Prezidentin məmurlara verdiyi tövsiyələr və etdiyi xəbərdarlıqlardan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin hər zaman diqqət yetirdiyi məsələlərdən biri də vətəndaş-məmur münasibətlərinin durumu, etimad göstərdiyi, təyin etdiyi səlahiyyət sahiblərinin vətəndaşlarla necə və hansı formada işləməsi olub.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin hər zaman diqqət yetirdiyi məsələlərdən biri də vətəndaş-məmur münasibətlərinin durumu, etimad göstərdiyi, təyin etdiyi səlahiyyət sahiblərinin vətəndaşlarla necə və hansı formada işləməsi olub. Respublikaya rəhbərlik etdiyi ilk gündən bu vacib məqama diqqət çəkən dövlət başçısı müntəzəm olaraq onlara xəbərdarlıqlarını edib, istər mərkəzi, istərsə də yerli icra hakimiyyəti rəhbərlərinə xalqla yaxından işləməyi, vətəndaşların üzləşdiyi problemlərin həlli istiqamətində addımlar atmağı tövsiyə edib. Zaman-zaman dövlət başçısının tapşırıq və tövsiyələrinə əməl edib xalqa sədaqətlə, göstərilən etimada uyğun xidmət edən məmurlar da olub, vəzifəsindən sui-istifadə edib dövlətlə, dövlət başçısı ilə xalq arasında uçurum yaratmağa çalışan mərkəzi və yerli icra hakimiyyəti başçıları da. Onu da qeyd etmək lazımdır ki, belə şəxslər, məmurlar tutduqları yola çox davam gətirə bilməyiblər. Onlar bir müddət sonra haqlı olaraq cəzalandırılıb, vəifədən uzaqlaşdırılıblar. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də bir sıra məmurlar arasında bu cür mənfi tendesniyaya yol verənlər var və bu səbəbdən dövlət başçısı davamlı olaraq onlara öz xəbərdarlıqlarını edir. Bu mənada prezidentin ötən gün Saatlı və Biləsuvar rayonlarına yeni təyin etdiyi icra hakimiyyəti başçıları ilə keçirdiyi videoqəbulda səsləndirdiyi fikirlər dövlət başçısının etimadını doöğrultmayan məmurlara ünvanlanmış mesaj sayıla bilər.

Prezident İlham Əliyev qəbul zamanı bildirib ki, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsus imtiyaz verilib: "Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar cəzalandırılır - ya inzibati qaydada, ya da ki cinayət məsuliyyətinə cəlb edilir. Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır  - bir. İkincisi rəhbərin mənəvi haqqı olmalıdır ki, insanlardan, öz tabeçiliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiz deyin, nə istəyirsiz edin, sizə nə hörmət olacaq, nə də ki rəğbət olacaq. Ona görə siz məişətdə də nümunə olmalısınız, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız".

Milli Məclisin deputatı Sədaqət Vəliyeva hesab edir ki, Prezidentin məmurlara verdiyi tövsiyələr və etdiyi xəbərdarlıqlardan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır. Onun sözlərinə görə, Cənab İlham Əliyev ötən 17 il ərzində verdiyi bütün vədləri yerinə yetirməklə yanaşı, atdığı addımlarında hər bir azərbaycanlının Prezidenti olduğunu isbatladı: "Məhz bu gün də Prezident İlham Əliyev fəaliyyəti ilə xalqa xidmətin nümunəsini təqdim edir. Prezident İlham Əliyev əməlləri ilə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi və ölkənin inkişafı üçün siyasi-mənəvi keyfiyyətləri də məmurlara aşılayır. Bir dövlət rəhbərinin ad gününü qaçqın və məcburi köçkün vətəndaşları ilə birgə qeyd etməsi, bayram və matəm günlərində də xalqla bərabər olması onun xalqına olan münasibətinin səmimiliyindən irəli gəlir. Bu baxımdan da Prezident İlham Əliyev atdığı addımlar və gördüyü işlərlə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi və ölkənin inkişafı üçün siyasi-mənəvi keyfiyyətləri də məmurlara aşılayır".

Deputat deyib ki, dövlət başçısı İlham Əliyevin ötən gün Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən məmurlara verdiyi tövsiyələr və etdiyi xəbərdarlıqlardan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır: "Prezident İlham Əliyev özünü xalqın birinci xidmətçisi adlandırmaqla məmurlara bir daha xəbərdarlıq edir ki, onlar yüksək etimadı doğrultmalı, xalqla bir yerdə olmalı, onların qayğıları ilə yaşamalı, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Düşünün ki, Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir. Bu sərvətin qorunub saxlanılması hər bir azərbaycanlının mənəvi, məmurların isə həm də vəzifə borcudur. Çünki, məmurlar dövlətin həyata keçirdiyi siyasətin yerlərdəki icraçılarıdır. Bu mənada, vəzifəli şəxslər xalqın qayğıları ilə maraqlanmalı, onların qarşılaşdıqları problemlərin həll edilməsinə maksimum dərəcədə köməklik göstərməlidir. Hər bir ölkənin inkişaf səviyyəsinin əsas göstəricilərindən birini də vətəndaş-məmur münasibətlərinin və xalqa xidmətin səviyyəsi təşkil edir. Artıq Prezident İlham Əliyev bu münasibətlərdə nümunə təqdim edir. Məmurlar da dövlət başçısından nümunə götürməli və göstərilən etimadı doğrultmalıdır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31