Ermənistan Tovuz uğursuzluğunun əvəzini çıxmağa çalışır

Ermənistanın istər dövlət sərhədi boyunca, istərsə də Qarabağ cəbhəsində təxribatları davam edir. Hər dəfə həyata keçirdiyi təxribatlara rəğmən ciddi itki verərək geri çəkilən və rüsvayçı duruma düşən Ermənistan yenidən Goranboy istiqamətində diversiya-kəşfiyyat hərəkətlərinə yol verib.

Ermənistanın istər dövlət sərhədi boyunca, istərsə də Qarabağ cəbhəsində təxribatları davam edir. Hər dəfə həyata keçirdiyi təxribatlara rəğmən ciddi itki verərək geri çəkilən və rüsvayçı duruma düşən Ermənistan yenidən Goranboy istiqamətində diversiya-kəşfiyyat hərəkətlərinə yol verib. Hər zaman olduğu kimi bu dəfə də düşmən itki verərək geri çəkilib. Hətta  düşmənin kəşfiyyat -diversiya qurupunun komandiri Qurqen Alaverdiyan Azərbaycan hərbiçiləri tərəfindən ələ keçirilib. Eyni zamanda Qurqen Alaverdiyanın rəhbərlik etdiyi diversiya-kəşfiyyat qrupunun bir qrup üzvü sözügedən cəhd zamanı Azərbaycan hərbiçiləri tərəfindən öldürülüb.

Ermənistanın bir-birinin ardınca davam edən təxribat hərəkətlərinə diqqət çəkən ekspertlər hesab edirlər ki, burada əsas məqsədlərdən biri Tovuz uğursuzluğunun əvəzini çıxmaqdır. Elə Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli də bu qənaətdədir. O, "OLAYLAR"-a verdiyi açıqlamada qeyd edib ki, Ermənistan rəhbərliyi, işğalçı ölkənin hərbui rəhbırliyi Aprel döyüşləri kimi, Tovuz uğursuzluğunu da heç cür həzm edə bilmir: "Tovuzda dövlət sərhədimizi pozmağa cəhd edərkən üzləşdiyi çoxsaylı itkinin hələ də acısını yaşayan Ermənistan zaman-zaman bu kimi təxribatlar törətməklə Azərbaycan Ordusuna zərbə vurmaq, onu itkilərlə üzləşdirmək niyyətində olacaq. Ancaq düşmən unudur ki, Azərbaycan Silahlı Qüvvələri istənilən təhdid və təhlükəni dəf etmək gücündədir".

MVP rəsmisi onu da deyib ki, Ermənistan silahlı qüvvələri diversiya-kəşfiyyat qrupunun bu dəfəki cəhdi eyni zamanda Yerevanın hələ də təcavüz, işğalçılığa meyilli olduğunu ortaya qoyur: "Göründüyü kimi Ermənistan heç bir halda Dağlıq Qarabağ probleminin həllində maraqlı deyil. O, hər fürsətdə istər dövlət sərhədi, istərsə də Qarabağ cəbhəsində təxribatlara əl atır, ərazilərimizə, mövqelərimizə hücum etməyə çalışır. Hesab edirəm ki, Ermənistanın bu əməllərinə dünya birliyi, beynəlxalq aləm kəskin reaksiya bildirməli, Yerevandan təcavüzkar siyasəti dayandırmağı tələb etməlidir. Ancaq təəssüflər olsun ki, indiki halda biz dünya birliyindən belə bir ədalətli mövqe görə bilmirik".

Süleyman İsmayılbəyli düşmənin kəşfiyyat-diversiya qrupunun ərazilərimizə soxulmaq cəhdini Ermənistanın ölkəmizə qarşı növbəti terroruna cəhd kimi də xarakterizə edib: "Əgər xatirinizdədirsə bir müddət əvvəl Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimin rəhbəri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin vurulmasının mümkünlüyü barədə sərsəmləmişdi. İndiki halda düşmənin kəşfiyyat-diversiya qruplarının Gəncə şəhərinə yaxın məsafədə yerləşən Goranboyda peyda olmasına məncə diqqət etmək lazımdır. Hələlik düşmənin kəşfiyyat-diversiya qrupunun komandirinin üzərindən  nələrin aşkar edildiyi barədə bir məlumat verilmir. Ola bilsin ki, onun üzərində yaxınlıqda yerləşən hər hansı strateji obyektlərin partladılması ilə bağlı təlimatlar, sxem olub. Yaxud qrup Azərbaycan əsgərləri tərəfindən məhv edilən zaman onlardan biri kəşfiyyat materiallarını aradan çıxara bilib. Ona görə də hesab edirəm ki, indiki məqamda kifayət qədər həssas olmalıyıq".

MVP rəsmisi onu da diqqət çatdırıb ki, erməni tərəfi hər zaman olduğu kimi bu dəfə də Goranboy istiqamətində hər hansı təxribat cəhdinin olmadığını, kəşfiyyat-diversiya qrupunun Azərbaycan ərazilərinə soxulmağa cəhd göstərmədiyini iddia edir: "Guya Alaverdiyan yolu azaraq Azərbaycan tərəfinə keçən sıravi erməni əsgəridir. Halbuki bütün bunlar kökündən yalandır və Ermənistan tərəfi diversiya qrupunun ərazilərimizə müdaxilə cəhdi zamanı üzləşdiyi əsgər itkilərini ört-basdır etmək üçün belə bir yalan uydurub".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31