“Böyük məğlubiyyət düşmənin qapısını döymək üzrədir” - Bəhruz Quliyev
“İşğalçı Ermənistanın təxribatçılıq cəhdlərinin qarşısı daim Azərbaycanın şanlı Silahlı Qüvvələri tərəfindən alınıb və bundan sonra da qətiyyətlə alınacaq”. Bu fikirləri Olaylar.az-a “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Goranboy rayonu ərazisində erməni diversiya-kəşfiyyat qrupunun zərərsizləşdirilməsi, eləcə də, qrupun komandirinin əsir götürülməsi faktını şərh edərkən deyib.
24 Avqust 2020 16:00 Siyasət"İşğalçı Ermənistanın təxribatçılıq cəhdlərinin qarşısı daim Azərbaycanın şanlı Silahlı Qüvvələri tərəfindən alınıb və bundan sonra da qətiyyətlə alınacaq". Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Goranboy rayonu ərazisində erməni diversiya-kəşfiyyat qrupunun zərərsizləşdirilməsi, eləcə də, qrupun komandirinin əsir götürülməsi faktını şərh edərkən deyib.
Onun sözlərinə görə, ümumiyyətlə Ermənistanın hərbi-siyasi rəhbərliyi ölkələri daxilindəki uğursuzluqlarını, xalqın artan narazılığını gizlətmək üçün bu cür mənfur addımlara gedirlər, lakin göründüyü kimi, məğlub olurlar: "Ermənistanda kimlərin hakimiyyətdə olmalarına baxmayaraq, həmin ölkənin işğalçılıq siyasəti iqtisadiyyatına, əhalinin sosial vəziyyətinə köklü zərbələr vurmaqdadır. Əlbəttə ki, xalq narazıdır və hakimiyyət zaman-zaman bu cür kirli addımlara gedərək, özünü sudan quru çıxarmağa cəhdlər göstərir. Biz belə halı 2016-cı ilin aprelində Qarabağda, 2017-ci ilin yayında Naxçıvanın Günnüt kəndində müşahidə etdik və şahidi olduq ki, Azərbaycan Ordusu daim ayıq-sayıqdır və düşmənin təxribatlarının qarşısını əzmlə almaqla yanaşı, həm də ona sarsıdıcı zərbələr endirir, üzərində qələbə qazanır".
"Məhz Goranboyda düşmənin diversiya-kəşfiyyat qrupunun aşkar olunaraq zərərsizləşdirilməsi, üstəlik qrupun komandirinin əsir götürülməsi bu qələbələrin, xüsusilə də Tovuzdakı zəfərin davamıdır", deyən "SƏS" qəzetinin baş redaktoru hesab edir ki, artıq bu reallıqlar bütövlükdə Ermənistan hakimiyyətinin xalq qarşısındakı "qalib" stereotiplərini kökündən məhv edib: "Artıq beynəlxalq aləm, ayrı-ayrı nüfuzlu siyasi dairələr də həmin gerçəkliyi dərindən dərk edirlər, Azərbaycanın haqlı səsinə dəstək göstərirlər. Əlbəttə, düşmən bundan daha da aqressivləşir, qıcıqlanır, amma göründüyü kimi, onların bütün cəhdləri əbəsdir və məğlub vəziyyətlərini daha çox açığa çıxarır".
"O cümlədən, Ermənistan KİV-ləri, xüsusilə hakimiyyətə yaxınlığı ilə seçilən mətbuatlar son vaxtlar əsgər ölümləri ilə bağlı müxtəlif informasiyalar yayırlar və əslində özlərini ifşa edirlər", deyən siyasi ekspert sonda bildirib ki, həmin əsgər ölümlərinin əsas tərəfi məhz cəbhə xətlərində, düşmənlə təmas zolaqlarında diversiya-kəşfiyyat qruplarının zərərsizləşdirilmələri ilə bağlıdır: "İşğalçı hakimiyyət bunu xalqdan gizlədir. Amma buna baxmayaraq, ermənilərin sosial şəbəkə seqmentləri, həmçinin müxtəlif bloqlar vasitəsi ilə həqiqətləri yayanlar gerçəkləri yazırlar. Bununla da sübut olunur ki, erməni hərbi-siyasi dairələri davamlı olaraq diversiya qruplarını işə salırlar və Azərbaycanın ayıq-sayıq Silahı Qüvvələri bu qrupları məhv edir. Düşmən bilməlidir ki, artıq onların saatlarının sonu çatıb və böyük məğlubiyyət onların qapılarını döymək üzrədir".