“Qarabağ məsələsi vicdanı olan hər bir azərbaycanlının dərdidir”
Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin siyasi elmlər və beynəlxalq əlaqələr fakültəsinin dekanı, professor Toğrul İsmayıl hesab edir ki, Azərbaycanın Tovuz rayonuna Ermənistanın hücumu bir daha bu ölkənin məkrli siyasətini ortaya qoydu
21 Avqust 2020 15:40 SiyasətTürkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin siyasi elmlər və beynəlxalq əlaqələr fakültəsinin dekanı, professor Toğrul İsmayıl hesab edir ki, Azərbaycanın Tovuz rayonuna Ermənistanın hücumu bir daha bu ölkənin məkrli siyasətini ortaya qoydu: "Belə təxribatçı hücum əslində Ermənistan tərəfinin bölgədə sülh, əməkdaşlıq və əmin-amanlıq yerinə vəziyyəti gərginləşdirmək, yeni müharibə məkanları yaratmaq və ən önəmlisi isə öz işğalçı niyyətlərindən vaz keçmədiyini ortaya qoydu. Tovuz rayonu Dağlıq Qarabağdan 100 kilkometrlərlə uzaqda yerləşir və birbaşa sərhəddi yoxdur. Əgər beynəlxalq ictimaiyyətin fikrini Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə yönləndirməyə çalışırsa, açıq şəkildə demək lazımdır ki, çox uğursuz addımdır. Düşmənin niyyəti baş tutmadı, çünki Azərbaycan daha hazırlıqlı, daha mütəşəkkil hərbi texnikaya və digər imkanlara sahibdir. Diqqət edirsinizsə Azərbaycan sadəcə bu nöqtədə hadisələri sakitləşdirməyə çalışdı, yəni bəhanə edib Dağlıq Qarabağ ərazisində geniş hücuma keçmədi. Bu da Azərbaycanın məsələnin sülh yolu ilə həllinə çalışmasının sübutudur.
Harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycan torpaqlarının azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini beynəlxalq ictimaiyyətdən və ya beynəlxalq hüquq tərəfdarlarından tələb edirik. Əgər biz bölgədə sülh və sabitlik istəyiriksə, Qarabağ məsələsi təcili şəkildə həlli vacib şərtlərdən biridir. Bu da təbii ki, Azərabycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Qarabağ məsələsi ümummillli məsələdir, Qarabağ məsələsi Azərbaycan xalqının ortaq problemidir. Qarabağ məsələsində iqtidar-müxalifət yoxdur. Qarabağ məsələsində əslində Vətəndən uzaqda, yaxında yaşamaq məsələsi yoxdur. Qarabağ məsələsi vicdanı olan hər bir azərbaycanlının dərdidir, problemidir və bir an öncə həll olunması üçün əlindən gələni etməlidir. Son hadisələr də göstərdi ki, artıq Azərbaycan xalqı məsələnin həllini istəyir. İstər Türkiyədə olsun, istər Rusiyada, Amerika, Avropanın hər hansı bir ölkəsində olsun azərbaycanlılar dinc etiraz səslərini yüksəltdilər. Təbii ki, ermənilərin təxribatçı əməlləri bu ölkələrdə də sürdü. Bunu gördük. Amma bir daha təkrar edirik məsələnin sülh yolu ilə həlli bizim tələbimizdir. Əks halda inanırıq ki, Azərbaycan dövlətinin bu torpaqları hər vasitə ilə azad etmək, təmizləmək haqqı və imkanı vardır".