Ermənistan ənənəvi təxribat metodundan əl çəkmək niyyətində deyil

İşğalçı dövlət olan Ermənistan ənənvi təxribat metodundan əl çəkmək niyyətində deyil.

İşğalçı dövlət olan Ermənistan ənənvi təxribat metodundan əl çəkmək niyyətində deyil. Son aylar ərzində erməni silahlı qüvvələrinin atdıqları addımlar, törətdikləri təxribatlar bu fikri bir daha təsdiq etmiş olur. Sirr deyil ki, əslində Ermənistan hakimiyyətinin məqsədi cəbhədə vəziyyəti gərginləşdirmək və bununla daxildə, o cümlədən beynəlxalq aləmdə hansısa dvident əldə etməkdir. Məhz bu məqsədlə Ermənistan təxribat və terror vasitələrinin dövlət siyasətinə çevirib. Elə bu səbədən də Azərbaycan-Ermənistan dövlət sərhədi boyunca təxribat xarakterli addımları davam etməkdədir. Xüsusən, Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları mütəmadi baş verməkdədir. Xatırladaq ki, bir müddət öncə sərhəd döyüş məntəqələrimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz Ermənistan Respublikasının Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən günün müxtəlif vaxtlarında dəfələrlə intensiv atəşə tutulub. Buna baxmayaraq, bütün hallarda düşmən təxribatlarının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Elə "İyul ayının 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində sərhəd xəttində ən təxribat törədilib. Təxribatın Dağlıq Qarabağ bölgəsinə aid olmayan ərazidə baş verməsi onun çirkin mahiyyətindən, erməni tərəfinin təmas xəttində süni gərginlik yaratmaq niyyətindən xəbər verir. Öz ölkəsinin daxilində bütün dayaqlarını itirən Ermənistanın diktatura rejiminin cəbhədə təxribatlar yaratmaqla xalqın qəzəbindən yayınmağa çalışması yeni taktika deyil. Azərbaycanın Silahlı Qüvvələri, qəhrəman əsgərlərimiz səbəblərindən asılı olmayaraq cəbhə xəttində erməni tərəfinin törətdiyi hər bir təxribata həmişə layiqincə cavab verib, ağır zərbələrlə düşməni yerində oturdub. İyul ayının 12-də Tovuz istiqamətində sərhəd xəttində qısamüddətli döyüşlər bunun daha bir əyani nümunəsi oldu. Düşmən tərəfi yenə də ciddi itkilər verərək geri oturduldu, törətdiyi təxribatlara görə layiqli cəzasını aldı. Tovuz istiqamətində erməni təxribatı üzündən baş verən döyüşlər Azərbaycan Ordusunun döyüş qüdrətinin, mənəvi, psixoloji üstünlüyünün, əsgər və zabitlərimizin qəhrəmanlığının, döyüş şücaətinin yeni nümunəsi sayıla bilər. Bu hadisələr bir daha göstərdi ki, Azərbaycan ordusu səngərdə daim ayıq-sayıqdır və düşmən təxribatının qarşısını almağa qadirdir.

Rəşadətli Azərbaycan ordusunun əks reaksiyasından dərs almayan Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində yenidən təxribat törətməyə cəhd göstərib. Lakin, cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan əsir götürülüb.

Qətiyyələ demək olar ki, bu hadisə  növbəti diversiya, sabotaj və terror cəhdidir, cari ilin iyulunda Azərbaycan-Ermənisan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Ermənistanın həyata keçirdiyi təxribatın davamıdır. Lakin bütün cəhdlərə baxmayaraq, Azərbaycan ordusu dövlət sərhədlərimizin müdafisəində möhkəm dayanıb. Azərbaycan Silahlı Qüvvələri ayıq-sayıqlığını, peşəkarlığını növbəti dəfə nümayiş etdirərək diversiya cəhdinin qarşısını alması və  qrupun komandiri əsir götürməsi buna bir daha sübutdur. O da faktdır ki, Silahlı Qüvvələrimiz buunla kifayətlənməyərək erməni diversiya qrupunu darmadağın ediblər. Qeyd edək ki, Ermənistan tərəfindən yaralananlar və ölənlərin olduğu barədə məlumatlar var. Lakin, bütün sahələrdə olduğu kimi Ermənistan mediasında əskər ölümləri barədə verilən məlumatlar məsələnin mahiyyətini gizlətmık cəhdidir.

Hərbi ekspertlərin qənaətinə görə, erməni diversiya qrupunun komandirinin əsir götürülməsi Tovuz hadisələri zamanı olduğu kimi Azərbaycan Ordusunun növbəti uğurudur. Nə qədər ki, Ermənistan təxribat və terror metodlarından əl çəkməyəcək, Azərbaycan ordusu tərəfindən ciddi itkiyə məruz qalacaq. Lakin görüntü ondan ibarətdir ki, ermənilər ənənvi təxribat metodlarından əl çəkmək niyyətindən uzaqdırlar. Təsadüfi deyil ki, Prezident İlham Əliyev qeyd edib ki, bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür: "Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki, bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki, mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin". Deməli, Ermənistan hakimiyyətinin təxribat və terror cəhdləri əbəsdir və istənilən zaman Azərbaycan Ordusu tərəfindən qarşısı alınacaq.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31