasını nisbətən azalda, onun iqtisadiyyatımıza vurduğu zərəri  minimuma endirməyə nail olmağa çalışır. Hər halda pandemiya zamanında belə ölkədə bir sıra sosial layihələrin həyata keçirilməsi, büdcə gəlirlərinin virus səbəbindən işləməyən müəssisə, şirkətlər, müxtəlif istiqamətlərdəki xidmət sahələrinin fəaliyyətsizliyindən azalmasına baxmayaraq iqtisadiyyatımızın ayaqda durması fonunda bunu aydın görmək mümkündür. Bütün bunlarla yanaşı pandemiya səbəbindən işsiz qalmış vətəndaşlara mart ayından başlayaraq bir neçə dəfə birdəfəlik müavinətin verilməsi, sahibkarlara dəstək məqsədilə konpensasiya verilməsi deyilənlərin təsdiqidir. Bu arada ermənilərin öz ənələrinə sadiq qalaraq yenidən Azərbaycan ərazilərinə hücum etmək cəhdi və Tovuz rayonunun bir neçə kəndini atəşə tutmaları nəticəsində mülki əhaliyə və obyektlərə müəyyən miqdarda zərərin dəyməsi də pandemiya dövründə iqtisadiyyata bəlli bir zərərin dəyməsi demək idi. Ancaq bütün bunlara baxmayaraq Azərbaycan dövləti bu problemindən də öhdəsindən gəldi və qısa müddətdə ermənilərin Tovuza vurduğu maddi ziyanın aradan qaldırılmasına başlanıldı.

xxx

Düşmənin Tovuz təxribatı və ermənilərin vurduğu zərərin aradan qaldırılması istiqamətində atılan addımlara diqqət çəkən Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib ki, artıq bütün dünyaya bəlli olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Onun sözlərinə görə, ordumuzun operativ əks-tədbirləri nəticəsində düşmən geri otuzdurulmuş və böyük itkilər verərək erməni ordusu layiqli cavabını alıb: "Regionda böyük qüvvələrin maraqlarının toqquşması, habelə Ermənistan rəhbərliyinin öz xalqına nümayiş etdirdiyi xəyanət bölgədə sülhün və əminamanlığın bərqərar olunmasına mane olur. Azərbaycan Ali rəhbərliyi iki istiqamətdə (diplomatik və daxili) fəaliyyətini davam etdirməklə bir daha bölgədə sülhün qorunmasında, insan itkisinin olmamasında, işğal olunmuş ərazilərin qeyd-şərtsiz qaytarılmasında fədakar fəaliyyət həyata keçirir".

xxx

Deputat deyib ki, xüsusilə də COVİD-19 pandemiyasının vurduğu zərərlərin aradan qaldırılması, Azərbaycan vətəndaşının sağlamlığının qorunması, eləcə də təcavüz nəticəsində sərhəd bölgələrində rayon və kəndlərimizə dəymiş ziyanın tez, operativ bərpası diqqət mərkəzindədir: "Cənab Prezidentin 20 iyul 2020-ci il tarixli sərəncamı ilə İşçi Qrupunun formalaşması, dəymiş ziyanın qiymətləndirilməsinə dair rayon və kəndlərdə əhaliyə, infrastruktura dəymiş ziyanın dövlət tərəfindən kompensasiya olunması qərarlaşdırılmışdır. Xüsusilə də Tovuz rayonunun altı kəndində normal həyatı davam etdirmək üçün təxirəsalınmaz bərpa işlərinin görülməsi, əhalinin yaxından bir-birinə köməklik göstərməsi bir daha xalqımızın əzmkarlığını və vətənə olan sevgisini ifadə edir.n 25 avqust 2020-ci il tarixində Baş Nazirin sərəncamı ilə Nazirlər Kabineti tərəfindən dövlət ehtiyat fondundan 450 min manat vəsaitin əlavə olaraq mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün ayrılması bir daha hökumətin əhalinin həyat şəraitinin qorunmasında dayanqlılığını nümayiş etdirir. İstər canını fəda etmiş, şəhidlik zirvəsinə yüksəlmiş Silahlı Qüvvələrimizin əsgərləri, zabitləri, istərsə də öz ata-baba yurdunun sakinləri olan Azərbaycan vətəndaşlarının daima qorunmasında dövlət bütün imkanlarını səfərbər edərək ardıcıl işlər aparmaqdadır. Əminliklə bildirirəm ki, Azərbaycan xalqı xarici təsirlərə mətanətlə dözüm nümayiş etdirəcək və Cənab Prezidentin "Biz Birlikdə Güclüyük" devizini ölkəmizin mütəqilliyinin qorunması ilə sübut edəcəkdir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31