Sahibkarlara rayonlarda münasibətin dəyişməsi barədə Prezidentin qoyduğu tələb xüsusi əhəmiyyətlidir – Aydın Quliyev
“Yeni təyinat verilmiş iki rayonun timsalında bir daha yəqin etdik ki , əgər prezidentin tövsiyə və tələbləri vicdanla icra olunsa, bütün rayonlarda vəziyyət kardinal şəkildə yaxşı iatiqamətdə dəyişər. Prezident yeni icra başçılarına rayonda görəcəkləri ən ümdə işlərlə bağlı əslində geniş bir yol xəritəsi verdi.” Bu fikirləri Olaylar.az –a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.
25 Avqust 2020 11:12 Siyasət"Yeni təyinat verilmiş iki rayonun timsalında bir daha yəqin etdik ki , əgər prezidentin tövsiyə və tələbləri vicdanla icra olunsa, bütün rayonlarda vəziyyət kardinal şəkildə yaxşı iatiqamətdə dəyişər. Prezident yeni icra başçılarına rayonda görəcəkləri ən ümdə işlərlə bağlı əslində geniş bir yol xəritəsi verdi."
Bu fikirləri Olaylar.az -a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.
Siyasi ekspert qeyd edir ki, çox maraqlı mesajların verildiyini gördük: "Prezident əsil başçı və rayon rəhbəri necə olmalıdır sualının dəqiq və əhatəli təsvirini verdi. Əgər hansısa başçı bundan sonra da rüşvətxorluq, qohumbazlıq, talançılıq, yekəxanalıq və eqoistlik edəcəksə, deməli o Prezidentin çağırışlarını qulaqardına vurur, bu halda həmin başçı qanunun istənilən sərt üzü ilə cəzanı haqq etmiş olacaq.
Sahibkarlara rayonlarda münasibətin dəyişməsi barədə Prezidentin qoyduğu tələb xüsusi əhəmiyyətlidir. Çünki rayon rəhbərləri səviyyəsində sahibkarlara edilən təzyiq və qanunsuz tələblər hələ aradan qaldırılmayıb. Prezident sahibkarların xaricdə yox, məhz ölkəmizin rayonlarında yatırım etməsini zəruri saymaqla, xaricə axıdılmış kapitalımızın ölkəyə qaytarılması yolunda demək olar ki, ilk rəsmi addımı atdı. Həm də yaxşı haldır ki, Prezident bunu inzibati- məcburiyyət metodu ilə yox, vətənpərvər çağırış formasında etmək niyyətini ortaya qoydu. Xaricdə milyonlar yatırmış sahibkarlarımız Prezidentin çağırışına əməl etməlidirlər."
Aydın Quliyev vurğulayır ki, sahibkarlar bu gün ölkəmizin içində milli kapitala nə qədər ehtiyac olduğunun fərqinə varacaqlar: "Əks halda ölkədən "qaçmış" kapitalı qaytarmaq üçün hətta məcburiyyət üsullarına da əl atmağın zəruriliyinə əsaslar yaranacaq. Bu pandemiya dövrünün ölkələrə qəbul etdirdiyi imperativdir. Bütün dünya ölkələrinin vətəndaşları bu aylarda əsasən öz ölkələrinə yığışdığı kimi ölkələrdən qaçmış milli kapitalların da ölkələrə qayıdışı indi vacib olub.
Sahibkarların mənəvi məsuliyyətə bir daha qətiyətlə dəvət edilməsi sahibkarların milli məfkurədə tərbiyə edilməsi naminə Prezidentin mühüm addımlarından biri kimi dəyərləndirilməlidir. Prezident əslində sahibkarlara yerli hökumətlərin, sahibkarların özlərinin isə cəmiyyətə və insanlara münasibətinin necə olması barədə konsepsiya təqdim etdi.Prezident bir daha hər kəsə bildirdi ki, kabinetdə mürgüləyən yox, bütün rayonu gəzib dolaşaraq hər yerdə problem və onun həlli yollarını axtaran işgüzar başçılar istəyir. "Hər bir insana qayğı göstərməlisiniz" sözləri eyni dərəcədə həm başçılara, həm də imkanlı sahibkarlara aid tələbdir."
Sonda siyasi ekspert qeyd edir ki, prezidentin tələb və tövsiyələri hər bir rayon rəhbərinə mühüm işgüzar və mənəvi davranış keyfiyyətləri aşılamaq gücündədir.