Yerevan təcavüzkar və terrorçu mahiyyətindən əl çəkmir

Anar Məmmədov: “Ermənistan hökuməti cəbhədə vəziyyəti gərginləşdirməklə ciddi səhvə yol verib”

Anar Məmmədov: "Ermənistan hökuməti cəbhədə vəziyyəti gərginləşdirməklə ciddi səhvə yol verib"

Ermənistanın Azərbaycana qarşı təxribat xarakterli hərəkətləri davam edir. Tovuz hadisələrindən sonra düşmənin Goranboy istiqamətində kəşfiyyat-diversiya hərəkətlərinıə yol verməsi və itki verərək geri çəkilməsi belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, ermənilərin Goranboy istiqamətində təxribata əl atmaları nəticəsində düşmənin kəşfiyyat-diversiya qrupunun rəhbəri, baş leytenant Qurgin Alberyan əsir götürülüb.

Ermənistan ənənəvi olaraq ilkin mərhələdə bu məlumatı təkzib etməyə çalışsa da, lakin sonradan ortada olan real faktlar onu təxribatı etiraf etmək məcburiyyətində qoydu. Əvvəlcə əsir götürülənin sıravi erməni vətəndaşı, sonradan yolu azan əsgər olduğu iddia edilsə də, indi artıq Alberyanın düşmən ölkə üçün mühüm hərbi fiqur olduğu üzə çıxır. Belə ki, erməni mətbuatında Alberyanın Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsi mümkünlüyü barədə yer alan yazılar da təsdiq edir ki, adıçəkilən şəxs həqiqətən də kəşfiyyat-diversiya qrupunun üzvüdür və ərazilərimizə müdaxilə edərkən ciddi şəkildə təlimatlandırılıb. Əks təqdirdə Ermənistanın müdafiə naziri David Tonoyan belə son hadisəyə ciddi reaksiya bildirməzdi.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Ermənistanın Azərbaycana qarşı hələ də təcavüzkar siyasəti davam edir və düşmən ölkə bu siyasəti həyata keçirmək üçün bu kimi təxribatlardan, hətta terror aktlarından belə istifadə etməyi düşünür. Düşmənin diversiya-kəşfiyyat qrupunun komandirinin üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi əşyalar aşkarlanıb ki, bu da Alberyanın əsas hədəfinin Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin kazarmaları və hərbçiləri olduğu qənaətini yaradır. Bir sözlə Yerevan özünün təcavüzkar və terroçu mahiyyətindən əl çəkmir.

Milli Məclisin deputatı Anar Məmmədov hesab edir ki, Ermənistan hökuməti cəbhədə vəziyyəti gərginləşdirməklə ciddi səhvə yol verib. Onun sözlərinə görə, Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir: "Bir neçə gün öncə cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətməyə cəhd göstərməsi bir daha işğalçı ölkənin nəinki danışıqlar aparmağa, tam əksinə, vəziyyəti yenidən gərginləşdirməyə çalışdığından xəbər verir.  Ötən ay cəbhənin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə etməklə hücüma keçən erməni silahlı qüvvələrinin BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəlikləri bir daha kobud şəkildə pozması rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti əyani sübutudur. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam etdirdiyi təcavüzü və hazırki mövqeyi bir daha təsdiqləyir ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərindədir. Bu mənada Ermənistan hökuməti cəbhədə vəziyyəti gərginləşdirməklə ciddi səhvə yol verib".

Deputat qeyd edib ki, Ermənistan onsuz da iqtisadi və siyasi baxımdan ağır vəziyyətdə idi, pandemiya dövründə müharibəyə başlayacağını nümayiş etdirməklə isə diplomatik durumunu daha da ağırlaşdırmış oldu: "Həs kəsə məlumdur ki, Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ölkədə ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız çətinliklər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Hazırda işğalçı dövlətdə vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyi də az ehtimal olunur. Paşinyan ölkə daxilində müxalifətin təzyiqləri ilə, xaricində isə Moskvanın sərt tələbləri ilə üzləşib. Daim pisləşən Ermənistan-Rusiya münasibətləri fonunda Baş Nazir artıq nə edəcəyini belə bilmir. Hakim komanda parçalanır, istefa dalğası bütün iqtidarı iflic etməkdədir". Anar Məmmədov onu da deyib ki,  Paşinyan hakimiyyətə gələn ərəfədə vəd etdiyi hər hansı islahatı və ya işi məntiqi sonluğa çatdıra bilmir: "Bu, onun bacarıqsızlığından, qeyri-peşəkarlığından xəbər verir. Görünür Ermənistan rəhbərliyi ölkədəki ağır sosial-iqtisadi durumdan diqqəti yayındırmaq üçün əvvəlcədən planlaşdırdığı çirkin oyunları təmas xəttində reallaşdırmaqdan çəkinmir. Amma şübhəsiz ki, onların bu addımı alınmır. Bir neçə gün öncə Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu Goranboy istiqamətində növbəti dəfə təxribata cəhd etməsi bunu bir daha sübut etdi. Belə ki, Azərbaycan Ordusunun ayıq-sayıqlığı və peşəkarlığı nəticəsində ermənilərin diversiya cəhdinin qarşısını alındı və qrupun komandiri Qurgin Alberyan əsir götürüldü. Bununla da Ermənistan tərəfi, eyni zamanda, ona himayədarlıq edənlər birdəfəlik dərk etməlidir ki, Güclü Azərbaycan Ordusu düşmənin hər bir təxribatının qarşısını almağa hazırdır".

Süleyman  İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31